Logo

"Ruhları rahatlığa qovuşan qaradağlı, xocalı, ağdabanlılarım..." - BDU tələbəsi yazır...

26.02.2021 17:51 549 baxış
IMG

Azərbaycan tarixinin faciəli səhifələrini vərəqləyərkən ermənilərin xalqımızın başına gətirdikləri ən amansız müsibətləri, ağlasığmaz dəhşətləri, tükürpədici qəddarlıqları görmüş oluruq. Yer üzünün Əhriməni olan ermənilər min bir ideoloji fitnə və fəndlərlə bəşəriyyəti xaos çəmbərinə salan şeytani  əməllərlə, mənfur diplomatik oyunlarla öz "qara" işlərini həyata keçirmişlər. İnsan qanını içən, insanlığa ləkə olan bu barbar toplumun hər zaman məqsədi və amalı ağı qaraya çevirmək olub. Bunlar öz yalanların, barbarlığın, terror əməllərini - bir sözlə bütün "qara" işlərini təlimat aldıqları kilsələrdə qara kisələrə doldurmuş, necə deyərlər Tanrını da aldada bilmişlər. Kilsə bu topluma Tanrıya ibadət etmək üçün deyil, şeytana itaət üçün bir siyasi sığınacaq olmuşdur. Bilirik ki, Van ətrafı və ona yaxın olan ərazilərə orta əsrlərdən köç etmiş ermənilərin dövləti olmamışdır. Professor, tarixçi - alim Yaqub Mahmudov öz araşdırmasında qeyd edir ki, ermənilər hələ o vaxt Qaraqoyunlu dövlətinin zamanında Üçmüədzində kilsə tikməyə icazə almışlar. Bununlada onlar kilsə tikməklə bərabər, həm də başımıza qara kisə də tikmiş oldular.


Erməni etnosunun uşaqdan-böyüyə qədər hər birinin beyninə yeridilən zəhərli "Qara dənizdən Xəzərə qədər "Böyük Ermənistan" dövlətinin olması" fikirləri azmış kimi, hələ üstəlik də analar hər doğulan erməni körpəsinin qulağına: "Türk sənin düşmənindir" - sözlərini pıçıldayırlar. Beyinləri yalanla yuyulan və zəhərli sözlərlə doldurulan ermənilər münbit şərait yarandıqca türk torpaqlarına göz dikmiş, öz bədxah niyyətlərini həyata keçirmək üçün hər cür iyrənc əməllərə əl atmışlar.
 

Bu mənfur toplumun şər ideologiyası ən dağıdıcı silaha çevrilərək bütün bəşəriyyətə və ən əsas da türk insanına tuşlanmışdır. Onların dırnaqarası faşist qəhrəmanı Qaregin Yegişeviç Ter-Arutyunyan (Qaregen Njde) təliminin ilk cümləsi belədir: "Sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir." Bu şər ideologiya ilə yeni nəsillər yetişdirən, daima regional və beynəlxalq təhlükəsizlik üçün təhlükə yaradan ermənilər qədim torpaqlarımıza ayaq basdıqları ilk günlərdən şər əməlləri ilə məşğul olmuşlar. Beləliklə, cənubi Qafqazın fəlakətli tarixi ermənilərin bu regiona tam köçürülməsi ilə başlamışdır. İki yüz ilə yaxın bir zaman ərzində erməni şovinistləri xalqımız üzərində davamlı olaraq etnik təmizləmə, soyqırım siyasəti həyata keçirmişlər.


Hələ 1948-1953-cü illərdə Azərbaycanın qərbindən 150 min soydaşımız deportasiya olundu və Kür-Araz düzənliyində yerləşdirildi. Bununla belə 1988-ci ildə iki yüz əlli min azərbaycanlı öz dədə-baba torpaqlarından qovuldu, didərgin düşənlərin başlarına müsibətlər gətirildi. Bu, həm də 1988-ci il Xocalı faciəsinə gedən yolun başlanğıcı idi. Hələ o zaman 1905-ci ildə ictimai-siyasi xadim, böyük maarifçi Ömər Faiq Nemanzadənin "İrşad" qəzetindəki məqaləsinə nəzər salaq: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər.
 

Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar”. Əlbəttə, deyilən kimi də oldu. Hətta deyiləndən də amansız, daha qəddar şəkildə erməni vəhşiliyi, amansızlığı özünü göstərdi.


Tarixin 1905, 1906, 1917 və 1918-ci illərində dörd dəfə erməni vandalizminə məruz qalmış, talan edilib yandırılmış Xocalını isə qarşıda daha müsibətli günlər gözləyirdi. Xocalı faciəsindən qabaq isə xüsusi amansızlıqla Qarabağın Həsənabad, Qərvənd, Tuğ, Xocavənd, Qaradağlı, Nəbilər, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular və bir çox kəndlərinin əhalisi qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl isə Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlıya amansız divan tutuldu.
 

1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı soyqırımı isə nəinki Azərbaycan xalqının milli faciəsi, həm də bəşər tarixinin qanlı səhifələrindən sayılır. Bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan  Xocalı soyqırımı əsrin Xirosima, Naqasaki, Sonqmi, Holokost, Lidiçe, Ruanda və Serebrenitsa kimi dəhşətli faciələrlə bir sırada dayanır. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi. Həmçinin 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirildi. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşdü. Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi. Şəhərin tarixi məhv edilməklə bərabər, həm də tarix səhnəsindən birdəfəlik silinməklə üz-üzə qaldı.
 

Dəhşətli faciədən çox keçməmiş Kəlbəcər rayonunun Ağdaban kəndində həyata keçirilmiş kütləvi qırğın aktında 67 nəfər dinc sakin qətlə yetirildi, onlarla şəxs girov götürüldü, itkin düşdü və kənd tamamilə yandırıldı. Bu azmış kimi avqustun 28-də Goranboy rayonunun eyniadlı kəndində Ballıqaya qətliamı törədilərək 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirildi. 
 

Dahi rəhbər Heydər Əliyev Xocalı soyqırımı və ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün bütün gücünü səfərbər etdi. Şəhər və rayonların müdafiəsiz buraxılmasına, baş verən ağır cinayətlərə səssiz qalmasına görə o zamanki rəhbərliyə kəskin etirazını bildirdi. Ulu öndər bu dəhşətli faciəni bəşəriyyət tarixində ən amansız soyqırım kimi dəyərləndirərək deyirdi: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür”. Həqiqətən də bu qanlı hadisə zamanı mərd əliyalın Xocalı sakinləri terrorçularla mübarizə apardı, mühasirədə qalmalarına, amansız işgəncələrə baxmayaraq ölümün gözünə dik baxmağı bacardılar.


1993-cü ildə xalqın sevgisi, təkidilə hakimiyyətə gələn Heydər Əliyev daxili sabitliyin təmin olunması ilə birlikdə, həm də 1994-cü ildə atəşkəsə nail oldu. Elə həmin ilin 1 martında Ümummilli lider Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzaladı. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral "Xocalı soyqırımı Günü" elan olundu. Bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. 1997-ci ilin 25 fevralında Heydər Əliyev "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" iki xüsusi Fərman imzaladı.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən möhtəşəm və məqsədyönlü işlər isə göz önündədir və hələ də davam edir. Bütün bu gedişatın nəticəsi olaraq ötən ilin 27 sentyabrından başlayan Vətən müharibəsinin qalibiyyətini yaşadıq. Gücünü xalqdan və yenilməz ordudan alan Cənab Ali Baş Komandanımız İlham Əliyevin sonsuz qətiyyəti, yüksək hərbi və siyasi bacarığı sayəsində illərdir düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad oldu.
 

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin əsas hissəsini işğal altında olan torpaqların azad olunmasına həsr etdi. Cənab Prezidentimiz İlham Əliyev isə Ata vəsiyyətini yerinə yetirərək həm dahi rəhbərin ruhunu şad etdi, həm də xalqın intiqamını düşməndən artıqlaması ilə almış oldu. 44 günlük Vətən müharibəsində vaxtilə xalqımızın başına gətirilən müsibətlərin səbəbkarları öz layiqli cəzalarını aldılar.
 

Qarabağın Azərbaycana məxsus olması de-fakto və de-yure olaraq öz təsdiqini tapmaqla yanaşı, illərdən bəri davam edən ağrı-acımıza da məlhəm olmuş oldu. 44 günlük Vətən savaşında isə rəhbər, ordu, xalq birliyi və haqqa mənəvi dayaq olan dost ölkələrlə birlikdə erməni faşizmi üzərində qələbə qazanmağımız bəşəriyyəti də böyük bəlalardan qurtarmış oldu. İndi Xocalı faciəsinin günahsız qurbanları timsalında Vətən uğrunda canını fəda edən soydaşlarımızın, şəhidlərimizin də əbədi rahatlığa qovuşan müqəddəs ruhları şaddır.      
 

 

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti