Logo

NDU ilə AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

20.05.2025 08:26 71 baxış
IMG

Mayın 19-da Naxçıvan Dövlət Universiteti (NDU)  və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında görüş olub.  

NDU-num Media və ictimaiyyətlə əlaqələr şöbəsindən  TƏHSİL.BİZ-ə verilən məlumata görə, görüşdə Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndələri iştirak edib. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev birgə əlaqələrin qurulmasında, ümumilikdə əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı tərəf kimi gözləntilərinin yüksək olmasına, dövlət-universitet  əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev görüşdən məmnunluq ifadə edib, birgə əməkdaşlıqların rəqabətədavamlı kadrların hazırlanmasına və  bir sıra yeniliklərə əsas olacağını vurğulayıb. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov qurulacaq ortaq fəaliyyəti  əhəmiyyətli və uğurlu əməkdaşlıq olaraq qiymətləndirib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev perspektivdə planlaşdırılan fəaliyyətlərin aktiv işbirliyinə hədəfləndiyini söyləyib, turizm, iqtisadiyyat, maliyyə, sosial iş və  digər sahələrdə mövcud təcrübələrin bölüşülməsində maraqlı tərəf kimi uğurlu əməkdaşlığın nəzərdə tutuluduğunu ifadə edib. 

Aparılan ikitərəfli müzakirələrdən sonra memorandumdan irəli gələn məsələlərin operativ həlli məqsədi ilə məsul şəxslər təyin edilib, işçi qrupların yaradılmasına qərar verilib və Əməkdaşlıq Memorandumu imzalanıb.

 

 

 

 


 

Xəbər lenti