Logo

“Əziyyətimin bəhrəsini görmək qürurvericidir” – Olimpiada qalibinin uğurlu hekayəsi

08.05.2025 08:30 73 baxış
IMG

Dəniz Abdullazadə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Bu il Respublika fənn olimpiadasında qazandığı qızıl medal onun həm böyük sevincinə səbəb, həm də illərdir çəkdiyi zəhmətin bəhrəsi olub. 

“Əziyyətimin bəhrəsini görmək qürurverici hissdir”, – deyə Dəniz qürurla qeyd edir.

Uğur təsadüfən gəlmir. Dəniz bu nailiyyətin arxasında planlı və məqsədyönlü əmək dayandığını vurğulayır: “Demək olar ki, bütün günümü hazırlığa ayırırdım. Sistemli şəkildə çalışırdım”. 

Bu uğurun təməli isə hələ uşaqlıqdan qoyulub. Dəniz ana dilinə xüsusi marağının kiçik yaşlarından formalaşdığını, kitab oxumağı sevdiyini və bu marağın onu daim irəli apardığını bildirir.

Olimpiadaya hazırlaşarkən çətinlikləri də az olmayıb. Əsasən vaxt çatışmazlığı və digər dərslərlə balans yaratmaq çətinliyi ilə üzləşib. Lakin düzgün planlaşdırma, ailəsinin və müəllimlərinin dayaq kimi yanında olması bu çətinliklərin öhdəsindən gəlməsinə imkan yaradıb: “Ailəmin və müəllimlərimin mənə inamı böyük motivasiya mənbəyi idi”.

Dəniz üçün həm ana dili, həm də xarici dillər ayrı-ayrılıqda önəmlidir: “Ana dili doğma dilimizdir və mənim üçün çox dəyərlidir. Xarici dil isə dünyaya açılmaq üçün vacib vasitədir. Hər iki fənn düşünmə və özünüifadə bacarığımı inkişaf etdirdi”.

Müəlliminin uğur yolundakı rolu isə danılmazdır. Dəniz bunu xüsusi vurğulayaraq bildirir.

O, gələcəkdə hüquq təhsili almağı, xüsusilə ADA Universitetində oxumağı qarşısına məqsəd qoyub. Uğur üçün təkcə istedadın kifayət etmədiyini, zəhmət və düzgün istiqamətlə inkişafın da əsas olduğunu düşünür: “İstedad vacibdir, amma onu inkişaf etdirmək üçün zəhmət və səbir də olmalıdır”.

Boş vaxtlarını musiqi dinləyərək, yürüş edərək və bəzən düşüncələrini, məqsədlərini yazaraq keçirən Dəniz üçün bu fəaliyyətlər həm rahatlıq, həm də motivasiya mənbəyidir.

Sonda Dəniz ona daim dəstək olanlara – 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayevə və fənn müəllimi Səidə Məmmədovaya da xüsusi təşəkkürünü bildirir. Bu uğurun arxasında onların diqqət və inamının dayandığını deyir.

Qeyd edək ki, Respublika fənn olimpiadasının nəticələrinə əsasən, Gəncə - Daşkəsən regionu üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən 1 şagird qızıl, tarix fənnindən 3 şagird gümüş, tarixdən 4, biologiyadan 1, Azərbaycan dili və ədəbiyyat fənnindən 1 nəfər olmaqla, ümumilikdə 6 şagird bürünc medala layiq görülüb.

Xəbər lenti