Logo

Nazir müavini: Təhsildə əzbərləmə yox, yaradıcı düşüncə formalaşdırmaq lazımdır

30.05.2025 12:10 76 baxış
IMG

Mayın 29-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Göygöl rayonuna səfər edib.

TƏHSİL.BİZ xəbər verir ki, səfər zamanı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Üçtəpə kəndində Ə.Məmmədov adına tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüş keçirilib, tədris prosesi izlənilib.

Nazir müavini Göygöl şəhəri 4 nömrəli körpələr evi-uşaq bağçasında da olub, müəssisənin fəaliyyət və şəraiti ilə tanış olub. Səfər çərçivəsində vətəndaş qəbulu keçirilib, müraciətlərin operativ şəkildə araşdırılaraq qanunvericiliyə uyğun həll olunması üçün tapşırıqlar verilib. Nazir müavini Firudin Qurbanov daha sonra regionda çalışan gənc müəllimlərlə görüşüb, təhsil sahəsində mövcud vəziyyət və təkliflər müzakirə olunub.

Gənc müəllimlərlə görüşündə nazir müavini çıxışını XX və XXI əsrin müqayisəsi ilə başlayaraq gələcək peşə seçiminin mürəkkəbliyindən, müasir təhsilin çağırışlarından və müəllim peşəsinin əhəmiyyətindən bəhs edib.

“Gələcək peşələri müəyyənləşdirmək çətindir, texnologiya sürətlə inkişaf edir. Müəllimlik şərəfli peşədir və bu gün də müəllimlər yalnız bilik və bacarıqları ötürməklə kifayətlənmir, onlar həm də istiqamətvericidirlər”, - Firudin Qurbanov qeyd edib.

Nazir müavini sovet dövründəki təhsil sisteminin məhdudiyyətlərindən danışaraq vurğulayıb ki, həmin zaman dərslər proqram çərçivəsində aparılırdı və yaradıcı təşəbbüsə az yer verilirdi. Müstəqillik əldə edildikdən sonra təhsil sistemində bir sıra problemlər yaşansa da, bu gün Azərbaycan təhsil sistemi artıq müasir çağırışlara cavab verir.

Təhsilin həm elmi əsaslara, həm də tərbiyəvi komponentlərə söykənməsinin vacibliyini vurğulayan Firudin Qurbanov təhsil və tərbiyənin vəhdət təşkil etdiyini və bu gün işəgötürənlər üçün insani keyfiyyətlərin də əsas meyarlardan biri olduğunu diqqətə çatdırıb. Nazir müavini həmçinin vətənpərvərlik və milli dəyərlərin təhsildə formalaşdırılmasının vacibliyinə toxunub:

“Kimdir vətənpərvər? Vətənpərvər o şəxsdir ki, o ana dilini, tarixini, milli-mənəvi dəyərlərini bilir”.

Ulu Öndər Heydər Əliyevin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini deyən Firudin Qurbanov 30 ildən çox işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində təhsil işçilərinin də iştirak etdiyini və onların qəhrəmanlıq nümunəsi göstərdiklərini qeyd edib.

Firudin Qurbanov vətənpərvərlik hissinin uşaqlıqdan aşılanmasının vacibliyini bildirib: “Bu məsələdə ailə, cəmiyyət və ən əsası, təhsil sisteminin rolu və məsuliyyəti böyükdür”.

Nazir müavininin sözlərinə görə, tərbiyə təhsildən əvvəl gəlməlidir: “Bir mütəfəkkir deyib ki, vacib deyil hansı təhsili almısan, əsas odur tərbiyən ali olsun”.

Elm və təhsilin əhəmiyyətini vurğulayan Firudin Qurbanov qeyd edib ki, müəllimlər gələcəyin qurucularıdırlar. Təhsil vasitəsilə milli-mənəvi dəyərlər, biliklər və şəxsiyyət formalaşdırılmalıdır.

Nazir müavini 2007-2015-ci illərdə Azərbaycanın 3500-dən çox gəncinin xaricdə təhsil imkanı qazandığını bildirib. O, dəyişən dünya üçün strategiyaların formalaşdırılmasının vacibliyini və təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Müasir dövrdə təhsilin keyfiyyəti ilə bağlı məsələlərə də toxunan Firudin Qurbanov qeyd edib ki, son illərdə təhsildə keyfiyyətin artırılması üçün mühüm addımlar atılıb: “İllər əvvəl 1063 şagirdə 1 kompüter düşürdüsə, 2020-ci ildə bu say 36-ya enib. Hədəf 2026-cı ilə qədər 6 şagirdə 1 kompüterin düşməsini təmin etməkdir.

O, təhsildə rəqəmsallaşma, STEAM layihələri və məktəbəqədər təhsilin genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub: “Hazırda ölkə üzrə 400 məktəbdə STEAM Mərkəzi fəaliyyət göstərir və 280 minə yaxın şagird bu layihəyə cəlb olunub. Şuşa və Ağdam kimi azad olunmuş ərazilərdə də müasir STEAM mərkəzləri yaradılıb”.

Ölkəmizdə keçirilən Beynəlxalq SAF festivalına toxunan nazir müavini əlavə edib ki, noyabrda keçiriləcək festivala 30 ölkədən 1400 iştirakçının qatılacağı gözlənilir. “Burada şagirdlər həm bilik və bacarıqlarını nümayiş etdirir, həm də dostluq əlaqələri qururlar”, – deyə nazir müavini qeyd edib.

Firudin Qurbanov çıxışında məktəbəqədər təhsilin genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub və regiondakı vəziyyətlə maraqlanıb.
Hazırda bir neçə olimpiada qalibimizin dünyanın nüfuzlu şirkətlərində çalışmasına diqqət çəkən Firudin Qurbanov olimpiada qaliblərinin sayının artırılması istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb.

“Prezident İlham Əliyev XXI əsrin tələblərinə cavab verən, hərtərəfli dünyagörüşünə malik, ailəsinə və dövlətinə bağlı gənclərin yetişdirilməsini prioritet elan edib. Biz yeni sənaye inqilablarının yaxınlaşdığını görürük. Robotlar insanları əvəz edir, ona görə də təhsildə əzbərləmə yox, yaradıcı düşüncə formalaşdırmaq lazımdır”, – Firudin müəllim bildirib.

Son olaraq, o, müəllimlərə müraciət edib: “Sinifdə və məktəb xaricində şagirdlərinizə nümunə olun. Şagirdləri sevin, onları motivasiya edin. Sizin yetişdirdiyiniz şagirdlər ölkəmizin gələcəyini formalaşdıracaq. Təhsil və tibb sahəsində səhv etmək olmaz, çünki hər ikisi birbaşa insan həyatı ilə bağlıdır. Sizə çətin, amma şərəfli işinizdə müvəffəqiyyətlər arzulayıram”.

Sonda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov dəyərli tövsiyələrə görə nazir müavini Firudin Qurbanova təşəkkürünü bildirib. O qeyd edib ki, bu məqamlar prioritet istiqamətlər kimi nəzərə alınacaq. Artıq təhsilin inkişafı ilə bağlı bir neçə hədəf müəyyənləşdirilib, görülən işlər üzrə hesabatlılıq təmin olunur və öhdəliklərin yerinə yetirilməsi daim izlənir. Elçin Kərimov qısa müddətdə böyük uğurlara imza atacaqlarına inandığını vurğulayıb.

Elçin Kərimov daha sonra məktəbəqədər hazırlıq qruplarının sayının artırılması üçün işlərin aparıldığını vurğulayıb. O bildirib ki, məktəbəhazırlıq qruplarının əhatə dairəsi genişlənməkdədir və 2025-2026-cı tədris ilində bu göstəricinin 85%-dən də yüksək səviyyəyə çatdırılması planlaşdırılır. Bundan əlavə,  uşaq sayı az olan yaşayış məntəqələrindəki məktəbəqədər hazırlıq qruplarında şagird sayının artırılması məqsədilə onların qonşu yaşayış məntəqələrinin məktəbəqədər hazırlıq qrupları ilə birləşdirilməsi nəzərdə tutulur. O, həmçinin dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin tərəfdaşlığı ilə bağlı yeni modellər üzərində işlədiklərini və irəliləyişlərin gözlənildiyini bildirib.

Görüşün sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.


 

Xəbər lenti