Logo

“Şuşa yaradıcılıq emalatxanası” layihəsinə yekun vurulub - FOTO

09.12.2022 15:01 335 baxış
IMG

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, “Şuşa İli” çərçivəsində gerçəkləşən layihədə müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəlibllər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində layihənin yekun tədbiri keçirilib.

İlk olaraq qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış olublar. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənib. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri böyük maraqla qarşılanıb.

Sonra tədbir mərkəzin zalında davam etdi. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açıb. Bildirib ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.

Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini bildirib: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini qeyd edib: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk youtuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olunub. Bəstəkarlar Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyevin “Vida adajiosu” (solist Özcan Cabbari), Vüqar Məmmədzadənin “Adajio”, Xalq artisti Sərdar Fərəcovun “Elegiya”, Könül Hüseynovanın “Qoruyaq dünyamızı” (sözləri Xalq şairi Vahid Əzizindir) (solistlər Xalq artisti Gülnaz İsmayılova, Atəş Qarayev, Babək Şuşalı)  əsərləri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov) tərəfindən ifa edilib.

Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası da maraqla qarşılanıb.

Tədbir gənc şair Rəvan Cavidin “Şuşaya” şeiri (qiraətçi Hüseynağa Aslanov) və xanəndələr Babək Şuşalı, Gülzar Fərəcova, Ariz Hüseynovun ifasında  (tarda Zəki Vəliyev, kamançada Əməkdar artist Rauf İslamov, nağarada Cavidan Nəbiyev) “Qarabağ şikəstəsi”nin səslənməsi ilə başa çatıb.

Tədbirdə qonaq qismində incəsənət nümayəndələri, qazi və şəhid ailələri, Şuşa mədəniyyət işçiləri iştirak ediblər.

Xəbər lenti