Logo

Botanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28.05.2025 12:32 86 baxış
IMG

Botanika İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə bu elmi müəssisənin baş direktoru professor Səyyarə İbadullayeva Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb. Qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edib və bununla da müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Azərbaycan Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olub. Cümhuriyyət dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, Milli Ordu yaradılıb, milli valyuta dövriyyəyə buraxılıb, milli bank təsis edilib.

Cəmi 23 ay yaşayan Cümhuriyyət 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. Bu gün müasir müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir.

Professor Cümhuriyyətin adının özünə qaytarılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açılıb, elmi tədqiqatlar aparılıb, həqiqətlər ortaya çıxıb. Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.

Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. 2021-ci il oktyabrın 15-də imzalanmış Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-i Müstəqillik Günü elan edilib. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Tədbirdə institutun icraçı direktoru professor Şakir Qasımov, elmi katib Nigar Mürsəl qızı və professor Eldar Novruzov Müstəqillik Gününün əhəmiyyətindən danışıblar.

Sonda Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş edilib.



 

Xəbər lenti