Logo

Kitab bağışlamağı ənənəyə çevirək - Bu gün o gündür

14.02.2021 14:45 853 baxış
IMG

Hələ əsrlər bundan əvvəl müsəlman dünyasının böyük şəxsiyyətlərindən biri olan Hz. Əli buyururdu ki, uşaqlarınızın sabah söz sahibi olmasını  istəyirsinizsə, bu gündən onlara yaxşı kitablar hədiyyə edin. Həqiqətən də kitab insan mənəviyyatının bütövləşməsində, kamilləşməsində müstəsna rol oynayır. Çəkinmədən deyə bilərik ki, hər kəsin qarşısında baş əyəcəyi əlahəzrət bir varlıq varsa, o da kitabdır. Bu gün isə insan övladına hava, su, od, torpaq qədər vacib olan kitabın günüdür. Elə sabah da...


Mənəvi həyatımızın rəhninə çevrilmiş kitabın bugünki gününün də maraqlı tarixçəsi var. Beləki, Beynəlxalq kitab bağışlama günü Emmi Brodmoor tərəfindən 14 fevral 2012-ci ildə ABŞ-da  yaradılıb. Bu gözəl ənənə ölkəmizdə də bir neçə ildir ki, qeyd edilir. Bütün dünyada  uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bu insanların gördüyü iş sözsüz ki, alqışlanmağa layiqdir. Həmin tarix sadəcə simvolik bir gün kimi qeyd olunur. Əslində kitab bağışlamanın günü yoxdur. 
 

Bu əlamətdar günü - kitab bağışlamağı düşünürəm ki, ilin bütün günləri həyata keçirmək lazımdır. Düşünsək ki, internet şəbəkəsinin sürətli inkişafı nəticəsində artıq kitablar da elektronlaşıb, onda kitab hədiyyə etmənin nə qədər vacib olduğunu anlamış olarıq. Ümumiyyətlə, müasir informasiya texnologiyalarının bugünki sürətli inkişafı artıq milyonlarla kitabın elektron variantını bizlərə daha əlçatan etmişdir. Ancaq bütün bunlar insanı kitabın sehirli ətrinə bürüyə bilmir.

 

Bir anlıq təsəvvür edək ki, müqəddəs "Qurani - Kərim" in özünə belə kitab deyirik. Təsadüfi deyil ki, müqəddəs kitabın ilk ayəsi "Oxu!" sözü ilə başlayır. Bundan sonrakı ayədə isə  "Qələmə and olsun!" deyilir. Aləmlərin Rəbbi bu yolla insanlara oxuyub-yazmağın əhəmiyyətini, kitabın dəyərini çatdırır.


Bu günün reallığını nəzərə alanda görürük ki, insanların ən yaxın dostu olan kompüter texnologiyası, o cümlədən internetin  insanlara təsiri olduqca yüksəkdir. Amma bununla belə çalışmaq lazımdır ki, ənənəvi kitablardan uzaq düşməyək. Bu gün informasiya texnologiyaları nə qədər sürətli inkişaf etsə də, insan nə qədər müasirləşsə də, ancaq təbiətə bağlı olan insan övladı hər məqamda sanki təbii bir güc axtarır. Bu təbii güc - kitabdır. Biz bütün gücümüzü kitabdan alırıq.
 


Amerikalı komediya aktyoru, yazıçısı, həmçinin də televiziya ulduzu olan Groucho Marx deyirdi: "Televizoru çox faydalı hesab edirəm. Nə zaman biri televizoru açsa, digər otağa keçib kitab oxuyuram". Biz də sonsuz inamla deyə bilərik ki, müasir dünyamız, müasir insanımız heç zaman kitabdan uzaq düşməyəcək. Kitabın həqiqi dostları onun kitab  ənənəsini qoruyacaq. Məhz "Beynəlxalq kitab bağışlama Günü"də bu ənənəni yaşadır və davam etdirir.


Hətta, müasir texnologiyaları ilə dünyanı dəyişdirən yaponlar belə ən çox kitab oxuyan xalqlardan hesab olunur. Onların “kitab insan ruhuna məlhəmdir”, “kitablar ruhun qidasıdır” kimi atalar sözləri isə özündə böyük mənəvi yük daşımaqla bərabər, həm də kitabın dəyərinin, qiymətinin sonsuzluğunu, bəşəriliyini göstərmiş olurlar.

 

Kitab bizim - dünənimiz, bu günümüz, sabahımızdır. Kitab bağışlamaq isə böyüklüyümüz, ucalığımız, savabımızdır.

 
Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti