Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) elmə, tədqiqata və innovasiyalara həsr olunmuş “Elm və İnnovasiya Həftəsi” çərçivəsində bir sıra tədbirlər keçirir.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, ADAU-nun təşkilatçılığı ilə növbəti belə tədbir - “Elmin İnkişafı Forumu - 2025” keçirilib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan forumun əsas məqsədi Azərbaycanın elmi potensialını, çağdaş tədqiqat istiqamətlərini və milli elmi siyasətin inkişaf yolunu müzakirə platformasında bir araya gətirməkdir.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov deyib ki, “Elm və İnnovasiya Həftəsi” çərçivəsində keçirilən forumun əsas məqsədi ali təhsil müəssisələrinin elmi fəaliyyətlərdə artan rolunu, universitet-tədqiqat birliyini və gənc alimlərin elmi prosesə daha fəal cəlb olunmasını diqqətdə saxlamaqdır.
Sonra ADAU-nun Elm şöbəsinin müdiri Elçin Nəsirovun moderatorluğu və Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və Ege Universitetinin professoru Mustafa Özgür Tatarın iştirakı ilə “Milli elmi siyasət: Ali təhsil və elmi tədqiqat” mövzusunda panel müzakirə keçirilib.