Logo

Beynəlxalq elmi konfrans keçirilib - FOTOLAR

08.12.2022 18:45 423 baxış
IMG

Dekabrın 8-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Dövlət Turizm Agentliyi, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini və “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın sədri Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış ediblər.

ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə konfrans iştirakçılarını salamlayıb, tədbirdən öncə Ağdam və Füzuliyə səfər edərək Qarabağdakı dağıntıları, yenidənqurma və bərpa işlərini yerində müşahidə edən Fransa, İsrail, Pakistan, Rumıniya, Rusiya, Sloveniya Türkiyə və ukraynalı iştirakçılara minnətdarlığını bildirib.

Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 Konvensiyasına üzv olduğunu vurğulayaraq bunlardan ikisinin - 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Ümumdünya İrs Konvensiyasının bilavasitə mədəni sərvətlərin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu Konvensiyalardan irəli gələn öhdəliklərə sadiq qalır.

Mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin monitorinqinin aparıldığını və bu monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığının, mənimsənildiyinin, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyinin aşkarlandığını bildirib. Əlavə olaraq qeyd edib ki, bir neçə gün bundan öncə Azərbaycanın tarixində ilk dəfə bir iclas çərçivəsində ölkəmizin düz 4 qeyri-maddi mədəni irs nümunəsi Konvensiyanın müvafiq Reprezentativ Siyahısına daxil edilib. Bununla da Hökumətlərarası Komitənin cari sessiyasında qəbul olunan əlamətdar qərarlarla UNESCO-da qeydə alınan qeyri-mədəni irs nümunələrimizin sayı 19-a çatıb. Onlardan 17-si Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya, 2-si isə “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na daxil edilib. Bu elementlərdən 11-i ölkəmiz tərəfindən milli, 8-i digər ölkələrlə birgə çoxmillətli nominasiya kimi hazırlanaraq təqdim edilib. Bununla yanaşı, artıq UNESCO-ya təqdim edilmiş daha 4 nominasiyanın növbəti illər ərzində qəbul olunması gözlənilir. Hal-hazırda Azərbaycan bu Konvensiyaya üzv 180 ölkə arasında ən fəallardan biri olaraq, nominasiya sayına görə ilk 10-luqda yerləşir.

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ili tamam olduğunu xatırladıb, Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı və fəal üzvü olduğunu qeyd edib. Mahmud Məmməd-Quliyev bu günədək UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də bu missiyanın göndərilmədiyini qeyd edib. Nazir müavini xarici ekspert və diplomatların iştirak etdiyi bu konfransda texniki missiyanın göndərilməsi üçün UNESCO-ya çağırış edib.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istənilən ölkədə turizmin inkişafında mədəni irsin əvəzedilməz rol oynadığını nəzərə çatdırıb. Fuad Nağıyev Dövlət Turizm Agentliyinin təşəbbüs və dəstəyi ilə ICOMOS-un Azərbaycan Milli Komitəsinin təsis edildiyini bildirərək, ölkədə turizm baxımından əhəmiyyətli 8 qoruğun idarəedilməsi siyasətində Ümumdünya İrs Konvensiyasının müddəalarının da əks olunduğunu ifadə edib.

Daha sonra ICOMOS-un vitse-prezidenti xanım Zeynəb Gül Ünal hazırda dünyada baş verən münaqişələr fonunda mədəni abidələrin dağıntılara məruz qaldığını vurğulayaraq onların qorunmasında 1954-cü ildə və 1972-ci ildə imzalanmış UNESCO Konvensiyalarının icrasının vacibliyini xatırladıb.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz TÜRKSOY-a üzv olan ölkələrin qeyri-maddi mədəni irsin qorunmasında birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Açılış mərasimindən sonra elmi konfrans panel sessiyalarla davam edib.

ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən sessiyada 1954-cü il Haaqa Konvensiyasının və protokollarının tətbiqindəki müsbət təcrübələr və çətinliklər müzakirə olunub.

Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin rəhbəri Şirin Məlikovanın moderatorluğu ilə təşkil olunan paneldə isə UNESCO Konvensiyalarının muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində tətbiqindən bəhs edilib.

ICOMOS Azərbaycan Milli Komitəsinin prezidenti Sədaqət Davudovanın moderatorluğu ilə keçirilən son sessiyada Ümumdünya İrs Konvensiyasının 50 İlliyi ərəfəsində görüləcək yenidənqurma məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Konfransın yekununda mədəni irsin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərin tətbiqinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və təkliflər paketinin hazırlanaraq UNESCO-ya təqdim olunması nəzərdə tutulur.

Xəbər lenti