Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) problemyönümlü öyrənmə (Problem-Based learning) və layihəyönümlü tədris (Project-Based Learning PBL) metoduna keçib.
UNEC-dən TƏHSİL.BİZ -ə bildirilib ki, bu metodlar dünyada bir çox təhsil müəssisələrində tətbiq olunur və tələbələrə müasir əmək bazarının tələblərinə uyğun dərin bilik və bacarıqlar qazandırır. Layihə əsaslı öyrənmə (PBL) metodunun əsas məqsədi tələbələri real həyat problemlərini həll etməyə yönəltməkdir. Bu yanaşma tənqidi düşüncə, yaradıcı yanaşma, analitik təhlil və komanda işi kimi vacib bacarıqları inkişaf etdirir. PBL tələbələri tədris prosesinin mərkəzinə qoyaraq akademik həyatı real dünya ilə əlaqələndirir.
Problemyönümlü və layihəyönümlü tədris metoduna fevralın 17-dən etibarən UNEC Dizayn Məktəbində başlanılıb. Yeni tədris metodu 6 fənn üzrə 11 qrupda tətbiq edilir.
Layihənin hazırlanması İsraildən gələn mütəxəssis Dan Frield və Dizayn Məktəbinin 5 müəllimi - Arzu Xəlilova, Lidiya Safronova, Pərvin Namazova, Fəridə Novruzlu, Aytən Yusifkənan və layihənin Azərbaycandakı rəhbəri Sənubər Səfiyeva tərəfindən reallaşdırılıb. Müəllimlərin pedaqoji kadr potensialını gücləndirmək məqsədilə yerli və xarici mütəxəssislər tərəfindən təlimlər təşkil olunub.
Yeni təhsil metodu çərçivəsində rektor professor Ədalət Muradov UNEC Dizayn Məktəbində PBL dərslərdə iştirak edib. O, PBL modelini universitetin təhsil strategiyasının yenilənməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib, bu təhsil modelinin gələcəkdə başqa ixtisaslarda tətbiqinin nəzərdə tutulduğunu bildirib.