Logo

Nadir İsrafilov: “Məktəblərin fəaliyyəti yalnız bilik faktoru ilə ölçülə bilməz...”

22.05.2025 16:35 124 baxış
IMG

“Təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasinda qurulmalıdır.”

Bir sıra müsbət cəhətləri etiraf olunsa da, narazılıq və narahatçılıq yaradan əsas arqumentlər bir çoxları tərəfindən əsasən onunla izah olunur ki,  “Kurikulum sənədində çatışmazlıqlar çoxdur; bu sənəd təftiş olunmalı və təkmilləşdirilməlidir”, “Kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamaq lazım idi”, “Diaqnostik, formativ, summativ qiymətləndirmələr və formal hesabatlar müəllimlərin vaxtını alır”, “Dərsliklər kurikulumun tələblərinə cavab vermir, müvafiq yeni  dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanmasına ehtiyac var” və s.

Halbuki, bu islahatların əsas məqsədi “cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməklə, təhsilin keyfiyyətini şərtləndirən amillərə,  ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması” zərurətinin yaranması ilə əlaqədar olub, və “dünya təhsil sisteminə inteqrasiya, informasiya əsrinin tələbləri, təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması, mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsinə rəğmən, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidin təmin olunmasına nail olmaq” idi.

Başqa sözlə, ənənəvi təhsil proqramının bilik yönümlü olmasından fərqli olaraq, müasir kurrikulumun şəxsiyyətyönümlü,  əvvəlki kimi müəllim yönümlü deyil, şagird yönümlü,   fənyönümlü deyil, nəticə yönümlü, təklif yönümlü deyil, tələb yönümlü olması, ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqənin məqsədyönlü və sistemli xarakter daşımaması, müasir kurrikulumda isə inteqrativliyin əsas prinsip kimi qəbul olunması və digər bu kimi fərqləndirici  xüsusiyyətlər öz əksini tapmışdı.

Ən başlıcası isə, hələ Azərbaycan Respublikası Prezidentinin 10 mart, 1998-ci il tarixli, Sərəncamı ilə yaradılmış, Dövlət Komissiyası tərəfindən hazırlanmış,  ölkə başçısının 15 iyun, 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” nda  gözlənilən nətıcə kimi birmənalı şəkildə qeyd edilirdi ki, təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasinda qurulacaq. ”Təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətininin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.

Beləliklə, Kurikulum – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual  sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunmuş və konseptual xarakterli çərçivə sənədinə müvafiq olaraq, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” qüvvəyə minmişdi.

İlk narazılıqlar əsasən bir çoxları tərəfindən sözün kifayət qədər anlaşmazlığından irəli gəlirdi ki, bunun da nəticəsi o oldu ki,  “Kurikulum” sözü leksikonumuza gətirilən gündən onun ətrafında söz-söhbət səngimək bilmədı, əksinə, gün-gündən artmaqda davam etdi. Nə yaxşı ki, bu sənəd  heç olmasa “Təhsil haqqında Qanun”da elə əvvəlki adı ilə – Təhsil proqramı kimi vurğulandı. Halbuki, yaranan yerli,  yersiz söz-söhbətə birdəfəlik son qoymaq üçün, milli sözümüz olan“Təhsil proqram” nı deyil, əcnəbi sözü olan “kurikulum”u mötərizəyə alıb, alışdığımız proqram sözünü əvvələ keçirmək olardı, baxmayaraq ki, bu məzmunda heç bir dəyişikliyə səbəb olmurdu, bununla belə əcnəbi sözünün Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunması istər-istəməz kimlərdəsə qıcıq oyada biləcəyi ehtimalı nəzərə alınmalı idi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı ilə təsdiq edilmış  “Ümumi təhsil pilləsinin Dövlət standartı və proqramları  (kurikulumları)” ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müyyən edirsə, biz təhsilimizdə bilik faktorunu  əsas götürərək məktəblərimizin fəaliyyətini yalnız bilik  faktoru ilə – neçə məzunun ali məktəbə qəbul olunması, kimin neçə bal toplaması ilə ölçürük. Halbuki, kurikulumun vəzifəsi təkcə “kosmonavt” hazırlamaqdan ibarət olmayıb, şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Heç də əbəs yerə deyil ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət kimi nəzərdə tutulmuşdur.

Hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. “Kurikulum özünü doğrultmadı ifadəsi” heç də o anlama gəlmir ki, Nazirlər Kabinetinin 2006-cı il oktyabrın 30-dakı 233 nömrəli qərarı ilə təsdiqlənən Azərbaycanda Ümumi Təhsilin Konsepsiyasından və konseptual xarakterli çərçivə sənədi əsasında hazırlanan və Nazirlər Kabinetinin 2009-cu il yanvarın 13-dəki 9 nömrəli qərarı ilə təsdiq edilənən “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”ndan və qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmış  “Ümumi təhsil pilləsinin Dövlət standartı və proqramları  (kurikulumları)”-ndan imtina etməliyik. Heç olmasa, bundan sonra tətbiq edəcəyimiz yeni sistemlərə uyğun kadr hazırlığının həyata keçirilməsində bir az diqqətli olaq….

 

Xəbər lenti