Logo

Qısamüddətli peşə təlimlərini bitirən müdavimlərə sertifikatlar təqdim olunub

20.05.2025 18:04 44 baxış
IMG

Mayın 20-də Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində qısamüddətli peşə təlimlərini uğurla tamamlamış müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilib.  

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən tədbirdə təşkilatçı qurumun rəhbərliyi, Milli Məclisin deputatı Fatma Yıldırım, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Şamxal Muxtarov, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin şöbə müdiri Anar Aslanov, eləcə də digər əlaqədar müəssisələrin məsul şəxsləri iştirak ediblər. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Açılış nitqi ilə çıxış edən Ceyhun Kərəmov təlimi uğurla başa vuran müdavimləri təbrik edib. C.Kərəmov  çıxışında məcburi köçkün vətəndaşların qısamüddətli təlimlərə cəlb edilməsi, onların qayıdışdan sonra yeni həyata adaptasiyasının asanlaşdırılması, eləcə də sosial rifahının yaxşılaşdırılması üçün peşə təhsilinin əhəmiyyətindən danışıb. 

Qeyd olunub ki, yenidən qurulan ərazilərimizdə işçi qüvvəsi və peşəkar kadrlara ehtiyac var.  Son 2 ildə peşə təhsili sahəsində böyük addımlar atılıb.  Bu müddət ərzində 700-dən çox  vətəndaş 14 müəssisədə qısamüddətli təlimlərə cəlb edilib və təlimlər bu ilin sonunadək davam edəcək. O, peşə təhsili sahəsində atılan addımlardan danışarkən Füzulidə peşə təhsil mərkəzinin tikintisinin gedişi və Şuşada da bu sahədə işlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb.

Milli Məclisin deputatı Fatma Yıldırım, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Şamxal Muxtarov, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Anar Aslanov çıxış ediblər.  Bildirilib ki, azad edilmiş ərazilərə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması üçün iqtisadiyyatın tələbatına uyğun qısamüddətli təlimlər, peşə təhsil mərkəzləri  vətəndaşların əmək bazarına uyğunlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. 
Daha sonra Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin 31 yaşlı məzunu, hazırda Ağdam Sənaye Parkında işləyən Toğrul Dadaşzadə öz uğur hekayəsini bölüşüb və "Qarabağa peşənlə qayıt" başlıqlı videoçarx izlənilib. 

Yekunda təlimləri uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim edildikdən sonra qonaqlar təhsil mərkəzində təşkil edilən kurslarla tanış olublar.

 

 

 

 


 

Xəbər lenti