İndi orta məktəblərdə xarici dilin öyrədilməsi işində şifahi nitqin inkişafı, nitq fəaliyyətinin intensivləşdirilməsi məsələsi aktual bir problemə çevrilmişdir.
Orta məktəbi bitirən hər bir şagird xarici dil üzrə aşağıdakı bacarıq və vərdişlərə yiyələnməlidir:
- tədris materialı əsasında qurulmuş canlı nitqi və lentə yazılmış 4-5 dəqiqə müddətində səsləndirilən, dəqiqədə sürət etibarilə 80-100 sözdən ibarət olan nitqi başa düşmək;
- proqramda nəzərdə tutulan mövzular üzrə söhbətdə iştirak etməyi və söhbət zamanı sual-cavab verməyi bacarmaq.
Bundan başqa, tədris edilən fənnin qarşısında təlim-tərbiyə məqsədi qoyulur ki, bu da proqramın tələbindən irəli gəlir. Proqramda bu haqda yazılır: “Gənc nəslin xarici dilləri öyrənməsi, xalqlar arasında qarşılıqlı anlaşmanı asanlaşdırır, dostluq, işgüzar və mədəni əlaqələrin genişlənməsinə və möhkəmləndirilməsinə kömək edir. Xarici ədəbiyyatla müstəqil işləmə bacarığına yiyələnmək, elmi və texniki, bədii ədəbiyyatdan istifadə etmək üçün geniş imkanlar açır. Xarici dil tədris fənni kimi şagirdlərin ümumi təhsilini artırır, onların təfəkkür və nitqlərinin inkişafına təsir edir.
Prof. A.A. Mirolyubov xarici dilin tədrisi məqsədindən bəhs edərkən yazır ki, məktəbdə xarici dilin tədrisi iki məqsədlə: kommunikativ – öyrənilən dildən ünsiyyət vasitəsi kimi istifadə etmək bacarığının yaranması (formalaşması) və şagirdlərin ümumitəhsilini, tərbiyəni inkişaf etdirən təlim-tərbiyə işi məqsədilə aparılır.
Ölkəmizdə xarici dillərin tədrisi, ümumtəhsil və tərbiyəvi məqsəd daşıyır. Bu məqsədlərin konkret müəyyənləşməsinə diqqət yetirək:
a) ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi;
b) elm və texnikanın, incəsənətin müxtəlif sahələrində qazanılan fikir mübadiləsi;
v) nümayəndələrin gediş-gəliş məsələsi.
Bu məsələləri nəzərə alaraq, hökumətimiz orta məktəbdə xarici dilin əsaslı öyrənilməsi üçün xüsusi qərar qəbul etmişdir. (SSRİ Nazirlər Sovetinin 27 may 1961-ci il qərarı). Həmin qərarda xarici dildən bir ünsiyyət vasitəsi kimi istifadə edilməsi məqsədi irəli sürülür. Bundan başqa qərarda deyilir ki, şagirdlər praktik vərdişlərə yiyələnməlidirlər.
Xarici dil tədrisinin başqa bir məqsədi də şagirdlərin təfəkkürünü inkişaf etdirməkdən ibarətdir. Hər bir fənnin tədrisi şagirdlərdə məntiqi təfəkkürün inkişafı məsələsini qarşıya məqsəd kimi qoyur.
Şagirdlər xarici dili öyrənməyə başlayarkən onlar hər şeyi müqayisə etməyə, nəticə çıxarmağa qadir olurlar. Öyrəndikləri məsələləri analiz edir, konkret fikir söyləyir və müəyyən nəticələr çıxarırlar.
Şagirdlər artıq keçilən materialları təsnif etmək, onları müqayisə edərək fikir söyləmək, cümlədə olan sözləri, sözlərdə olan səsləri ayırmaq, onların hər birinə aid qayda söyləməyi bacarırlar.
Xarici dil tədrisində şagirdlərin elmi dünyagörüşünü və ideya-siyasi tərbiyəsini daha yaxşı inkişaf etdirmək mümkündür. Bu işdə seçilən mətnlər elə tərtib edilməlidir ki, onlar xarici dil tədrisinin məqsədlərindən biri hesab edilsin.
Xarici dilin tədrisi zamanı müəllim şagirdlərdə beynəlmiləlçiliyi tərbiyə etmək məqsədini unutmamalıdır. Dili öyrənilən xalqın inqilabı keçmişini müəllim şagirdlərə geniş izah etməlidir. Verilən mətnlərdə xalqlar dostluğu, beynəlmiləlçilik, vətənpərvərlik ideyaları geniş əksini tapmalıdır.
Deməli, ümumtəhsil məktəblərində xarici dillərin tədrisi praktik, ümumtəhsil və tərbiyəvi məqsəd daşıyır.
Praktik məqsəd – şagirdlərə şifahi nitq bacarıq və vərdişləri aşılamaq, oxu və yazı vərdişləri öyrətməkdən ibarətdir.
Ümumtəhsil məqsəd – şagirdlərdə təfəkkürün və ümumdünyagörüşün inkişafı məsələlərini yaratmağı nəzərdə tutur, onlara elmlərin əsasını öyrətməyi tələb edir.
Tərbiyəvi məqsəd – şagirdlərin dünyagörüşlərinin inkişafı, gələcək cəmiyyətdə yaşayacaq insanların əsl nümunəsini tərbiyə etməyi qarşıya məqsəd qoyur.
Camal Zeynaloğlu
İngilis dili müəllimi