Logo

Müstəqillik Günü münasibətilə Türkiyədə keçirilən şeir oxuma müsabiqəsi yekunlaşıb

29.05.2025 15:56 57 baxış
IMG

Türkiyənin Eskişehir vilayətində 28 May - Müstəqillik Günü münasibətilə keçirilən “Liseylərarası şeir oxuma müsabiqəsi” başa çatıb.

TƏHSİL.BİZ  xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan və 16 liseyin iştirak etdiyi müsabiqənin yekunlarına dair tədbir keçirilib. Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin Vətən uğrunda şəhid olan qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Azərbaycanı yaxından tanıyaq” mövzusunda videoçarx nümayiş etdirilib.

Proqramın rəsmi hissəsində çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yağuboğlunun Azərbaycanla bağlı təqdimatı dinlənilib.

Dərnəyin rəhbəri Cavid Aydın isə çıxışında müsabiqənin münsiflər heyətinə təşəkkürünü bildirərək şagirdlərə iştirakçı sertifikatlarını təqdim edib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar verilib. Müsabiqədə Türkiyənin Qazi Mustafa Kemal Anadolu, Yılmaz Çetintaş Anadolu və Cemal Mümtaz Sosial Elmlər liseylərinin şagirdləri dərəcə qazanıblar.

Tədbir Azərbaycan rəqslərindən ibarət bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Türkiyənin Eskişehir üzrə Milli Təhsil İdarəsinin dəstəyi ilə baş tutan və hər liseydən bir şagirdin iştirakı ilə keçirilən müsabiqədə Əhməd Cavad, Emin Abid Gültekin, Rəsul Rza, Məmməd Araz, Məmməd İsmayıl, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Mikayıl Müşfiq, Nüsrət Kəsəmənli kimi şairlərin şeirləri səsləndirilib.

 

Xəbər lenti