Qərbi Azərbaycan İcmasında tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan dilinin Meğri şivələri” kitabının (ikinci nəşr) təqdimat mərasimi olub.
Bu barədə "Tehsil.biz" AMEA-dan məlumat verilib.
Qeyd olunub ki, ikinci nəşrin redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri professor Abbas Abbasov, rəyçiləri filologiya elmləri doktorları, professor Elbrus Əzizov və professor İbrahim Bayramovdur.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov təqdim olunan kitabın əhəmiyyətindən danışıb, onun tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıb.
Tədbirdə "Azərbaycan dilinin Meğri şivələri" monoqrafiyası haqqında məlumat verilib.
Bildirilib ki, üç fəsil və əlavə hissələrdən ibarət monoqrafiyada ilk dəfə olaraq qədim Zəngəzurun cənubunda yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri öyrənilib. Müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, ərazinin bütövlükdə türkmənşəli toponimlərini əhatəli şəkildə oxuculara çatdırıb. Bunlar dilimizin tarixinin tədqiqi, qədim türk ərazilərinin öyrənilməsi baxımından çox qiymətli materiallardır.
Monoqrafiyanın birinci fəslində Meğri rayonu şivələrində nitq prosesində qarşıya çıxan sait səslər və onların variantları, sait səslərin bir-birilə asanlıqla əvəzlənməsi, daha doğrusu ön sıra saitlərinin arxa sıra saitləri ilə və yaxud arxa sıra saitlərinin ön sıra saitlərilə əvəzlənməsi, dodaqlanmayanların dodaqlananlarla, açıq saitlərin qapalılarla əvəzlənməsi və s. qeyd edilir.
Nəşrin ikinci fəsli Azərbaycan dilinin Meğri şivələrinin qrammatikasından bəhs edir. Orada əsas nitq hissələri sadalanır, hər bir izah şivə nümunələri ilə tamamlanır.
Əsərin üçüncü fəsli “Sintaksis” bəhsinə həsr olunub.
Monoqrafiyanın əlavə hissəsində Meğri şivələrində mövcud olan zəngin leksikanı görmək mümkündür. Lüğətə daxil edilmiş leksik material minə yaxın söz və söz birləşmələri şəklində şərh edilir.
AMEA-nın müxbir üzvü Misir Mərdanov, professorlar Möhsün Nağısoylu, İbrahim Bayramov, Elbrus Əzizov, akademik Muxtar İmanov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini Vaqif Şadlinski, tarixçi alim Cəbi Bəhramov və digər çıxış edənlər “Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyası ilə bağlı fikirlərini bölüşüb, onun geniş elmi araşdırmaların nəticəsi olduğunu bildiriblər.
Kitabın müəllifi Əhmədəli Əliyevin oğlu - akademik Fikrət Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.