Logo

Təhsilli qadın: təhsilli ailə, təhsilli cəmiyyət deməkdir

11.02.2021 20:33 3395 baxış
IMG

Düz altı il bundan əvvəl, yəni 2015-ci il dekabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası təsdiq etdiyi qətnamə ilə 11 fevralı Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü olaraq qəbul etdi. BMT-nin baş katibi Antonio Quterreşin bu münasibətlə verdiyi bəyanatda deyilirdi: “Gəlin, dünyanın bütün ölkələrində hər bir qızın təhsil almaq arzusunu yerinə yetirmək və onların dayanıqlı gələcəyə töhfə verməsini təmin etmək üçün birgə səylər göstərək.”

 

Məşhur fransız tarixçisi Lamartin "nadir və bənzərsiz şəxsiyyət" adlandırdığı Məhəmməd peyğəmbər hələ əsrlər bundan əvvəl: "Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək." - deyə, buyururdu.

 

Doqquz əsr bundan əvvəl isə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatında tutduğu mövqeyə belə yanaşırdı:

 

Elmlə, hünərlə! Başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Hazırkı təbəddülatlı dünyanın bir çox çətinliklərini, dəyişkənliklərini nəzərə alaraq təhsilin insan həyatında əhəmiyyətinin vacibliyini görmüş olarıq. 2010-cu ildə “Beynəlxalq Savad Günü”ndə savadlılıq və qadınlara səlahiyyət verilməsi mövzusunda çıxış edən UNESKO -nun Baş Direktoru İrina Bokovanın sözlərini xatırlayaq: “Qadınların təhsilinə investisiya qoymaq çox yüksək nəticələr doğurur: yaşayış yaxşılaşır, uşaq və ana sağlamlığı inkişaf edir və qızların təhsilə çıxışı artır. Qısaca, savadlı qadınlar bütün inkişaf faktorlarına müsbət təsir göstərir"

 

Həqiqətən də görünür ki, bir qadının təhsilə cəlb edilməsi nə qədər müsbət nəticələr verir. Bu məqamda böyük insan, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız.Bir qiza təhsil verməklə isə təhsilli bir ailə qazanarsınız" - fikirlərini xatırlamaq yerinə düşər.

 

Təhsilin kütləviliyini yaxşı dərk edən yaxın Şərqin ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti kişi və qadın hüquqlarını bərabərləşdirməklə, bütün vətəndaşlarına, həmçinin də qadınlara səsvermə hüququ verməklə hələ o zaman bu sahədə böyük uğura imza atmışdılar. O dövrdə hökumət qadınların maariflənməsi məsələsinə xüsusi həssaslıqla yanaşırdı. Beləki, həmin illərdə 4 qadın gimnaziyası, 3 Müqəddəs Nina qız tədris müəssisəsi fəaliyyət göstərirdi.

 

Azərbaycan qadınlarının ilk qurultayı 1921-ci ilin fevralında Bakıda keçirilmişdir. Qurultayın çağırılmasında əsas məqsəd Azərbaycanın işləyən qadınlarının fəallığını artırmaq və mahallarda qadın şöbələrinin işini təşkil etmək idi. Qurultayda "Maarifçilik haqqında" olmaqla bir neçə məsələlər də müzakirə olunmuşdur. Ancaq bir həqiqətət də budur ki, 1969 -cu ildə respublikamıza ilk dəfə rəhbər təyin olunan əbədiyaşar Heydər Əliyev dövlət səviyyəsində , həmçinin özünün nəzarəti ilə qadınlara diqqət və qayğı göstərmiş, onların problemləri ilə maraqlanmışdır.

 

Hələ o vaxt 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley zamanı nitq söyləyən Uli öndər Heydər Əliyev: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun" - deyərək, çox həssas və vacib məsələyə toxunmuşdur.

 

Ümummilli liderimiz Heydər Əliyev hər çıxışında Azərbaycan qadınının tarixən keçib gəldiyi şərəfli yolundan qürurla söz açmışdır. İkinci dəfə xalqın təkid və sevgisi ilə hakimiyyətə gələndən sonra da qadın və qızlarımızın talehini, onların yüksək təhsil almasını ən prioritet məsələ kimi gündəmdə saxlamışdır.

 

Bu gün Heydər Əliyevin siyasi kursunu Cənab Prezidentimiz İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva layiqincə və yüksək səviyyədə davam etdirirlər.

 

ISESKO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi isə düşünürəm ki, bizim xalqımız üçün ikiqat sevincli bir məqamdır. Çünki ötən il Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti və xalqımızın birliyi ilə azad etdiyimiz Vətən torpaqlarında yenidən elm, təhsil ocaqları yaradılacaq. Müqəddəs torpaqlarda yenidən qadınlar və qızlar elmi biliklərə, yüksək təhsilə yiyələnəcəklər.

 

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti