“Euronews Academy” daim dəyişən media mühitində məzmun yaratmaq və media subyektini uğurla idarə etmək üçün iştirakçılara qabaqcıl media texnikalarını öyrədən yüksəkkeyfiyyətli təlim proqramları təqdim edir.
TƏHSİL.BİZ xəbər verir ki, “Euronews Academy” hazırda fəaliyyət göstərən peşəkar media nümayəndələri, həmçinin gələcək jurnalistlər və media mütəxəssisləri üçün nəzərdə tutulmuş “Euronews” telekanalının təhsil proqramıdır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində beynəlxalq tədris platforması olan “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır.
Jurnalistika və media sahəsində peşəkar bacarıqları inkişaf etdirməyə yönələn proqramın ilk modulu olan və 23-27 iyun tarixlərində keçiriləcək “Rəqəmsal jurnalistika” təlimində gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri ödənişsiz şəkildə iştirak edə bilərlər.
“Rəqəmsal jurnalistika” təlim proqramının modulları
1. Rəqəmsal xəbər toplanması və “data” əsaslı jurnalistika
2. Rəqəmsal video strategiyası və yeni formatlar
3. Sosial media və “YouTube” kanalının idarə olunması
4. Jurnalistlər üçün innovativ təcrübələr: süni intellekt alətləri, SEO və məlumatın vizuallaşdırılması
5. Mobil jurnalistika
Təlimçilər: Altunkaya Tuba (jurnalist, “Euronews”), Fatih Yetim (Baş sosial media redaktoru, “Euronews”), Archil Mikadze (Baş texnologiya direktoru (CTO) Euronews Georgia)
Namizədlər üçün tələblər
1. A. jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri
B. 1-3 illik təcrübəyə malik gənc jurnalistlər
2. Yüksək akademik göstəricilər (Ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 75 baldan yuxarı olması və ya ekvivalenti). Tələbələr qeyri-rəsmi transkript və ya ÜOMG-nin aydın göründüyü portalın ekran görüntüsü təqdim etməlidirlər. Zərurət yaranarsa, təşkilatçılar rəsmi transkript tələb edə bilər.
3. İngilis dili üzrə təməl (basic) biliklər
4. Akademik layihələr, nəşrlər və ya əlavə fəaliyyətlər vasitəsilə jurnalistika və media sahəsində mövcud bilik və təcrübə
5. Peşəkar inkişaf və yaradıcılıq ilə bağlı güclü motivasiya.
Müraciət üçün lazım olan sənədlər
1. Təhsil və iş təcrübəsini (əgər varsa) əhatə edən Azərbaycan və ya İngilis dilində ətraflı CV.
2. Azərbaycan və ya İngilis dilində motivasiya videosu (3 dəqiqəyə qədər). Videoda yuxarıdakı 4 və 5-ci bəndlərə toxunulmalı, namizədin bu proqramda niyə iştirak etmək istədiyi və kursun gələcək karyera planları ilə necə əlaqəli olduğu izah olunmalıdır. Diqqət edilməli məqamlar: məqsədlərin aydınlığı, proqramla uyğunluq, orijinallıq və səmimilik, struktur və məntiqi ardıcıllıq, peşəyə dair məlumatlılıq, şəxsi keyfiyyətlər və motivasiya.
3. Tələbə biletinin surəti.
4. Azərbaycan və ya İngilis dilində müəllim tərəfindən imzalanmış tövsiyə məktubu üstünlükdür.
Seçim prosesi
Bütün kurslar üzrə seçim prosesi birlikdə həyata keçirilir. Sənədlər 30 may – 12 iyun tarixləri ərzində saat 18:00-dək (Bakı vaxtı) təqdim edilməlidir. Son tarixdən sonra daxil olan sənədlər nəzərdən keçirilməyəcək.
Seçim prosesi təqdim olunmuş sənədlərin qiymətləndirilməsi əsasında aparılacaq. Namizədlər “Namizədlər üçün tələblər” bölməsindəki meyarlara əsasən dəyərləndiriləcək.
Seçim nəticələri 20 iyun tarixinədək e-poçt vasitəsilə namizədlərə bildiriləcək.
Təlimin 23-27 iyun tarixlərində keçiriləcəyi nəzərə alınaraq bu tarixlərdə proqramda iştirak edə biləcək şəxslərin müraciət etməsi tələb olunur.
Proqramla bağlı bütün suallar üçün əlaqə saxlaya bilərsiniz:
E-poçt: [email protected]
Telefon/WhatsApp: +994 55 557 01 58