Bakı Dövlət Universitetinin (BDU) “BDU TETYM” komandası “FICS 2025” startap müsabiqəsində üçüncü yerə layiq görülərək bu ilin avqustunda Pakistan İslam Respublikasında keçiriləcək böyük finala vəsiqə qazanıb.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, mayın 27-də Azərbaycan Texniki Universiteti və Pakistanın Milli Elm və Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsi keçirilib. Beynəlxalq müsabiqədə Azərbaycanın 21 ali təhsil müəssisəsindən 60 komanda, Qazaxıstanın 1 universitetindən isə 2 komanda iştirak edib.
Qeyd edək ki, FICS (Finding Innovative & Creative Solutions) Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir.