Logo

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23.05.2025 17:00 46 baxış
IMG

22 may 2025-ci il tarixində Sumqayıt Dövlət Universiteti (SDU), Malatya Turqut Özal Universiteti və Oş Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində “Türkdilli dövlətlərin iqtisadi resurslarından səmərəli istifadənin aktual problemləri” mövzusunda I beynəlxalq elmi konfrans öz işinə başlayıb. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin SDU-nun foyesində ucaldılmış büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib. SDU-nun böyük akt zalında baş tutan konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə SDU-nun rektoru vəzifəsini icra edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əminağa Sadıqov açaraq yeni çağırışlar şəraitində türkdilli dövlətlərin iqtisadi əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasətə elmi araşdırmalarla töhfə verməyin zəruriliyindən danışıb. O, konfransın proqramına 160 elmi məruzənin daxil olduğunu qeyd edib.

Sonra Malatya Turqut Özal Universitetinin rektoru, professor Recep Bentli çıxış edib. O, türk dövlətləri arasında son dövrlərdə qarşılıqlı inteqrativ proseslərinin sürətləndiyini vurğulayıb, türk dövlətlərinin təbii və iqtisadi resurslarının dünya bazarlarına çıxarılması imkanlarından bəhs edib. Konfransda iştirak edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli çıxış ediblər. Onlar konfransın çox vacib mövzuya həsr olunduğunu və əhəmiyyətini qeyd ediblər, türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün ticarət siyasətlərinin uyğunlaşdırılması, nəqliyyat və logistika infrastrukturunun gücləndirilməsi, bürokratik maneələrin aradan qaldırılması, azad ticarət sazişlərinin artırılması və gömrük prosedurlarının sadələşdirilməsi kimi aktual məsələlərə toxunublar. Bununla yanaşı, enerji və qida sahələrində ortaq istehsal müəssisələrinin yaradılmasının, süni intellekt və yaşıl enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Daha sonra Malatya Turqut Özal Universitetinin rektoru, professor Recep Bentlinin “Türk dövlətlərinin Orta Asiyadaki iqtisadi fəaliyyəti” və SDU-nun Mühasibat və iqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyevanın “Türkdilli dövlətlər arasında yaşıl enerji və davamlı inkişaf sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda plenar məruzələri dinlənilib və geniş müzakirə olunub. Konfrans 22-23 may 2025-ci il tarixlərində öz işini bölmə iclaslarında davam etdirəcək.

Xəbər lenti