Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində nəşr edib.
DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, bu elmi-statistik təhlillər 2024-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ilin iyul ayı ərzində respublika pedaqoji və təhsil ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə elmi-statistik təhlillərin açıq müzakirə edilməsi nəzərdə tutulur.
Müzakirələrdə iştirak etmək istəyən pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri iyunun 10-dək anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi başa çatdıqdan sonra iştirakçıların anket formasında göstərdikləri elektron poçt ünvanlarına jurnalın elektron variantı göndəriləcək.
Müzakirələr müxtəlif istiqamətlər – ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eləcə də ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları olmaqla müxtəlif günlərdə təşkil olunacaq. Hər bir istiqamət üzrə müzakirə günləri haqqında əlavə məlumat veriləcək.