Logo

Fəlakətə sürüklənən gələcəyimiz - VİDEO

03.04.2021 10:36 801 baxış
IMG

Təhsil Nazirliyi sosial şəbəkədə keçirdiyi sorğuya əsasən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərlərində və Abşeronda məktəblərin aprelin 5-dən bağlanacağını açıqladı. Sorğuya 50 min 612 nəfər rəy yazıb və rəy yazan respondentlərin 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini dəstəkləyib.

 

Az sonra distant formalı təhsilimizə də toxunacam. Amma hələlik keçirilən sorğu haqqında.



Rəsmi açıqlanan statistikaya görə bu gün Azərbaycanda 1 milyon 574 min 206 şagird təhsil alır. Deməli ölkədə həm də valideynlərdən birini götürsək təxmini 1 milyon 574 min 206 valideyn var. Deməli keçirilən sorğuya cəmi 3,17 faiz rəy yazıb. Rəy yazanların 45 faizinin hə cavabı ilə məktəblər bağlandı. Bəs digər valideynlərin hüququları necə oldu? Onların fikirlərini öyrənən, sorğu keçirən oldumu, yox əlbəttə. Çünki bu heç kimə maraqlı deyil. İkinci əsas məsələ. Bu gün valideynlərin neçə faizi sosial şəbəkədə var və neçə nəfər mütləq şəkildə Təhsil Nazirliyinin səhifəsini fasiləsiz izləyir. Nəzərə almalıyıq ki, Təhsil Nazirliyinin rəsmi səhifəsinin izləyicisi cəmi 149 min 550 nəfərdir və onların da əksəriyyəti müəllimdir, valideyn- şagirdlər yox. Deməli bu sorğunun həqiqəti əks etdirməsi şübhəlidir. Hər halda 1 milyondan artıq valideyinin cəmi 30 minə yaxının yazdığı rəylə məktəblərin bağlanması adekvat addım sayıla bilməz.



Düşünürəm ki, sorğu haqqında bu qədər kifayətdir. Bu arifə bir işarə. Məktəblərin COVID-19-a yoluxmanının çox olması səbəbindən bağlanması və ya necə deyərlər məsafədən təhsilə keçilməsi yoluxmanı heç də azaltmayacaq. Çünki artıq önümüzdə hər kəsin gördüyü təcrübə var. Xatırlayarsınız ki, martın 19-dan 29-na kimi məktəblərdə bayramla bağlı tətil elan edildi. Əgər martın 19-da yoluxma 933 nəfər, ölənlərin sayı 7 idisə, tətildən sonra martın 30-da yoluxanlar 2146, ölənlərin sayı isə 25 oldu. Aradakı fərqi görmək ali savad tələb etmir. Yəni 10 gün ərzində yoluxma sayı fantastik dərəcədə artaraq 2000-i ötdü. Deməli qapadılmalı yer məktəb yox, məhz kafe-restoranlar, çayxanalar, qəlyanxanalar, gecə barları, guya bağlıdır deyib səhərdən axşama kimi fəaliyyət göstərən Sədərək, Binə bazarları və digər adlarını çəkmədiyim yerlərdir. Bu arada onu da deyim ki, bütün restoranlarda hər axşam şou-proqramlar təşkil edilir. Toy edən də var, ad günü, nişan da. Bəs bunlar xəstəlik yaymır. Hələ mən hər ayın əvvəli, yaxud axırında bankomatların önündə dayanan insan selini, axşamlar supermarketlərin kassalarında bir-birinin içində növbə gözləyənləri demirəm.

 

Dostlar və qardaşlar, bəs bu sadaladıqlarım virus yaymırsa nə yayır? Niyə qurban bizim övladlarımız olmalıdır? Niyə gələcəyimiz fəlakətə sürüklənməlidir? Kim zəmanət verir ki, bütün gün kompüter, şua önündə oturan balalarımız 5-6 aydan sonra xərçəngə tutulmayacaq? Gözləri zəifləməyəcək, onurğa sistemi sıradan çıxmayacaq? Təhsilimizin də onurğası bu uşaqlar deyilmi?

 

Son bir ildə bu problemlərlə artıq rastlaşmışıq. Gələcəyin gənclərini niyə məhv, şikəst etmək istəyənlərə qarşı çıxmırıq? Niyə parklarda bir-birinin ağzının içində oturanlara qarşı sərt cəza tətbiq etmirik. Kafe, restoranları niyə bağlamırıq, niyə gücümüz ancaq gələcəyimiz olan məktəblərin qapısını qıfıllamağa yetir?

 

Bir az da distant təhsildən danışaq. Son bir ildə övladlarımızı şikəst edən distant təhsildən. O təhsildən ki, müəllim yemək yeyə-yeyə, əsnəyə-əsnəyə, ev heyvanını tumarlaya-tumarlaya dərs keçir. Xoşu gəlməyən şagirdə jarqon dolu ifadələr işlədərək əsəbini sakitləşdirir və s. Bəzi məktəblər istisna olmaqla orta məktəblərdə gün ərzində cəmi 30-35 dəqiqə dərs keçirilir. Bir gün tarix, bir gün riyaziyyat və s. Kimdi bu təhsildən razı olanlar? Heç kim. Amma özlərini razı kimi aparanlar da var. İş yerində probemim olacaq deyib məcbur tərifləyənlər. Amma inanın övladınız bu distant təhsilin əzabını çəkəndə heç kim sizə dəstək olmayacaq. Necə ki, hər gün keçirilən teledərslərin şagirdlərin təhsilinə heç bir dəstəyi olmadığı kimi. Maraqlıdır, qonşu dövlətlər “savadsızlığa yox” deyərək ənənəvi təhsilə keçib.

 

Baxın Türkiyədə yoluxma sayı fantastik dərəcədə yüksəkdir. Amma həftənin 3 günü distant olmaqla 2 günü ənənəvi təhsil sistemi tətbiq olunujr. Gürcüstanda isə sərt karantin rejimi davam edir. Amma təhsil müəssisələri açıqdır. Qonşu gürcülər ənənəvi təhsillərindən belə asanlıqla vaz keçmirlər. Çünki distant təhsilin keyfiyyətindən və ziyanından xəbərdardılar. Avropa ölkələri də eynilə. Bəs bizim ənənəvi təhsilə keçməyimizə mane olan nədir? Virusa yoluxmaq təhlükəsi 100 faiz deyil. Çünki artıq ölkədə vaksinasiya aparılır və ümumilikdə bu günə olan rəqəmə görə 856 min 363 nəfər peyvənd olunub. Müəllimlərin isə 50 faizinə COVID-19 əleyhinə vaksin vurulub. Nəzərə alsaq ki, yoluxma 18 yaşdan aşağı uşaqlarlarda az rast gəlinir və xəstəlik yüngül keçir, deməli ortada bir əmma var. Məktəblər qapadılması, bəli məsafədən təhsilə keçid yox məhz qapadılması əmması.

 

Gəlin bu əmmanı aradan qaldıraq. Övladlarımızın sağlamlığı gələcəyi naminə...

 

https://youtu.be/BAYb49dYAeM

Xəbər lenti