Son zamanlar təhsil müəssisələrində, əsasən orta məktəblərdə baş verən qalmaqalların ardı-arası kəsilmir. Xüsusilə ötən günlərdə 112 saylı məktəbdə şagirdin digər sinif yoldaşına fiziki şiddət göstərməsi, 48 saylı tam orta məktəbdə şagirdlərin müəllimin dərsə gəlməməsindən istifadə edərək pomidor-yumurta bişirməsi, Sumqayıtda 24 saylı məktəbdə yuxarı sinif şagirdlərinin azyaşlı uşağı ayaq yolunda bağlı saxlamaları, 310 saylı məktəbdə ibtidai sinif müəlliminin 4-cü sinif şagirdini döyməsi, Naxçıvanda 10-cu sinif şagirdinin sinif otağında özünü asması, istər-istəməz məktəblərdə polis nəzarətinin olması fikirlərini gündəmə gətirir.
Tehsil.biz mövzu barədə ekspertlərin fikirlərini öyrənib.
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov saytımıza açıqlamasında bildirib ki, istənilən halda məktəblərin ciddi mühafizə olunması vəziyyətdən çıxış yolunun əsas şərtlərindən biri olaraq qalır: "Məsələ heç də məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili nizam-intizam qaydalarını yüksəltmək lazımdır. Yaxşı olardı ki, məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır. Ən əsası məktəbin girişin də daha etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlar sorğu-sual edilməli şəxsiyyəti müəyyənləşdirilməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz. Həm də yalnız məktəbin daxili deyil, həyətyanı ərazisi də də qorunmalıdır. Şübhəli şəxslər məktəblərin həyətinə belə buraxılmamalıdır. Məktəbi polisin ümidinə qoymaq “repetitorların ümidinə qalan təhsilimiz” azmış kimi “polisin ümidinə qalan məktəblərimiz” kimi yeni söz-söhbətlərə rəvac verə bilər".
Dosent İlham Əhmədov məktəblərdə mütəmadi olaraq xoşagəlməz hadisələrin baş verməsinə rəğmən polis rejimi yaradılmasının doğru olmadığını hesab edir: "Sadəcə olaraq məktəb kollektivinin məsuliyyətini artırmaq lazımdır. Bundan əlavə, valideynlər tez-tez təhsil müəssisəsi ilə əlaqədə olmalı, vaxtaşırı məktəblərə getməlidir. Valideynlərlə müəllimlər arasında mütəmadi olaraq onlayn iclas keçirilməli, məktəb və ailə əlaqələri güclənməlidir. Bir çox valideynlərin pedaqoji bilgiləri yoxdur və onlar övladlarını necə tərbiyələndirməli, hansı metodlardan istifadə etməli olduqlarını bilmirlər. Düşünürəm, bunun üçün valideynlərlə bu tipli kurslar təşkil olunsa, yaxşı olar".
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, tədris ilinin başlanmasına az qalmış təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır: "Etiraf edək ki, bütün məktəblərin mühafizəsi mümkün deyil. Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və o sayda orta ixtisas təhsili müəssisəsi, 100-ə qədər peşə təhsil müəsssiəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər. Qanunvericilik aktlarına uyğun olaraq deyim ki, orta məktəblərin mühafizəsi ilə bağlı Elm və Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edim ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar. Təklif edirəm, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin, bir neçə yaxın məktəbə o polis dəstələri nəzarət etsin. Çox vaxt məktəblilərin iştirakı ilə bədbəxt hadisələr məktəbdə deyil, məktəbdən kənar yerlərdə baş verir. Odur ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər. Uşaq bir neçə gündür, dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri "məktəbə gedirəm" adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır. Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktəblərin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır. Məktəblərdə mühafizə deyəndə polis yada düşür. Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Onda məktəblərin təhlükəsizliyi təmin olunacaq".
Təhsil eksperti Məzahir Məmmədli "Tehsil.biz"ə açıqlamasında bildirib ki, son vaxtlar cərəyan edən hadisələrin sosial şəbəkələrdə çox sürətlə yayılması qəribə haldır: "Hesab edirəm ki, bu kimi hallarda məktəblərdə nəzarət mexanizmləri gücləndirilməlidir. Nəzərə alsaq ki, məktəblərdə kişi müəllimlərin də sayı azdır, şagirdlərin xanım müəllimlərdən çəkinməsi də yoxdur, buna görə də heç olmasa, müəyyən kameralar quraşdırmaqla proseslərə nəzarət etmək olar. Əlbəttə, məktəbin mühafizəsi üçün polis daha yaxşı seçim ola bilər".
Təhsil eksperti Elçin Əfəndiyev məktəblərin polis nəzarətində olması fikrini dəstəkləyib: "Mütləq polis nəzarət sistemi yaradılmalı, mühafizə polisi gətirilməlidir", - o bildirib.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Tehsil.biz"ə açıqlamasında məktəblərə polis qoyulması kimi təcrübənin olmadığını bildirib: "Bütün rayonlarda polis əməkdaşları sahəvi xidmət üzrə məktəblərlə qarşılıqlı olaraq əməkdaşlıq edir. Daxil olan müraciətlərə çevik reaksiya verilir. Məktəblərə polis qoyula bilməz, çünki belə təcrübə yoxdur".