Növbəti mətbu orqan əsası Səid Ünsizadə tərəfindən 14 yanvar 1879-cu ildə qoyulmuş “Ziya”dır. İctimai-siyasi məzmuna malik olan “Ziya” əvvəlcə Tiflisdə, Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan “Ziya”da işıq üzü görmüşdür. 76-cı sayından sonra qəzet “Ziyayi-Qafqaziyyə” adlandırılmışdır.
Ümumilikdə 183 nömrəsi çap olunmuş qəzetdə Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Səid Ünsizadə, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Adolf Berje, Aleksandr Çernyayevski və digər ziyalıların yazı və məqalələri dərc edilmişdir.
Qəzetdə dövrün ictimai-siyasi hadisələri, elm, təhsil, mədəniyyət, ədəbiyyat sahəsində baş verən yeniliklər təqdim edilmiş, dil və milli kimlik məsələləri müzakirəyə qoyulmuşdur.