“Seçdiyimiz yol təhsil vermək yolu deyil, təhsilə cəlb etmək yolu da deyil, cəzbetmə yolu olub və olmaqda davam edir.”
Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq. Bu, hər şeydən əvvəl getdikcə vüsət alan informasiya məkanında təhsilalanları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansısa biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq, onlarda bacarıq və qabiliyyət aşılamaq zərurətindən irəli gəlir. Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır, elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, tədris planlarının təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfəsini verməlidirlər.
Hazırda demək olar ki, Azərbaycan universitetlərinin heç birində təhsilin keyfiyyəti qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq da qeyrı mümkündür. Təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin "laboratoriya mərkəzinə” çevrilib. Bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı, həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqalar aparan institutlarımız ucdantutma universitetlərə çevrildikdən sonra həm ixtisaslı kadr hazırlığından, həm də ciddi elmi araşdırmalar aparmaqdan məhrum olub. Nəyə görə iqtisadi gücləri üst-üstə topladıqda Azərbaycanın gücü qədər olmayan ölkələr bizdən qabaqdadır?
Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə nəyə görə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci tapa bilməməyimiz sualı bu günümüzdə də aktuallığını saxlamaqdadır. İnstitutlar tələb-təklif prinsipi əsasında xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirməli, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər yetişdirməli, akademiya isə öz növbəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi funksiyasını daşımalıdır.
Əlbətdə razilaşmaq olar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) keçid balını 350-dən 150-yə endirməsi, daha sonra 200-ə qaldırması məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı yeganə çıxış yoludur. Çünki boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə əmək qabiliyyətli işçidən deyil, eyni zamanda, o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir.
Digər tərəfdən 150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək, o qədər də çətin deyil. Universitetləri bitirən "diplomçularımızın” işə düzəlməyi, özlərinə gələcək karyera qurmaları üçün hansı məşəqqətli yollardan keçməsi – əlavə kurslara, təlimlərə, treninqlərə müsabiqə və imtahanlara məruz qalması bunun bariz nümunəsidir.
Bəlkə, beynəlxalq təhsil sisteminə inteqrasiya maraqları bizi qabaqlayıcı tədbirlərə əl atmağa sövq edib? Bəlkə zənn etmişik ki, təhsilimiz də ölkəmizin iqtisadi inkişafına adekvatdır? Əgər beynəlxalq inteqrasiyaya istinad ediriksə, dünya təcrübəsində Kaliforniya Texnologiya institutu, Stokholm Kral Texnologiya institutu, Kiyev Politexnik institutu, Tbilisi Dövlət İdarəetmə institutu, Daşkənd Dövlət Hüquq institutu kimi yüzlərlə institut bu gün də öz əvvəlki statusunda fəalyyətini davam etdirir. Deyək ki, Norveçdə 6 universitet olduğu halda, 25 institut mövcuddur. Qonşu Gürcüstanda isə 26 dovlət ali məktəbindən yalnız 8-i universitetdir. Çexiyada ancaq elmlər namizədi və doktorlar hazırlayan ali məktəblər universitet adlanır.
Universitetlərin tarixi ilə az-çox maraqlananlar bilməmış deyillər ki, Avropada 425-ci ildə yaradılan ilk ali təhsil müəssisəsi Konstantinopol universiteti yalnız 848-ci ildə bu statusu alıb. 1636-cı ildə kollec formasında fəaliyyətə başlayan Harvard universiteti isə müxtəlif illər boyu müxtəlif fakültələr açmaqla və təkamül yolu ilə yalnız 200 ildən sonra universitetə çevrilib. Daim ən nüfuzlu reytinqlərin "onluğunda” birincilər sırasında qərarlaşan, kompyuter və robot texnologiyaları mərkəzi, elm və texnika lideri, 75 Nobelçi məzunu olan Massaçusets institutu ənənəsinə sadiq qalaraq bu günümüzədək institut adlanir.
Əgər nəzərə alsaq ki, institut (latınca "institutum”) müəssisə, təsisat anlamına gəlib, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, universitet (latınca "universitas”) toplu, məcmu mənasını verən mütəxəssis hazırlığı ilə yanaşı, həm də əlavə təhsil proqramlarını həyata keçirən çoxprofilli aparıcı ali təhsil müəssisəsi, akademiya (yunanca "akadema”) elmi təşkilat, cəmiyyət olaraq fundamental və tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidirsə, deməli bunların hər birinin təyinatı da fərqlidir.
Biz Təhsil haqqında Qanunda istifadə olunan anlayişların mənalarını ifadə edərkən akademiya, institut, universitet bəndlərinin mahiyyətini, sanki bilərəkdən eyniləşdirərək, hər üç müəssisəyə eyni şərtlər və tələblər – ali təhsilli mütəxəssis hazırlığı, əlavə təhsil proqramlarını həyata keçirmək, elmi tədqiqatlar aparmaq səlahiyyətləri verərək məqsədindən, vəzifəsindən, maddi texniki bazasından, kadr potensialından asılı olmayaraq, istənilən fəaliyyət göstərən və yeni yaradılan müəssisəyə istənilən adı və statusu seçməyə şərait yaratmışıq.
Bu zaman əhəmiyyət vermədiyimiz, bəlkə də xəbərsiz olduğumuz bir detalı nəzərə almamışıq ki, Boloniya (1088), Oksford (1117), Kembric (1209), Sarbonna (1215), bugünkü tariximizə nisbətən yaxın olan Harvard (1636), Lomonosov adına MDU (1755) və digər adını çəkmədiyimiz universitetlər bu adı almaq və bu nüfuzu qazanmaq üçün çox əsrlik bir yol keçiblər. Zaman-zaman hektarlarla əraziyə sahib olublar, özlərinə müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi-tələbə şəhərciyi (kampus) yaradıblar, elmi-tədqiqat institutları, kollecləri, elmi laboratoriyaları, qapalı yataqxanaları, fundamental kitabxanaları, arxivləri, nəşriyyatları, muzeyləri, herbariləri, botanika bağları, yaxt klubları, tələbə teatrları, yaradıcılıq mərkəzləri, dərnəkləri olub, hər tələbəyə tyutor xidməti göstərilıb və s.
Universitetlərimiz ali məktəb olaraq konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğul olmalı, eyni zamanda elmi işlər də aparmalı, elmi pedaqoji vəhdət kimi fəaliyyət göstərərək, onların nəzdində bir neçə ixtisas üzrə tədris işlərini həyata keçirən fakültələr olmalı, tədris planlarının hazırlanmasında və həyata keçirilməsində, elmi işlərin aparılmasında sərbəstliyə və akademik dərəcələrin verilməsində sərbəstliyə malik olmalıdırlar.
Heç bir maddi-texnika bazaya, müvafiq infrastruktura, adi yataqxanaya belə malik olmayan, bütün mövcud institutları ucdantutma universitetlərə və akademiyalara çevirməyə hazır idikmi? Belə çıxır ki, seçdiyimiz yol təhsil vermək yolu deyil, təhsilə cəlb etmək yolu da deyil, cəzbetmə yolu olub.
İndi də yeni ali təhsil sisteminə keçidlə bağlı, ali təhsilin bakalavr pilləsinin ləğv ediləcəyi, iki yeni təhsil səviyyəsinin tətbiq olunacağı, əsas ali təhsilin 5-6 il və ixtisaslaşdırılmış təhsilin 1-3 il davam edəcəyi, bakalavriatın iki ilə, maqistraturanın 1 il yarıma endirilməsi, “elmlər doktoru mərhələsinin ləğv edilməsi” barədə gedən qızğın müzakirələrə qoşulmuşuq. Universitetlərin istehsalat müəssisələri ilə əlaqələrinin qurulmasından, məzunların təcrübə keçməsi üçün şərait yaradılmasından isə danışan yoxdur.
Nə qədər ki, ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirilməyəcək, o cümlədən ali məktəblərə muxtariyyət verilməsi ilə bağlı əsas təkliflər həyata keçirilməyəcək, ən başlıcası isə universitetlərimiz kampus halında fəaliyyət göstərməyəcək, onların fəaliyyətində müəyyən problemlərin yaşanması da bir o qədər qaçılmaz olacaq.