Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru BDU-nun nəzdində “Gənc istedadlar” liseyində IX sinif şagirdlərinə “Sənin peşən, sənin gələcəyin” adlı təlim keçirib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, sektorun psixoloqu Natəvan Həsənzadənin rəhbərliyi ilə Sosial elmlər və psixologiya fakültəsinin IV kurs tələbələri təlim iştirakçılarına peşə seçiminin vacibliyindən danışıb, peşə və ixtisas arasında fərqi izah ediblər. Qeyd olunub ki, peşə seçimi gənc nəslin gələcək taleyində, məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Şagirdlərin peşə maraqlarının müəyyənləşdirilməsi gələcək peşə və ixtisas seçimində mühüm rol oynayır. Peşə seçimi şəxsin cəmiyyətə töhfə verməsi, maddi cəhətdən müstəqil olmasında vacib amildir.
Təlimdə şagirdlərə peşə seçimi zamanı diqqət edilməli məqamlar, əmək bazarında son illər formalaşan tələblər barədə də məlumat verilib, onların sualları cavablandırılıb.
Daha sonra şagirdlər praktik testlərdən keçərək, öz bacarıqlarını müəyyən ediblər.