Logo

ARTİ: Monitorinq tapşırıqları kurikulum və dərsliklərə əsaslanıb

21.05.2025 12:00 51 baxış
IMG

Ötən həftəsonu ölkə üzrə IV və VI sinif şagirdləri üçün monitorinq qiymətləndirməsi keçirilib. Qiymətləndirmədən sonra sosial mediada və ictimai müzakirələr zamanı tapşırıqların çətinliyi və cavablandırma müddətinin azlığı ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Bəzi valideyn və şagirdlər tapşırıqların yaş səviyyəsinə uyğun, ayrılmış vaxtın isə yetərli olmadığını bildiriblər.

Məsələ ilə bağlı Təhsil İnstitutundan (ARTİ) TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, monitorinqdə təqdim edilmiş suallar tədris dili, riyaziyyat və təbiət fənləri üzrə fənn kurikulumlarına və dərsliklərə əsaslanaraq hazırlanıb. Riyaziyyat və təbiət fənləri üzrə olan tapşırıqlar şagirdlərin bilmə, tətbiqetmə və əsaslandırma səriştələrini ölçür.

Tədris dili fənni üzrə isə qiymətləndirmə yalnız oxuyub-anlama bacarığına yönəlib. Suallar şagirdlərin real həyatla əlaqələndirmə, nəticə çıxarma və ümumiləşdirmə, şərh və əlaqələndirmə, həmçinin mətnin struktur elementlərinin dəyərləndirilməsi kimi bacarıqlarını ölçmək üçün tərtib olunub.

IV sinif şagirdlərinə tədris dili və riyaziyyat fənləri üzrə cəmi 60 sual (hər fənn üzrə 30 sual), VI sinif şagirdlərinə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə cəmi 75 sual (hər fənn üzrə 25 sual) təqdim edilib.

Monitorinqin müddəti IV siniflər üçün 150, VI siniflər üçün 180 dəqiqə olub.

ARTİ-dən bildirilib ki, monitorinqin nəticələri gələcəkdə təhsilin planlaşdırılması və idarə olunmasında, kurikulum və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsində, eləcə də müəllim hazırlığında istifadə olunacaq və təhsil siyasətinin sübutlara əsaslanan şəkildə formalaşdırılmasına töhfə verəcək.

Qeyd edək ki, 17 və 18 may tarixlərində keçirilən monitorinq ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində aparılıb. Tədris dili və riyaziyyat fənləri üzrə IV siniflər, tədris dili, riyaziyyat və təbiət fənləri üzrə isə VI siniflər qiymətləndirilib.

Monitorinqə hazırlıq mərhələsində isə tapşırıqların uyğunluğu və effektivliyi sınaq qiymətləndirmələri vasitəsilə yoxlanılıb, nəticələrin statistik təhlili aparılıb.

Xəbər lenti