Naxçıvan Dövlət Universitetində “Süni intellekt: nəzəriyyədən praktikaya” adlı II beynəlxalq elmi konfrans keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, Naxçıvan Dövlət Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşa, Düzce Universiteti, Gümüşhane Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransdan əvvəl universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırlanan yaradıcılıq nümunələrindən ibarət sərgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radiosiqnal ilə idarəolunan robot qol, müasir gömrük sistemi, CNC printer – lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçun prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli– proqram, tullantı qablardan flament istehsal edən qurğu nümayiş olunub.
Konfrans ilk robot moderator qadın "Banu"nun təqdimatında baş tutub.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, süni intellekt ilə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin də qarşısında mühüm vəzifələr dayanır. Bu mənada konfrans tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platformadır. Bu sahədə tədqiqatlar aparmaq, kadrlar hazırlamaq, süni intellekt ekosisteminin formalaşmasında iştirakçı tərəf olmaq uğurlu təşəbbüsdür. Elbrus İsayev qeyd edib ki, artıq universitetdə tədris olunan ixtisaslarda süni intellekt seçmə fənn olaraq şaxələndirilib. İki gün ərzində keçirilən bu əlamətdar tədbir də xüsusi mahiyyət kəsb edir. “Ötən il olduğu kimi, bu il də ev sahibliyi etdiyimiz konfrans vasitəsi ilə müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlıq əlaqələri inkişaf etdiriləcək, elmi yeniliklər geniş auditoriya ilə paylaşılacaq. Həmçinin gənc tədqiqatçıları elmi fəaliyyətə təşviq edərək, onların süni intellekt sahəsində daha da ixtisaslaşmasına şərait yaradacaq”, – deyə rektor bildirib.
Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Azər Məmmədrəhimov bildirib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirlik ilə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konfrans da öz növbəsində süni intellektin yeni idarəetmə, yeni baxış modelini zəngin proqramı ilə ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır.
ARETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov müasir dövrdə insan həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz edən süni intellekt texnologiyalarının inkişafından bəhs edib, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən söz açıb. Akademik konfransı yüksək dəyərləndirib, süni intellekt texnologiyalarının daha da inkişaf etdirilməsinə, innovasiyaların tətbiqinə və elmi ictimaiyyətin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Eyni zamanda, proqramda elmi etik prinsiplərə uyğun olaraq hazırlanan məqalə və tezislərin dəyərli mənbə kimi xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyənin İstanbul Universiteti – Cərrahpaşanın rektoru, professor Nuri Aydın, Rusiyanın “Cənub” Universitetinin rektoru professor İmran Əkbərov, Gümüşhane Universitetinin rektoru, professor Oktay Yıldız məruzə ilə çıxış ediblər. Natiqlər konfransı süni intellektin nəzəri və texniki aspektlərini əhatə edən elmi fikir mübadiləsi aparmaq üçün əhəmiyyətli platforma adlandırıblar. Universitetin intellektual yöndə təşəbbüskar layihələrə ev sahibliyi etməsini yüksək dəyərləndiriblər.
Konfrans proqramı çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə İstanbul Universiteti – Cerrahpaşa, Gümüşhane Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu arasında birgə təhsil və elmi-tədqiqat fəaliyyətlərində əməkdaşlıq istiqamətində ayrı-ayrılıqda əməkdaşlıq memorandumları imzalanıb.
Açılış tədbirindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. 26-27 may tarixlərində iki gün davam edəcək bölmə iclaslarında Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 26 paneldə çıxışların olması nəzərdə tutulur. 59 təşkilatın 282 təqdidqatçısı tərəfindən 210 tədqiqat üzrə məruzələr dinləniləcək. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək. Vurğulayaq ki, konfransda Azərbaycanın 33 elm-təhsil müəssisəsinin nümayəndələri iştirak edir.