Logo

BDU-da Xəzər sahilinin bitki örtüyü öyrənilir

29.05.2025 14:18 55 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Xəzər sahilinin təbii bitki örtüyü, onun təsnifatı, xəritələşdirilməsi və fitosenoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

BDU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, seminarda Botanika və bitki fiziologiyası kafedrasının müəllimi biologiya elmləri doktoru Humirə Hüseynova mövzu ilə bağlı məruzə edib. Məruzəçi Xəzər sahilində təbii bitki örtüyünün zəngin biomüxtəlifliyi, ekoloji və geobotaniki xüsusiyyətləri, fitosenozların təsnifatı və Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyaları vasitəsilə xəritələşdirilməsi ilə bağlı məlumat verib. Qeyd olunub ki, Xəzər sahilinin bitki örtüyü iqlim şəraiti, relyef, torpaq və antropogen amillərin təsiri ilə formalaşır və bu ərazi 6 əsas ekoloji-geobotaniki zonaya ayrılır: meşə, kolluq, yarımsəhra, səhra, dənizkənarı qumlu səhra (psammofit) və su-bataqlıq bitki sahələri. Hər zonanın özünəməxsus biomorfoloji quruluşu, dominant növləri və ekoloji tələbləri var. Tədqiqatlar nəticəsində Xəzər sahilində 25 formasiya sinfi, 125 formasiya qrupu və 179 assosiasiya müəyyən olunub. Bu təsnifat ekosistemlərin fitosenoloji strukturunu və biomüxtəlifliyin təşkilati səviyyələrini əhatə edir. Əldə olunan nəticələr bitki örtüyünün morfologiyası, funksional strukturu və ekoloji rolunun daha dərindən anlaşılmasına imkan yaradır.

Seminarda ekoloji-geobotaniki xəritələndirmə prosesinə də toxunulub. 1:200 000 miqyaslı xəritələr müasir CİS-lər və kompüter modelləşdirilməsi vasitəsilə hazırlanıb. Bu xəritələr fitosenozların coğrafi yayılmasını, zonal və intrazonal xüsusiyyətlərini dəqiq əks etdirir, biomüxtəlifliyin qorunması, təbii resursların idarə olunması və ərazilərin ekoloji monitorinqi üçün mühüm elmi baza yaradır.

Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti