Logo

“Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə” kitabı nəşr olunub

17.01.2024 14:30 246 baxış
IMG

Yaxın günlərdə filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktorları Səfa Qarayev və Hikmət Quliyevin “Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə” kitabı çapdan çıxmışdır.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, kitabın filologiya elmləri doktoru Sərxan Xavəri tərəfindən yazılmış “Məkan və məna paradiqmalarında Zəngəzur folklorunun lirik kodu” adlı birinci fəslində ilk dəfə olaraq Zəngəzur folkloru xalqın tarixən məskunlaşdığı coğrafi ərazi ilə (siyasi-inzibati xəritə) onun yaratdığı mədəniyyət arasında qarşılıqlı dialektik münasibətlər kontekstində araşdırılmış, xalqın lokallaşdığı coğrafi ərazi (təbii landşaft) ilə onun yaratdığı mədəniyyət arasındakı münasibətlər sosial-antropoloji mənada götürülən “məkan” və “məna” kateqorialarının baxış bucağında nəzərdən keçirilmişdir.

Birinci fəsildə cəmiyyətəqədərki təbiət – coğrafi məkan fiziki mövcudluq, mədəniyyət isə məhz mənalar sistemi kimi nəzərdən keçirilmiş, təbii coğrafi landşaftın mədəniyyət faktına çevrilməsi onun mənalandırılması prosesi kimi xarakterizə edilmişdir. Qeyd edilmişdir ki, sosial-antropoloji folklorşünaslıqda məkan və məna anlayışları, onlar arasında qarşılıqlı münasibətlər xüsusi elmi-kateqorial platformada nəzərdən keçirilir və milli elmi düşüncədə də bu tendensiyalar nəzərə alınmalıdır.

Burada Zəngəzur folklor örnəklərindəki, xüsusən lirik janrdakı “Vətən” anlayışı ilə bağlı motivlər təbii coğrafi landşaftın mədəniyyət faktına çevrilməsi, onun xalq təfəkküründə folklorik olaraq mənalandırılması, sosial hadisə və münasibətlərin emosiemlər vasitəsilə poetik özünüifadəsi prosesi kimi dəyərləndirilmişdir. Araşdırmada son onilliklərin sosial-demoqrafik prosesləri – torpaqlarımızın işğalı, xalqımızın öz doğma yurdundan didərgin düşməsi, yurddaşlarımızın tarixi və fərdi talelərindəki faciələrin lirik folklor örnəklərində bədii təcəssümünün poetik özəllikləri, ictimai məzmunu geniş təhlil edilmişdir.

Kitabın Səfa Qarayev tərəfindən yazılan “Qeyri-şüuri psixoloji reaksiyaların folklorda simvolik proyeksiyası: “Xıdır Nəbi”dən “Novruz”a, “Hal Anası”ndan “Qurd Donlu Qadın”a məna axtarışı (Zəngəzur və Qarabağ materialları əsasında)” adlanan ikinci fəslində psixosemantik məna axtarışı kontekstində Zəngəzur və Qarabağ ərazisindən toplanılmış folklor materialları tədqiq olunmuşdur. Sosial-antropoloji tədqiqatlarda ayrıca bir istiqamət olan psixoanalitik məna axtarışı ilə bağlı araşdırmaların nəzəri postulatları Ziqmund Freyd, Geza Roheym, Karl Abram, Otto Rank, Melanie Kleyn, Alan Dundes, Simon Brunner və başqa psixoanalitik-antropoloqların insanın metaforik və simvolik kontekstdə özünüifadəsi ilə bağlı nəzəri yanaşmalarına əsaslanır. Bu yanaşmanın əsas müddəasına görə metaforik özünüifadə qeyri-şüuri arzu və istəklərin şüurun nəzarətindən yayınaraq təcəssüm olunmasına xidmət edir. İfadə olunan emosiyanın aqressiv, ambivalent və cinsi təbiəti yaradılan folklor materiallarında simvolik və metaforiklik kontekstdə təcəssüm olunur. Bu baxımdan yaradıcılıq endogen emosiyaların ifadəsi üçün “drenaj” funksiyasını həyata keçirir.

Bu nəzəri kontekstdə Zəngəzur və Qarabağ materialları əsasında Novruz bayramı ərəfəsində icra olunan mərasimi davranışların semantikası öyrənilmişdir. Tədqiqatda daha çox oğlan uşaqlarının gecələr papaq ataraq//qurşaq sallayaraq pay yığmaları və sakral kişi başlanğıcını ifadə edən Xızırın gecələr bərəkət paylaması arasında semantik əlaqə göstərilmiş və onların ekvivalent məzmunu müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, folklor faktlarının mifik və sosial məzmunundan asılı olmayaraq onların aktuallaşmasını stimullaşdıran psixoloji emosiyaların müəyyənləşdirilməsinə ehtiyac vardır. Psixoanalitik-antropoloji yanaşma nümayədələri folklorşünasların materialların insan emosiyaları ilə üzvi əlaqəsini göstərməyə cəhd etmədən yalnız onlar üzərində uzun-uzadı təsnifat həyata keçirmələrini və abstrakt mifoloji kontekstdə təhlil etmələrini tənqid etmişlər. Bu təhlil strategiyasını tədqiqatçının yaradıcı subyekt və folklor arasındakı üzvü əlaqəni göstərməkdən qeyri-şüuri yayınmasının təzahürü kimi dəyərləndirmişlər. Bu mənada Novruz ərəfəsində icra olunan mərasimi elementlərin simvolik-metaforik məzmununun analizi kontekstində “yaradılış” konseptinin daxili psixoloji motivləri aşkarlanmışdır.

Tədqiqatda, həmçinin Azərbaycan folklorunda geniş yayılmış aqressiv ana obrazları Zəngəzur və Qarabağ folklor materialları əsasında tədqiq olunmuşdur. Məlum olduğu kimi, folklorda aqresssiv ana obrazları geniş yayılmışdır. Onlar infantil mövqeyin təmsilçisi olan qəhrəmanları və ya uşaqları oğurlayır və onları yeməyə cəhd göstərirlər. Psixoanalitik-antopoloji tədqiqatları maraqlandıran əsas suallardan biri yaradıcılıqda anormal bioloji əlamətlərlə təsvir olunan və daha çox uşaqlara qarşı oral aqressiya ifadə edən qadın obrazlarının genezisində dayanan reallığın müəyyənləşdirilməsi olmuşdur. Bu anormal görünüş və davranışların psixoloji gerçəklikdən kənarda prototiplərini axtarmağın mənasız olduğunu göstərən bu tədqiqatlar onların genezisində yaradıcı mövqenin infantil situasiyasının (uşağın ana döşlərindən qidalanmasının) dayandığını vurğulamışlar. Müəyyənləşdirilmişdir ki, stereotip yanaşmaların bildirdiyi kimi, uşaq fantaziyaları “boşluqdan” ibarət deyil. Elə uşağın inkişafının ilkin dövürlərindən etibarən onda emosional qavram kimi “arzu-günah və cəza” modeli formalaşmağa başlayır. Bu kontekstdə anasını əmməklə (və ya oral aqressiya sərgiləməklə) “adamyeyemə davranış”ı sərgiləyən uşaq günahdan yayınmaq üçün tərsinə proyeksiyalanma ilə adamyeyən ana obrazı yaradır. “Hal anası”, “Qurd donlu qadın”, “Küp qarısı” kimi obrazların psixogenezisi bu psixoanalitik konsept əsasında müəyyənləşdirilmişdir.

Kitabın filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev tərəfindən yazılmış “Folklor və metafolklor münasibətləri kontekstində məna axtarışı (Zəngəzur və Qarabağ materialları əsasında)” adlı üçüncü hissəsində Zəngəzur və Qarabağdan qeydə alınmış Molla Nəsrəddin lətifələri sosial-antropoloji yanaşmalar əsasında tədqiqata cəlb olunmuş və folklorşünaslıq baxımından bir sıra mühüm nəticələr əldə edilmişdir. Müəllif ilk dəfə olaraq Amerika folklorşünası Alan Dundes tərəfindən irəli sürülən “metafolklor” konsepsiyası əsasında Molla Nəsrəddin lətifələrini diqqət mərkəzinə gətirmiş, həm Azərbaycan folkloru, həm də türk dünyası miqyasında mətnləarası variantlar perspektivindən təhlillər aparmışdır.

Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Zəngəzur və Qarabağ folklorunda Molla Nəsrəddin obrazı təkcə lətifə mətnləri daxilində deyil, eyni zamanda metafolklorik mətn variantları (janrdaxili və janrlarası) çərçivəsində də mövcuddur. Problemə bu rakursdan yanaşan H.V.Quliyev Molla Nəsrəddin obrazının lə­ti­fə diskursundan kə­nar­da – rə­va­yət və inanc mətn­lə­rində mövcud olan mahiyyətini ana­li­z edərək gös­tə­rmişdir ki, Mol­la Nəs­rəd­din ob­ra­zı ba­rə­də ənə­nə­vi mə­də­ni yad­daş­da həm po­zi­tiv – sak­ral//mis­tik, həm də ne­qa­tiv-triks­te­rik-iro­nik tə­səv­vür­lər möv­cud­dur. Eyni zamanda Zəngəzur və Qarabağ folklorunda Molla Nəsrəddin obrazının təhlili onu deməyə əsas vermişdir ki, folk­lor ya­ra­dan­la­rın folk­lor haq­qın­da “şərh­lər”ini təq­dim edən me­ta­folk­lo­rik fakt­lar, xü­su­si­lə də, inanc mətn­lə­ri Mol­la Nəs­rəd­din ob­ra­zı­nın am­bi­va­lent tə­biə­tə ma­lik ol­du­ğu­nu, do­la­yı­sı ilə lə­ti­fə mətn­lə­rin­də mey­da­na çı­xan gü­lü­şün həm də aq­res­siv mə­na da­şı­dı­ğı­nı gös­tə­rir. Aparılan araşdırma nəticəsində müəyyənləşdirilmişdir ki, Zəngəzur və Qarabağ folklorunda Mol­la Nəs­rəd­din­lə bağ­lı is­tər rə­va­yət, is­tər inanc, is­tər na­ğıl, is­tər­sə də lə­ti­fə­lə­rin kom­bi­na­si­ya­sın­dan təş­kil olu­nan me­ta­folk­lorik mətn­lə­ri­n va­ri­ant­lar pers­pek­ti­vin­dən ana­li­zi onu de­mə­yə əsas vermişdir ki, gü­lüş emo­si­ya­sı üzə­rin­də qu­ru­lan bu ad-işa­rə per­for­ma­tiv akt­da müx­tə­lif emo­sio­nal ça­lar­la­ra mü­va­fiq ola­raq dis­kurs­la­şmışdır.

Bütövlükdə, kitab Zəngəzur folklorunun müasir nəzəri-metodoloji yanaşmalar kontekstində tədqiqi, kollektiv mədəni düşüncənin metaforik-simvolik təzahürlərinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xəbər lenti