Danışa bilmək böyük bir şansdır. Təkcə danışmaq yox, danışa bilmək, yəni danışmağı bacarmaq. Dinlənilməsəm belə, sadəcə danışmaq istəyirəm.
Mən çox insanın səsi, əzab çəkən ruhların hayqırışları olmaq istəyirəm. Mən Nərmin Quliyevanın səsi olmaq istəyirəm, hansı ki yaşasa idi, 13-14 yaşı olacaq Nərminin. 3 il əvvəl itkin düşüb, 3 ay sonra tapılıb, yanmış cəsədinin ortaya qoyulduğu Nərminin avazı olmaq istəyirəm. Hələ də məhkəməsi gedən Nərminin sızlayan ruhundan xəbər vermək istəyirəm. Övlad acısı yaşayan anaya, ataya ürək-dirək vermək, dəstək olmaq əvəzinə sadəcə valideynlərin səhvlərinə köklənən xalqımdan da danışıram.
7 ay əvvəl özünü binanın 9-cu mərtəbəsindən yerə atan Babayeva Xumardan da danışmaq istəyirəm. Hansı ki ölümündən sonra kimisi imtahandan az bal topladığı, kimisi də qızın zorla evləndiriləcəyi üçün intihar etdiyini iddia edirdi. Mənim yadıma gəlmir ki, Xumarın əsl intihar səbəbi bəlli oldumu?
Bu yaxınlarda qulaqlarım bu xəbəri də eşitdi, 17 yaşım bu hadisəyə də şahid oldu. İt hücumu nəticəsində qorxaraq gizli xəstəlik keçirən Gültəkindən danışıram mən. Həyatda deyil artıq Gültəkin. Gültəkinin çiyinlərinə 13 yaşında böyük yük düşdü. Qubanın 1 saylı məktəbində, 8-ci sinif şagirdlərinin jurnalında artıq Gültəkinin nə soyadı var, nə də adı.
İnsan həyatına son verən birinə haqq qazandıran “cəmiyyətimdən”, günahsız heyvanlara işgəncə edən bəzi “insan”larımızdan, o cümlədən evdəkilərini unudub ona-buna ilişən “kişi”lərdən də danışmaq istəyirəm. Hacıbəyov Üzeyri unudub Mehdizadə Üzeyri trend edən xalqımdan da danışıram. Bir sözlə, cəmiyyəti məhv edən cəmiyyətimdən danışıram mən.
Məryəm Abdullazadə
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi