Logo

Nazir müavini ali təhsil müəssisələrinə qəbul planını açıqladı

26.05.2025 15:08 80 baxış
IMG

"Təhsil sistemimizin əsas məqsədi geniş dünyagörüşünə malik, yenilikləri və təşəbbüsləri qəbul edə bilən, texnologiyaları mənimsəyən və onları yarada bilən peşəkar fərdlərin hazırlanmasıdır. Bu gün ali təhsil sistemimizdə 247 minə yaxın tələbə təhsil alır. Onların 217 mini bakalavriat, təxminən 24 mini magistratura, 3 mindən çoxu isə doktorantura səviyyəsində təhsil alır.

Bu sözləri TƏHSİL.BİZ -ə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, ali təhsilə qəbul olunan tələbələrin sayının artması cəmiyyətin inkişafı üçün vacib elementdir:

“Bu baxımdan da biz ali təhsil müəssisələrinə qəbulun artırılması istiqamətində işlər aparırıq. Ölkə rəhbərliyinin bu istiqamətdə müəyyən etdiyi strateji hədəflər mövcuddur. Ölkə başçısının təsdiqlədiyi “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil müəssisələrinə qəbul olunanların sayının dövrün sonunadək təxminən 75 min nəfərə çatdırılması nəzərdə tutulub. Artıq biz 2025–2026-cı tədris ili üçün tələbə qəbulu ilə bağlı planlaşdırmanı həyata keçirmişik”.

O qeyd edib ki, növbəti tədris ili üçün ali təhsil müəssisələrinə təxminən 81 400 tələbə qəbulu planlaşdırılıb. Onların təxminən 63 mini bakalavriat səviyyəsi üzrə, 17 400-ü magistratura səviyyəsi üzrə, 973 nəfəri isə doktorantura səviyyəsi üzrə qəbul üçün nəzərdə tutulub. 

Nazir müavinin sözlərinə görə, əvvəlki tədris ili ilə müqayisədə qəbul planında təxminən 2,2% artım var. Tələbə qəbulu yerlərinin təxminən 46%-i dövlət sifarişi əsasında müəyyən olunmuş yerlərdir:

“Lakin nəzərə almalıyıq ki, sosial cəhətdən həssas kateqoriyalara aid edilən tələbələrimiz də mövcuddur. Onların təhsil haqları da dövlət tərəfindən qarşılanır. Bu tələbələri də nəzərə alsaq, demək olar ki, qəbul olunan tələbələrin yarısının təhsili dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir”.

Xəbər lenti