Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə çıxış edən fakültənin əməkdaşı Şəbnəm Əlizadə erməni vandalları tərəfindən işğal dövründə Qarabağın təbiətinə qarşı törədilmiş ekoloji terror barədə ətraflı məlumat verib. Bildirib ki, işğalçı dövlət uzun illər ərzində Azərbaycan torpaqlarında digər cinayətlərlə yanaşı, kütləvi formada ekoloji cinayətlər törədib, mədəni, tarixi irsimizlə bərabər, təbiətimiz də düşmənin hədəfində olub: “İşğal dövründə Qarabağda həyata keçirilmiş ekoloji terror aktları, biomüxtəlifliyin kütləvi şəkildə məhvi, beynəlxalq hüququn ciddi şəkildə pozulması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Bu müddət ərzində Qarabağda nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş flora və fauna növləri ziyan görüb, bəzi növlərin yaşayış arealları dağıdılıb, bəzi hallarda isə bu növlər tamamilə məhv edilib”.
Tədbirdə Qarabağ və ətraf ərazilərdə Ermənistan tərəfindən törədilmiş ekoloji terror faktlarının beynəlxalq müstəvidə araşdırılması, ekoloji cinayətlərin beynəlxalq ekspertiza əsasında qiymətləndirilməsi, cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ekoloji monitorinq və bərpa işləri davam etdirilir. Bu monitorinqlər nəticəsində təbiətin, təbiətdə yaşayan canlıların məhvi, eləcə də məscidlərimizin, tarixi abidələrimizin məqsədli şəkildə dağıdılması faktlarının aşkar edilməsi erməni vandalizminin mahiyyətini bir daha üzə çıxarır: “2020-ci ilin noyabrında tarixi Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra xalqımız öz tarixi torpaqlarının əbədi sahibi oldu. Bu gün qüdrətli dövlətimiz tərəfindən Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri ilə yanaşı, əsrarəngiz təbiətimiz də yenidən canlanır, dirçəlir”.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.