Logo

Məcburi köçkünlər peşə təhsili təlimlərinə təşviq edilirlər

23.05.2025 08:42 42 baxış
IMG

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində məcburi köçkünlərin qısamüddətli təlimlərə cəlb edilməsi məqsədilə təbliğat və təşviqat işləri davam etdirilir. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu çərçivədə mayın 22-də tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə rayonunun Həsənqaya ərazisində salınmış 866 yerlik məcburi köçkün qəsəbəsində xüsusi tədbir keçirilib.

Tədbirin əsas məqsədi burada məskunlaşmış 850-dən çox məcburi köçkün ailəsinə qısamüddətli təlimlər çərçivəsində təqdim olunan ixtisaslar və bu ixtisasların yaratdığı karyera imkanları barədə məlumat vermək, həmçinin onların bu təlimlərə cəlb olunmasını təşviq etmək olub. Tədbirdə iştirak edən mütəxəssislər və peşə təhsili müəssisələrinin nümayəndələri ümumilikdə 42 ixtisas üzrə təşkil edilən qısamüddətli təlimlərə qeydiyyat prosesini, təlimlərin keçirilmə qaydalarını və tədris proqramından əldə olunacaq nəticələr haqqında iştirakçılara ətraflı məlumat veriblər. Daha sonra təlimləri uğurla başa vuran şəxslərə dövlət nümunəli sertifikatlar təqdim olunub.

Bu təşəbbüs, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas məqsədlərindən biri olan işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin peşə bacarıqlarını artıraraq onların davamlı məşğulluğunu təmin etməyə yönəlib. İndiyə qədər proqram çərçivəsində 740-dan çox məcburi köçkün qısamüddətli təlimlərə cəlb edilib və qeydiyyat prosesi hazırda davam edir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ Regional Məşğulluq filialının və müxtəlif işəgötürən müəssisələrin nümayəndələri iştirak ediblər.

Xəbər lenti