Logo

ADPU-da tədbir: “Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev yaddaşlarda”

08.05.2025 08:47 80 baxış
IMG

Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatı tərəfindən “Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev yaddaşlarda” adlı tədbir keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, əvvəlcə qonaqlar Ulu Öndərin universitetdəki abidəsini və şəhidlərin xatirəsinə yaradılmış guşəni ziyarət edib, ADPU-nun Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Tədbiri açan Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının sədri dosent Sultanəli Qurbanov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyi tarixindəki mühüm rolundan bəhs edib.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında vurğulayıb ki, Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan dövlətinin intellektual inkişafının təməlini təşkil edir. Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970-1980-ci illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin aparıcı ali məktəblərində və elmi mərkəzlərində təhsil almaları üçün geniş imkanlar yaradılmışdı. Gənclərin biliklərə yiyələnməsi, onların milli kadra çevrilməsi, müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərin yetişməsi Ulu Öndərin həyata keçirdiyi kompleks və düşünülmüş siyasətin nəticəsidir və bu siyasət indi də Azərbaycanda uğurla davam etdirilir.

“Fitoterapevtlər İctimai Birliyi”nin sədri professor Məlahət Qəhrəmanova və Azərbaycan Tibb Universitetinin baş müəllimi, UNESCO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun üzvü Aida Bəndəliyeva çıxışlarında bildiriblər ki, Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində apardığı uğurlu quruculuq işləri ölkədə səhiyyə sistemini gücləndirdi, əhalinin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova qeyd edib ki, Ulu Öndər qadınların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin edərək, onların hüquqlarını təmin edən ciddi islahatlar aparıb. Həmin islahatlar nəticəsində Azərbaycan qadın hüquqlarının təmini sahəsində nümunə dövlətlərdən birinə çevrilib.

ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Ulu Öndərin müəyyən etdiyi milli-mənəvi istiqamətin bu gün də Azərbaycan gəncliyinin formalaşmasında aparıcı ideoloji bazaya çevrildiyini vurğulayıb.

Tədbir ümumi müzakirələrlə davam edib. Sonda YAP sıralarına yeni daxil olmuş əməkdaş və tələbələrə üzvlük vəsiqəsi təqdim edilib.

Xəbər lenti