Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Milli Konservatoriyası ilə birgə Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
DİA-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Müstəqillik Gününün əhəmiyyətini qeyd edərək “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə tədbirləri əlamətdar hesab edib: “Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib”.
Rektor Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra işğaldan azad edilmiş torpaqlarda “Böyük Qayıdış” layihəsinin gerçəkləşməsindən, böyük quruculuq işlərindən danışaraq dövlətçiliyimizin hazırda şərəfli dövr yaşadığını vurğulayıb.
DİA-nın “Tarix” kafedrasının müdiri, Əməkdar müəllim Firdovsiyyə Əhmədovanın “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və Üzeyir Hacıbəylinin Cümhuriyyət quruculuğunda rolu” mövzusunda məruzəsindən sonra Üzeyir Hacıbəyli haqqında film nümayiş etdirilib.
Daha sonra Azərbaycan Milli Konservatoriyasının Humanitar fənlər kafedrasının müdiri, professor Firudin Qurbansoy “Üzeyir Hacıbəylinin ədəbi yaradıcılığı”, Azərbaycan Milli Konservatoriyasının “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Akif Quliyev isə “Üzeyir Hacıbəylinin musiqi yaradıcılığı” haqqında çıxışları dinlənilib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının “Milli vokal” və “Xanəndəlik” kafedralarının tələbə və məzunlarının iştirakı ilə konsert proqramı ilə davam edib.