Logo

“Azercell” “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na start verib

30.05.2025 15:23 74 baxış
IMG

“Azercell” şirkəti rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, layihənin məqsədi məktəbliləri rəqəmsal məkanda qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaq və onlara təhlükəsiz onlayn vərdişləri aşılamaqdır. Təlimlərdə iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinqə qarşı mübarizə üsulları üzrə praktiki biliklər təqdim olunur. Beynəlxalq standartlara əsaslanan proqram Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən aparılır.

İlkin mərhələdə proqram Xızı, Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəbləri əhatə edib. Ümumilikdə 250-yə yaxın məktəblinin iştirakı ilə keçən təlimlərdə şagirdlər virtual mühitdə üzləşə biləcəkləri risklər, həmçinin trollinq, kiberbullinq və onlara qarşı effektiv mübarizə üsulları barədə geniş məlumat əldə ediblər. 

Bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə tərəfdaşlığı ilə yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığı, peşəkar inkişaf, ictimai maarifləndirmə, məhsul tədqiqatı və həllərin hazırlanması istiqamətində fəaliyyət göstərir.

Azercell artıq on ilə yaxındır ki, internet təhlükəsizliyi mövzusunda maarifləndirmə təşəbbüsləri həyata keçirir. Bu layihələr nəticəsində Bakı və regionlarda minlərlə uşaq və valideyn rəqəmsal təhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı zəruri biliklərlə təmin olunub. Şirkətin bu sahədə davamlı fəaliyyəti ölkədə kibertəhlükələrə qarşı dayanıqlı maarifləndirmə mühitinin formalaşdırılmasına əhəmiyyətli töhfə verir.

 

 

 

 


 

Xəbər lenti