Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan əlaçı və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbəyə “Adlı təqaüd” verilib.
TƏHSİL.BİZ xəbər verir ki, bu münasibətlə Bakı Ali Neft Məktəbində keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, millət vəkilləri, bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Əvvəlcə Azarbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tədbirə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2011-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə təsis olunan ali təhsil ocağı Prezident təqaüdçülərinin sayına, yüksəkixtisaslı kadr hazılığına görə ön sıralardadır: “Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik”prinsipinin bariz təzahürü olan Bakı Ali Neft Məktəbi tələbələrə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatını da diqqətdə saxlayır”.
Konfederasiya sədri ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb. Prezident İlham Əliyev tərəfindən gənclərin vətənpərvərlik ruhunda böyüməsi, onlaran elmi, yaradıcılıq potensialının üzə çıxarılması, yüksəkixtisaslı kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib.
Çıxışında Heydər Əliyev Fondunun ölkə gəncliyinin inkişafındakı xidmətlərini vurğulayan Sahib Məmmədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə və idman sahələrində həyata keçirilən uğurlu layihələri də diqqətə çatdırıb. Qeyd olunub ki, AHİK və ATİAHİ Respublika Komitəsi son dövrlərdə dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və potensiallarının inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir.
Belə layihələrdən biri olan “Adlı təqaüd” tələbə gənclərin elmə və təhsilə marağının artmasına, eləcə də şəxsi inkişafına əhəmiyyətli töhfə verir.
Sədr çıxışının sonunda təqaüd alan tələbələri təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, bu gün Azərbaycanın inkişaf edən təhsil sistemi məhz Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasətin məntiqi davamıdır. Onun sözlərinə görə, Ulu Öndərin əsas hədəflərindən biri də bilikli, savadlı, milli ruhda tərbiyə olunmuş gənclər yetişdirmək idi. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətədavamlı biliyə, müasir dünyagörüşünə və yüksək həyat bacarıqlarına malik bir nəsil kimi formalaşır.
Firudin Qurbanov çıxışında vurğulayıb ki, bu gün ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan gənclər elmi biliklərə yiyələnməklə yanaşı, həm də bir şəxsiyyət olaraq formalaşır.Nazir müavini bügünkü tədbirin əhəmiyyətinə də toxunub: “Bu gün burada iştirak edən tələbələr həm təhsildəki nailiyyətləri, həm də ictimai fəallıqları ilə fərqlənirlər. Onlar gələcəyin liderləri, cəmiyyətin aparıcı qüvvələri olacaqlar”, – deyə nazir müavini bildirib.
Firudin Qurbanov qeyd edib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tələbələrə təqdim etdiyi “Adlı təqaüd” gənclərin təhsilə olan marağını artırmaqla yanaşı, onların ictimai həyatda fəallığını da stimullaşdırır:
“Təhsilə göstərilən diqqət və qayğı Azərbaycanın gələcəyinə qoyulan ən dəyərli sərmayədir. Bu gün ali təhsil müəssisələrimizdə olduqca istedadlı, yüksək biliyə malik təhsildə yüksək nailiyyətləri olan gənclər təhsil alırlar. Onlar nəzəri biliklərlə yanaşı praktik bacarıqları ilə də seçilirlər”.
Nazir müavini tədbirin Bakı Ali Neft Məktəbində keçirilməsinin də təsadüfi olmadığını deyərək bu ali təhsil müəssisəsinin müxtəlif ixtisaslar üzrə dünya standartlarına uyğun kadrlar hazırlayan aparıcı mərkəzlərdən biri kimi dəyərləndirib. Firudin Qurbanov Dövlət Məşğulluq Agentliyinin ali məktəblərin məzunlarının işlə təminatına dair açıqlamasını diqqətə çatdırıb. Qeyd olunub ki, BANM məzunları əmək bazarında liderdir. İşəgötürənlər bu ali təhsil müəssisəsini bitirən gəncləri işlə təmin etməkdə özləri maraqlıdır. Bakı Ali Neft Məktəbinin məzunları bu gün əmək bazarında böyük tələbatla qarşılanır”.
Nazir müavini daha sonra qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın gəncləri əsl qəhrəmanlıq nümunəsi göstəriblər. Təhsil aldıqları sahədən, ixtisaslarından asılı olmayaraq, minlərlə gənc silaha sarılıb, torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olduqlarını sübut edib. “Bu Vətənpərvərlik ruhu, bu igidlik Azərbaycan gəncliyinin kimliyini, dəyərini və gücünü bir daha bütün dünyaya nümayiş etdirdi”, – deyə o qeyd edib.
Çıxışının sonunda tələbələrə ən xoş arzularını çatdıran Firudin Qurbanov bugünkü gəncliyin Azərbaycanın gələcək inkişafına böyük töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov Azərbaycan gəncliyinin inkişafından və onların cəmiyyətin hərtərəfli həyatında fəal iştirakından danışaraq bugünkü uğurların kökündə güclü təhsil, sağlam gənclik və dövlətin bu sahəyə göstərdiyi diqqətin dayandığını qeyd edib. Bildirib ki, müasir Azərbaycan gənci yalnız elm və təhsildə deyil, həm də ictimai-siyasi fəallıqda, könüllülük hərəkatında, vətənpərvərlik nümunəsində də ön sıralardadır.
Anar İsgəndərov həmçinin tələbələrin inkişafında həmkarlar ittifaqlarının mühüm roluna toxunub. Komitə sədri söyləyib ki, tələbə həmkarlar ittifaqları tələbələrin ictimai təşəbbüslərinin dəstəklənməsi, onların liderlik və təşkilatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından da önəmli platformadır: “Bu gün burada “Adlı təqaüdə” layiq tələbələr bir daha sübut edirlər ki, savadla yanaşı, sosial aktivlik də gənclərin formalaşmasında mühüm rol oynayır”.
Daha sonra söz alan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirə ev sahibliyi etmələrindən məmnunluq duyduğunu deyib. O söyləyib ki, Bakı Ali Neft Məktəbi savadlı, intellektual və vətənpərvər gənclərin yetişməsi üçün əlverişli təhsil və inkişaf mühiti yaradıb. Rektor tələbə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə xüsusi toxunaraq bu birliyin gənclərin lider kimi formalaşmasında, cəmiyyətdə fəal mövqe tutmasında mühüm rol oynadığını diqqətə çatdırıb:
“Məhz bu təşkilatların fəaliyyəti nəticəsində tələbələr özlərini yalnız auditoriyada deyil, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyan şəxslər kimi hiss edirlər”, – deyə rektor qeyd edib.
Sonra Bakı Ali Neft Məktəbinin Şimali Kipr Türk Cümhuriyyətində keçirilən "Texnofest 2025"də iştirak edən komandası tərəfindən Elm və təhsil nazirinin müavini Firudin Qurbanova və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova ali təhsil müəssisəsinin Fəxri qonaq diplomu təqdim olunub.
Tələbələr adından Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Nəzrin Əliyeva çıxış edərək bu təqaüdün gənclərə verilən sadəcə maddi dəstək deyil, eyni zamanda mənəvi stimul, onlara olan böyük inamın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, tələbə həmkarlar təşkilatları tələbələrin hüquqlarını müdafiə etməklə yanaşı, onların sosial-mədəni həyatda fəal iştirakına imkan yaradır, liderlik bacarıqlarını inkişaf etdirir.
Sonda ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan əlaçı və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 308 tələbəyə “Adlı təqaüd” təqdim olunub.
Qeyd edək ki, ATİAHİ Respublika Komitəsinin “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir.
Əvvəlki illərdə hər semestrdə 65 tələbəyə təqdim olunurdusa, artıq 2024-2025-ci tədris ilində bu rəqəm əvvəlcə 100, daha sonra isə 308 tələbəyə çatdırılıb. İndiyə qədər 3179 tələbə bu təqaüdə layiq görülüb.