Logo

ADPU-da “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib

29.05.2025 15:51 60 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Enactus komandasının və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin əsas məqsədi təhsildə innovativ yanaşmaların əhəmiyyətini göstərmək, yeni texnologiyaların və metodların tətbiqinə dair fikir və təcrübə mübadiləsinə şərait yaratmaq olub. Panelin açılış mərasimində universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, İnnovasiyalar Mərkəzinin direktor müşaviri Ləman Əhmədova, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Nicat Əmiraslanov və ADPU ENACTUS komandasının koordinatoru Zenfira Seyidova çıxış ediblər. Çıxışlarda təhsildə innovasiyaların rolu, tələbələrin bu sahədə bilik və bacarıqlarının inkişafı baxımından belə tədbirlərin əhəmiyyətindən danışılıb.

Panel müzakirəyə İnnovasiyalar Mərkəzinin Layihələrin idarə edilməsi departamentinin müdir müavini Ziniddin Babayev moderatorluq edib. “Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse, Sosiologiya Akademiyasının rəhbəri Mail Yaqub, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov, ASAN İnnovativ İnkişaf Mərkəzinin Təlim üzrə baş mütəxəssisi Aytən Quliyeva-Rzayeva təhsildə rəqəmsal texnologiyaların tətbiqi, startap yanaşmaları, innovativ təlim metodları və gənclərin bu proseslərə cəlb olunması mövzularında çıxışlar ediblər.

Tədbirin sonunda təlimlərdə fəal iştirak edən tələbələr ADPU Enactus komandasının rəhbəri Şahin Məmmədli və təlimlərin təşkili bölməsinin rəhbəri Aytac Abbasova tərəfindən sertifikatlarla təltif olunublar.

 

 

 

 


 

Xəbər lenti