Logo

Nadir İsrafilov: “Sanki, təhsilin vəzifəsi yalnız imtahan keçirməkdən ibarət imiş…”

27.05.2025 16:48 167 baxış
IMG



Ali məktəb sevdası, indiki qədər diplomçu olmaq predmetinə çevrilməmişdi.
Son günlər imtahanlarla bağlı yenidən qızışan, gündəmi zəbt edən, ajiotaja səbəb olan davamlı qarşıdurmalar, ittiham həddinə çatan mübahisə və polemikalar istər-istəməz cəmiyyət üzvlərində belə təsəvvür yaradır ki, sanki, təhsilimizin imtahan keçirməkdən başqa problemi yox imiş və hər kəs də ali təhsilli diplom sahibi olmalıdır.Dərd də odur ki, bu “Molla Nəsrəddin” sayağı yorğan davasında hər kəs özünü haqlı çıxarmağa çalışır. Əslində bu da səbəbsiz deyil. Bu yerdə Mirzə Ələkbər Sabir demiş, “Beş deyil, on beş deyil, hər yan, baxırsan, var madam, Ev madam, mənzil madam, balkon madam, talvar madam, Sirk madam, qəstin madam, pasaj madam, bulvar madam, Müxtəsər, əqlim çaşıb, ey dad bidad...” misralarını da bir daha xatırlamamış olmursan

İndi, ona bənzəməsin, hara baxırsan imtahan... Buraxılış imtahanı, qəbul imtahanı, sınaq imtahanı, qabiliyyət imtahanı... Hələ bir yandan da, blok imtahanları, nə bilim, altqrup, üstqrup imtahanları, MİQ, DİQ, yerdəyişmə imtahanları, daha nələr, nələr… Belə çıxır ki, təhsilin vəzifəsi elə təkcə imtahan keçirməkdən, təhsilalanı və təhsil verəni yerli-yersiz sınağa çəkməkdən ibarət imiş. Halbuki, həyat özü onsuz da hər kəsi hər addımda sınağa çəkdiyi azmız kimi, bu imtahanlar da bir yandan... Mən məsaləyə əlavə rəng qatıb, yaranan vəziyyəti bir az da kəskinləşdirməkdən uzağam. Bununla belə, imtahanlarla bağlı bəzi müllahizələrimi bölüşməyi özümə borc bilirəm. 
Hər şeydən əvvəl kiçik bir xatırlatma yerinə düşər ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət kimi nəzərdə tutulduğu halda, biz yenə də təhsilimizdə bilik faktorunu  əsas götürərək, məktəblərimizin fəaliyyətini yalnız bilik göstəriciləri ilə - neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə ölçürük. Bu mənada və istənilən halda təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir. Bunun üçün isə ilk növbədə “mentalitet” adlandırdığımız düşüncəmizdə korrektə işləri aparılmalıdır. Halbuki, kurikulumun məqsədi heç də ümumtəhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoymayıb və təhsilə dair digər hüquqi-normativ sənədlərdə də belə bir zərurət tələbli məcburi göstəriş yoxdur.
Bu kimi vacib məqamlar təhsil rəsmilərinin də diqqət mərkəzindən kənarda qalmayıb. Baxmayaraq ki, Nazirin ümumi təhsil müəssisələrində imtahanların sayının çoxluğu ilə: əlaqədar "Hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir"; "Şagirdin bilik və bacarıqlarına görə aldığı qiymətlərdən asılı olmayaraq, biz bütün şagirdlərin milli dəyərlərə və milli kimliyə görə “əla” qiymət almasını hədəfləməliyik” kimi son açıqlamaları "imtahan-imtahan oyunu"na son qoyulacağına bir qədər ümidləri artırırdı.

Hətta DİM-in sədri Məleykə Abbaszadə də bir vaxtlar belə bir açıqlama vermişdi ki,  “Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymət¬ləndirilməsi sistemi qarşı-sında yeni tələblər qoyur. İndi ümumtəhsil müəssisələrini ağıl, intellekt mək¬təbinə çevirmək əsas hədəf¬lərdən biridir. Hafizə məktəbindən təfəkkür mək¬təbinə keç-mək,  təhsilin nəticə¬yönümlü və şəxsiy¬yət¬yönümlü olması kurikulum islahatının əsas tələblərin¬dəndir. Biz bu model üzərində işləyirik, yaxın vaxtlarda bu modelə keçəcəyik.”

Bəli, bu gün kurikulum tətbiq edirik. Əvvəlki təhsil proqramları bilikyönümlü, indiki kurikulumlar isə şəxsiyyət yönümlüdür. Yəni şagirdlər yalnız biliklə kifayətlənməməli, bacarıqları, vərdişləri olmalıdır. Bu baxımdan testin imkanları məhduddur. Ona görə də bu gün testin ləğvindən deyil, imkan daxilində təkmilləşdirilməsindən söhbət gedə bilər. Hazırda dünyanın bir sıra ölkələrində attestatla qəbul həyata keçirilir. Ümumiyyətlə, imtahansız qəbulun təşkilindən də söhbət gedir. Bu gün imtahanları da ləğv edə bilmərik. Çünki biz buna hazır deyilik. Tədricən təkpilləli vahid imtahana keçə bilərik. Buraxılış imtahanları ilə ali məktəbə qəbul imtahanlarını birləşdirib bir imtahan yolu ilə abituriyentlərin ali məktəbə qəbul məsələsini həll edə bilərik.
Ümid edək ki, tezliklə imtahanların  yığcam və rahat bir modeli hazırlanmaqla, bu üzücü və məşəqqətli prosesi həqiqi bilik nümayişi bayramına çevirmək mümkün olacaq. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi, təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaldar. Eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcək, uzun illərdən bəri davam edən "imtahan-imtahan oyunu"na nəhayət son qoyulacaq. Bu kimi dəyişiklikləri müəllimlərimiz və şagirdlərimizi DİQ, MİQ və s. işə qəbul, habelə diaqnostik, summativ, formativ  imtahanlarına da şamil etməklə, onları əlavə yükdən azad edib, bilavasitə öz funksional vəzifələrinin icrasına yönəltmək olar.

 

 

Xəbər lenti