Logo

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30.05.2025 16:40 86 baxış
IMG

Azərbaycan Tibb Universitetinin tələbə və kursantları üçün seminar təşkil olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarı ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açaraq bildirib ki, bugünkü mövzumuz cəmiyyətin ciddi probleminə çevrilmiş, gənclərimizi ağuşuna alan narkomaniya və dini radikalizm, o cümlədən kibercinayətkarlıqla bağlı olacaq.

Prorektor M.Səfərov narkomaniya və dini radikalizm, onların cəmiyyətdə yaratdığı fəsadlar və qorunma yolları ilə bağlı tələbələri məlumatlandırmaq üçün sözü Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayevə verib.

Polis rəisi narkotik vasitələrdən istifadənin cəmiyyətdə ciddi narahatlıq yaratdığına toxunaraq onun fəsadları, qarşısının alınması üçün maaariflənmə tədbirlərinin aparılmasının zəruriliyindən danışıb: “Cəmiyyətdə narkomaniyanın yayılması və buna qarşı aparılan mübarizənin effektli olmaması, belə tədbirlərin keçirilməsinə səbəb olur. Hesab edirəm ki, aparılan mübarizə təkcə hüquq-mühafizə orqanlarının öhdəsindən gələcək bir işi deyil, eyni zamanda, hər kəs bu məsələdə fəallıq nümayiş etdirməli, birgə mübarizə aparmalıdır”.

Rəis V.Ağayev ölkəmizdə 36 min 659 narkomanın qeydiyyatda olduğunu, onlardan 852 nəfərini qadınlar təşkil etdiyini bildirib. Qeydiyyatda olanların 1147 nəfərinin Nəsimi rayonu ərazisində yaşadığını, onların 55 nəfərinin qadınlar olduğunu təəssüflə qeyd edib.

V.Ağayev, eyni zamanda, dini radikalizmin ən çox gənclərə vurduğu ziyandan da söhbət açıb. Bu səbəbdən onları müxtəlif dini qruplaşmalara qoşulmamağa çağırıb, dini terror təşkilatlarının qurbanına çevrilməmələri üçün lazımi tövsiyələrini də verib.  

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis kapitanı Araz Bayramov isə tələbələrə kibercinayət, onun cəmiyyətə vurduğu ziyan, necə qorunma yolları ilə bağlı məlumat verib. Kibercinayət dəstələrin qurbanına çevrilməmələri üçün tələbələri ayıq-sayıq olmağa dəvət edib: “Ola bilər ki, sosial şəbəkələr vasitəsilə sizlərə mesajlar gələr, şirnikləndirici oyunlara dəvət edərlər. Kart məlumatlarınız və digər məlumatları istəyərlər. Bu cür hallara rast gələndə ehtiyatlı və diqqətli olun. Çalışın, özünüzlə bağlı olan məlumatları kimsəyə ötürməyin. Bəzən yaxın qohum və ya dostların səsi ilə telefonla danışar, müxtəlif bəhanələr uydurar, sizə kart nömrəsi göndərər, ora pul köçürməyi tələb edərlər. Şübhəli zənglər vasitəsilə bu cür edimiş təklifləri yerinə yetirməyin”.

Çıxışlar zamanı cinayətkar dəstələrin törətdiyi çoxsaylı nümunələr səsləndirilib, tələbələri maraqlandıran suallara rəis V.Ağayev və kapitan A.Bayramov tərəfindən ətraflı cavablandırılıb.

Sonda ATU-nun Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev çıxış edib. Keçirilən tədbirin əhəmiyyətindən söhbət açıb. İctimai asayişi yüksək səviyyədə qoruduğuna, cəmiyyətdə aşılanan zərərli vərdişlərə qarşı apardığı mütəşəkkil mübarizəyə görə polis işçilərinə dərin təşəkkürünü bildirib.

Tədbir zamanı polis əməkdaşları tərəfindən maarifləndirmə məqsədilə tələbələrə broşürlər də paylanıb.       

 

 

 

 


 

Xəbər lenti