Kitab dükanı təkcə ticarət vahidi deyil, daha dərin, sosiomədəni hadisədir.
İcazə verin, fikrimi izah edim və Azərbaycandakı kitab mağazalarından, onların fəaliyyətlərindən, yaxşı və pis cəhətlərindən danışım.
Avropanın bəzi şəhərlərində kitab dükanları bir və ya bir neçə küçədə mərkəzləşir. Küçəyə girirsən, çox mərtəbəli, geniş kitab dükanlarını bir-bir gəzməyə başladınsa, küçəni başa çıxanda altı-yeddi saat keçmiş olur.
Baş ofisi bir ölkədə olmaqla bütöv qitədə dükanlar şəbəkəsi olan “Fnac”, “Amicus Books”, “John King” kitab dükanları ikinci əl, nadir kitablar, səyahət kitabları, orta əsrlərə dair kitablar və s. olmaqla ixtisaslaşıblar. Bakıdakı kitab dükanlarında bir rəf təşkil edən “səyahət kitabları” orada bütöv bir kitablar şəbəkəsinin profilidir. Söhbət belə bir kitab sferasından gedir.
Londondakı məşhur “Daunt Books” kitabçısı insanların saatlarca kitablara baxa biləcəyi, taxta eyvan və rəflərində uzun səyahətlərə çıxa biləcəyi, sürpriz kitablar tapa biləcəyi isti, mülayim bir yerdir.
Kitab dükanlarının kitab qədər maraqlı tarixçəsi, hekayəti olur. Kitab dükanları, nəşriyyatlar ittifaqa girir, siyasət müəyyənləşdirir, kitab və kitabətrafı proseslərə təsir edir və ayrılırlar. Onlar oxucuya alıcıdan daha artıq, seçici, istehlakçı, istehsalçı, gənclik, beyinlər dalğası kimi baxır. Mədəniyyət öz-özünü və cəmiyyətin meyllərini idarə edən, təyin edən müstəqil biznesə çevrilir.
Kitab dükanları çoxlu turist cəlb edən bir məkanadır. Bəzi kitab dükanlarında təkcə kitab yox, eyni zamanda, yemək, içki və digər şeylər də satılır. Bazar günləri antik əşyalar hərraca çıxarılır. Sərgilər keçirilir, konsertlər, yazıçılarla görüşlər təşkil edilir. Hər kitab dükanının maraqlı və fərqli dizaynı olur. “Barter” üsulu ilə işləyən kitabçılar yaranır. İnsanlar gəlib kitablarını dəyişirlər.
Kitab dükanlarının sahibləri ən azı ədəbiyyat tənqidçiləri qədər ədəbiyyatdan məlumatlı olurlar. Necə ki elə nəşriyyatlar var, onlar özlərinə hörmət edir. Eyni zamanda, elə məşhur kitabçılar olur ki, orda hər kitab satılmır. Onların rəyi bəzən kitabların arxasında olur. Oxucular bu rəyə güvənib kitabı alırlar.
Kitab dükanlarında filmlər, musiqi klipləri çəkilir.
Uşaq kitabçıları xüsusən seçilir. Uşaqlara kitab oxumaq üçün mağazanın içində hər cür şərait yaradılır. Özünəxas, göz oxşayan interyer və eksteryerləri ilə gözəl tikililərin daxilində maraqlı kitab dünyaları yaradılır.
Bir sözlə, onlarda kitab dükanları təkcə ticarət müəssisəsi deyil, həm də mədəniyyət hadisəsidir.
İndi isə ürək ağrısı ilə qayıdaq Azərbaycandakı, daha dəqiq, Bakıdakı kitab dükanlarına. Ona görə Bakıdan danışacağam ki, kitab mağazaları yalnız Bakıdadır. Nə qədər ürək ağrıdan məqam olsa da, təəssüf ki, bu belədir. Böyük şəhərlərdə bir-iki kitab mağazası var, amma onlar da ya işləmir, ya da kitab mağazasından ofis malları satılar mağazaya “təkamül edib”.
Gəlin Bakıdakı kitab mağazalarını bir neçə qrupa ayıraq.
1. Fikir versəniz, əslində, Bakıda çoxlu kitab dükanları var. Amma bayaq yuxarıda saydığım kitab mağazaları kimi yox, testlər, qrammatika kitabları, gündəliklər, dərs vəsaitləri, dərsdənkənar vəsaitlər və bir-iki detektiv roman satılan xırda obyektlərdir. Bu cür kitab mağazaları, əsasən, “28 May”, “Elmlər” metro-stansiyası tərəflərdə, yeraltı keçidlərdə yerləşir. Onlar dolanışığını məktəb ləvazimatlarından, A4 kağızdan və ofis mallarından çıxarır. Bu mağazalar kitab mağazası deyil. Ədəbiyyatla yaxından və uzaqdan əlaqəsi yoxdur.
2. İkinci qrupa isə kiçik, amma, həqiqətən, kitab mağazası olmağa haqqı olan kitabçılar daxil edirəm. Bu mağazalar son illərdə şəhər mədəniyyətinin tərkibində formalaşmağa başlayıb. Şəhər olmasa, onlar da olmaz. Şəhər mədəniyyəti yaranandan sonra yeni-yeni peşələr əmələ gəlməyə başladı ki, bunlara quru təmizləmə, avtobusların içində limon, corab, üzqırxan satmaq, fahişəlik, tik-tokerlik, vaynerlik və s. aiddir. Bir kənddə vaynerlik edə bilmədiyiniz kimi, bu cür kitab mağazalarını da şəhərdən başqa yerdə işlədə bilməzsiniz.
Bu, əslində, yaxşıdır. Az büdcə ilə padvallarda, yaşayış binalarının birinci mərtəbələrində, şəhərin icarə haqqı az olan qıraq yerlərində açılan bu mağazaların sahibləri əsasən cavanlar olur. Onlar, həqiqətən də, işlərini sevdikləri üçün, bir az da fədakarlıq edərək bu işlə məşğul olurlar. Sərgilərə qatılırlar, yaradıcı şeylər etməyə çalışırlar, çatdırılma daha sürətli olur, xaricdən kitab sifarişi ala bilirlər, daha azaddırlar, nisbətən ucuz olurlar, ən vacibi isə bir az söhbət edəndən sonra pulun yoxdursa belə, hansısa gəncə, tələbəyə pulsuz, nisyə kitab verə bilirlər. Belə mağazaların olması gözəldir. Həmin mağazaları işlədən gənclərə səmimiyyətlə təşəkkür edirəm. Onlar gedib pomidor-xiyar, yaxud qızıl dükanı da aça bilərdilər. Amma kitab dükanı açıblar.
Lakin hələ də bayaq yuxarıda saydığım şərtlərə cavab verə bilmirlər. Bu isə çox sadədir. Onların pulu yoxdur. İnanıram ki, onların pulu olsa, məkanlarını genişlədər, daha maraqlı və rəngarəng bir kitabçı yaradarlar.
3. Bu qrupa isə “Libraff” və “Ali Nino” kitab mağazalarını aid edirəm. Bu mağazalar iri, kifayət qədər gəliri olan, yetəri qədər işçi işlədən, böyük ticarət mərkəzlərində və bir-iki rayonda filialları açılan kitabçılardır. Onlar, belə demək olarsa, müəyyən qədər də monopolistdirlər. Bunu pis mənada demirəm. “Google” da monopolistdir. Əgər işini yaxşı və keyfiyyətli görürsənsə və insanlar səni seçirsə bu öz-özünə baş verən, bazarın boşluğu səbəbi ilə əmələ gələn monopoliyadır.
Bu kitabçılarda sanki hər şey "tez al, get" üçün hesablanıb. Divarlar boyunca kitab rəfləri və qiymətlər, dükanın ortasında bir masa, üstündə səliqəylə ən populyar, həmçinin "tendy" kitablar, jurnallar və qəzetlər, qapının çıxışına yaxın kassa və kassir. Dükanlar kiçikdir. Üst rəfləri adətən elə-belə, doldurmaq xətrinə doldururlar. Kassirin, yaxud satıcının gözü sənin üstündədir. Elə ki, on dəqiqədən artıq yubandın, artıq nəzərə çarpırsan, kassir, yaxud satıcı qalxıb sənə yaxınlaşır, məlum satıcı sualları soruşur. O sualları ki, ət dükanında da soruşurlar. Belə bir proses.
Mən isə kitab alarkən ən azı onun arxasını, annotasiyasını, kitabın ən azı 1-2 səhifəsini oxuyur, internetdən kitabın tərcüməçisi, müəllifin digər kitabları və əgər varsa, kitab haqqında qısa yazılarla tanış oluram. Bu prosesi əlimə götürdüyüm 10-15 kitabda yoxlasam, azı 1 saat vaxtım gedəcək. Oturmalıyam, məkan tünlük ola bilər, amma sakitlik olmalıdır, varsa, çay içə bilərəm və sair. Dönər-ayran almağa gəlmirəm ki, “take away” üsulu ilə məsələni bitirim. Kitab alıram.
“Aldın, get” üsulu kitabçılarımızın bəlasıdır. Belə olmaz. Kitab mağazasında oxucular kitab oxumalıdır. Bu, mədəniyyətdir. Bizim kitab dükanlarımız qutabxananı, yaxud dönərxananı xatırladır.
Klaustrafobiyası olanlar (dar, qapalı məkanlardan qorxu) bir liftdə qalmaqdan, bir də Bakıda kitab dükanına girməkdən qorxurlar...
“Ali Nino”da əsasən “Qanun” nəşriyyatının, “Libraff”da isə əsasən “Teass-Press” nəşrlər evinin kitabları satılır. Bu, məncə, yaxşıdır. Nə hardadır, ən azından bilirəm. “Teas” olanda “Libraffa”, “Qanun” olanda “Ali Nino”ya gedirəm. Üstəlik, mağazalar və nəşriyyatlar yavaş-yavaş ixtisaslaşır.
Hər iki kitab mağazası son vaxtlar yaxşı işlər görməyə çalışır.
Ali Nino” oxucuların gecədən səhərə qədər mağazada qalmasına şərait yaradır, yaxud bir-neçə gün mağazası olmayan ikinci əl kitabçılara öz mağazalarında yer ayırırlar, mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli proqressivliyə açıqdır, ictimai insandır, səyahət edir, gəzir, gülür və yeyir. Sözümüzü özünə deyə bilirik.
“Libraff”da kitab təqdimatları baş tutur, şair, yazıçılarla imza günləri keçirilir və ədəbi-mədəni layihələrdə iştirak etməyə açıqdır.
Hər iki mağazada da mütəmadi olaraq endirimlər olur, komandaları yaxşı, müasir və kitabdan başı çıxan gənclərdən yığılır.
Amma Avropadakı kimi kitab mağazası atmosferi yoxdur, o standartlara cavab vermir. Kitab seçimləri az, Azərbaycan dilli kitablar isə məhduddur.
4. Bu qrupa isə yalnız “Baku Book Center” – Bakı Kitab Mərkəzi aiddir.
Bakı Kitab Mərkəzi arzuladığımız, əsl kitab dükanı ola biləcək məkan olmağa namizəddir.
Düzdür, bir az restoran, şadlıq evi janrında aurası olsa da, bütün hallarda, məncə, şəhərdəki ən yaxşı kitab evidir.
Əvvəla, çox genişdir, saatlarla qalıb kitablara baxa, oxuya bilirsən. Kitab seçimi çoxdur. Türk, rus, ingilis dilli kitablar həddindən artıq çox və kifayət qədər yaxşı kitablardır. Oturub, nəsə içmək üçün balaca restoranı var. Bakı Kitab Mərkəzinin interyeri Portuqaliya, Portoda yerləşən “Livraria Lello e Irmao” kitabçısını xatırladır. Gənclər orda uzanır, oturur, şəkil çəkir, dərsləri ilə məşğul olur, kitab götürüb oxuya bilir, uşaqlar üçün oxu günləri keçirilir, kitabla bağlı aksessuarlar satılır və işçilər nazik, mülayim və kitabdan anlayan gənclər olur.
“Livraria Lello e Irmao” kitabçısı
Düzdür, bütün bunlar ona görədir ki, Bakı Kitab Mərkəzi Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə yaradılıb. Pis cəhəti odur ki, kitablar çox bahadır. Dövlətin dəstəyi ilə yaradılan bir kitabçıda nə üçün kitab baha olmalıdır, başa düşmürəm.
Mədəniyyət adamları və incəsənət mərkəzləri indi dövlətə, ikinci mərhələdə isə ayrı-ayrı mesenat iş adamlarına möhtacdırlar.
Bu mərhələli inkişafın uzaq hədəflərində onların getdikcə “istəyən” rolundan çıxacağı, müstəqilləşəcəyi qaçılmazdır. Mədəniyyətin ələ baxması, qəzetlərin sonuncu səhifəsinə, dövlət büdcəsinin kiçik bir hissəsinə sığınması hələ ki, ən böyük problemimizdir. Adicə, uzun illərdir ki, mədəniyyətin lokomotiv saytı “Kulis”dir. “Kulis”ə alternativ bir mədəniyyət saytı varmı? Yoxdur. Biz arzulayırıq ki, yüzlərlə “Kulis” olsun. Sağlam rəqabət mühiti formalaşsın. İnsan inkişaf etdikcə incəsənət bugünkü və sabahkı mesenatlarından, yəni dövlət hakimiyyətindən və özəl iqtisadiyyatdan ayrılıb onlarla yanaşı müstəqil sahə olmalıdır.
Hələlik birinci mərhələni yaşayan azərbaycanlı mədəniyyət adamlarına düşən iş – özündə mədəniyyət adamına layiq müstəqil xarakter formalaşdırmaq, dövlətin əlavəsi olmamaq, mədəniyyətin yeni renessansına inanmaqdır.
Əgər hələ ki, mədəniyyət dövlət himayəsində “istəyən” rolundadırsa, onda Mədəniyyət Nazirliyi hara baxır və nə iş görür? Nə üçün bölgələrdə kitab dükanları açılmır? Xırda kitabçılara nə üçün dəstək olmurlar? Nə iş görür AYB?
Bu gün Bakı Kitab Mərkəzindən başqa gənclərin, azərbaycandilli oxucuların istədiyi kitabları tapacağı, kitabla vaxt keçirəcəyi, kitab oxuyacağı bir məkan yoxdursa, nəyə görə Azərbaycan Yazıçılar Birliyi Şabranda yazıçılar üçün istirahət evi tikir? Nə üçün dünya yazıçıları Azərbaycan dilinə tərcümə olunmur? Mən üç aydır məşhur yazıçı Filip Rotun bir romanını tapa bilmirəm. Nəyə görə biz dünya ədəbiyyatını ingilis, rus, ən pis halda türk dilində oxumalıyıq? Nəyə görə istədiyimiz kitaba Azərbaycan dilində olacağı halda 5 manat, yoxdur deyə xaricdən gətirildiyi üçün 10 manat verməliyik?
Vüqar Van