Logo

BSU-nun “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının bölmə iclası Gəncədə keçirilib

30.05.2025 13:02 65 baxış
IMG

Mayın 29-da Bakı Slavyan Universitetinin (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransının Gəncə regional bölməsi keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra onlar Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Plenar iclasdan öncə Ulu Öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev konfrans iştirakçılarını salamlayaraq, “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın regional bölmələrinin artıq ənənə halını aldığını qeyd edib. O bildirib ki, əvvəlki illərdə konfransın regional bölmələri Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə birgə olaraq Lənkəran və Quba şəhərlərində təşkil edilib.

A. Nağıyev çıxışında may ayının 7 və 8-də BSU-da keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransın məqsədinin müasir dövrün Azərbaycanı ilə bağlı qlobal və milli çağırışların elmi müstəvidə müzakirə olunması olduğunu vurğulayıb. Qeyd olunub ki, builki konfransa Azərbaycan, Türkiyə, Rusiya, Şimali Makedoniya və İndoneziyadan ümumilikdə 255 müraciət daxil olub, onlardan 167-si məruzə üçün qəbul edilib. İki gün ərzində 4 dildə keçirilən bölmə iclaslarında 142 məruzə dinlənilib. Bu bölmələrdə “Heydər Əliyev və Güclü Azərbaycan”, “Qərbi Azərbaycan: milli irs və qayıdış hüququ”, “Yeni dövrün çağırışları: milli ideya və gələcəyə baxış”, “Konstitusiya və suverenlik”, “Müharibə və postmüharibə dövrü ədəbiyyatda və incəsənətdə”, “Yeni geosiyasi mərkəz – Türk dünyası” kimi mühüm istiqamətlər üzrə aktual mövzular müzakirə olunub.

Rektor bildirib ki, müasir, müstəqil və güclü Azərbaycanın inkişafının təməlində Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası dayanır. O, çıxışında Ulu Öndərin dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən, azərbaycançılıq ideyasını ümummilli ideologiya səviyyəsinə yüksəltməsindən, bu dəyərin elmi şəkildə tədqiq olunmasının və yeni nəslə ötürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Anar Nağıyev, eyni zamanda, yeni dövrün çağırışları fonunda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirdiyi inkişaf prioritetlərindən söz açmışdır. O, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərini diqqətə çatdırıb. Bu kontekstdə rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında keçirilən görüşünün böyük tarixi və siyasi əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.

Çıxışının sonunda Anar Nağıyev konfransın Gəncə regional bölməsinin təşkilinə göstərilən dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət Universitetinə (GDU), Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) və Azərbaycan Texnologiya Universitetinə (ATU) təşəkkürünü bildirmişdir.

Plenar iclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev tədbir iştirakçılarını salamlayaraq, bu cür beynəlxalq səviyyəli elmi konfransların bölgələrdə təşkilinin əhəmiyyətini vurğulayaraq, konfransın Gəncədə keçirilməsini şəhərin elmi və ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib.

Daha sonra GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Vüqar Rəhimzadə və ATU-nun prorektoru Şahmar Həsənov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, müstəqil Azərbaycanın inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər və zəfər tariximiz barədə geniş fikirlər səsləndiriblər.

Plenar iclasdan sonra GDU-da konfransın bölmə iclası öz işinə başlayın. BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhmədin moderatorluğu ilə baş tutan iclasda BSU, GDU və ADAU nümayəndələri tərəfindən maraqlı məruzələr təqdim olunub.

Xəbər lenti