Logo

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23.05.2025 16:55 52 baxış
IMG

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində müəllimlərə metodika və pedaqogika üzrə 20 sual təqdim ediləcək.

TƏHSİL.BİZ Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir ki, namizədlər imtahan zamanı hüquqi savadlılıq üzrə 1, metodiki səriştəlilik üzrə 10, pedaqoji və psixoloji yanaşmalar üzrə isə 9 sualı cavablandırmalı olacaqlar.

Məzmun sahələri üzrə mövzuları təqdim edirik:

1. Hüquqi savadlılıq
•    Təhsil Qanunu – 12, 13, 17-ci maddələr
•    “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu – 9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr
•    Fənn kurikulumlarına aid əsas terminlərin izahı (məzmun xətləri, məzmun standartları, inteqrasiya və s.)
•    Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair pedaqoji tələblər, şəxsiyyətyönümlü və inklüziv təhsil və s.)
•    “Təhsilverənlərin etik davranış Qaydaları”

2. Metodiki səriştəlilik

2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili
•    XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.)
•    Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s.)
•    Metakoqnitiv bacarıqların formalaşdırılması
•    Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi
•    B. Blumun “İdrak taksonomiyası” və onun təlimdə tətbiqi
•    Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi
•    İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.)
•    Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlbetmə (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s.
•    Müəllimin fasilitasiya bacarığı
•    Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.)
•    Təlim strategiyaları, texnika və üsullar (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, Cisim və hadisələrə müxtəlif baxış bucağından yanaşma, İnsident üzərində iş, “Nə olardı əgər?”, “Mən kiməm?”, 4N1KH, Qızıl dairə, Blum kubu, Sinif küncləri, Düşün-çütləş-bölüş)
•    Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları
•    İnklüziv təhsil
•    Təlimdə diferensial yanaşma
•    Öyrənmə tərzləri

2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)
•    Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq)
•    Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ – kiçik və böyük)
•    Qiymətləndirmə meyarları
•    Formativ qiymətləndirmənin təşkili, rubriklərin növləri, effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.)
•    Beynəlxalq qiymətləndirmələr (TIMSS, PIRLS, PISA və s.)

3. Pedaqoji və psixoloji yanaşmalar

3.1. Pedaqoji və psixoloji nəzəriyyələr
•    H. Qardner – “Çoxnövlü zəka” nəzəriyyəsi
•    J. Piaje – “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi
•    L. Vıqotski – “Sosial inkişaf” nəzəriyyəsi, “Yaxın inkişaf zonası” anlayışı
•    K. Dvek – “Düşüncə tərzi” nəzəriyyəsi
•    L. Kolberq – “Mənəvi inkişaf” nəzəriyyəsi
•    R. Qanye – “Öyrənmənin şərtləri” nəzəriyyəsi
•    D. Qoulman – “Emosional zəka” nəzəriyyəsi
•    K. Yunq – “İntrovert və ekstravert şəxsiyyət”
•    Şəxsiyyətin formalaşdırılması və inkişafında məktəbin və müəllimin rolu
 

3.2. Sinifdə sağlam psixo-sosial mühitin yaradılması
•    Sosial-emosional öyrənmə
•    Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri, təhlükəsiz öyrənmə mühiti
•    Sinfin idarə olunması mexanizmləri və strategiyaları (buzqıranlar)
•    Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası
•    Effektiv müəllim-şagird və müəllim-valideyn münasibətləri
•    Şagird davranışının idarə olunması
•    Qısnama (bullinq)

Sənəddə qeyd olunub ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. MİQ-in test imtahanı mərhələsində tədris metodikası və təlim strategiyaları üzrə düzgün cavablar 1 bal olaraq hesablanacaq. Bir səhv cavab isə 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Xatırladaq ki, bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır.)

Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Xəbər lenti