Mayın 24-də Naxçıvan Muxtar Respublikası ümumitəhsil məktəblərinin IX- X sinif şagirdləri arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal turu keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə verilən məlumata görə, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon- şəhər mərhələsində qalib olan 72 şagird iştirak edib və məktəblilərə qapalı test formatında 25 sual təqdim edilib, sualların cavablandırılması üçün 70 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, olimpiadanın 3 mərhələdən ibarət keçirilməsi nəzərdə tutulub . Bu mərhələnin nəticələri əsasında olimpiadanın final mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. Olimpiadanın final mərhələsi iyun ayında Bakı şəhərində keçiriləcək.
Olimpiada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə həyata keçirilir.
Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.