1990-cı il yanvarın 20-də baş vermiş qanlı hadisədən 34 il ötür. Hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu.
Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 134 insan qətlə yetirilmiş, 800-ə qədər vətəndaş yaralanmış və xəsarət almışdır. Sovet ordusu yanvarın 25-i, 26-da Neftçala və Lənkərana da qoşun yeritmişdir. Ümumilikdə həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə ucalmış, onlardan 25-i qadın, 20-si uşaq olmuşdur. Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, Qanlı 20 Yanvar hadisəsinə ilk hüquqi siyasi qiymət vermişdir.
Həmin hadisələr bölgələrdən də yan ötmədi. Əliyalın insanlara qarşı törədilən faciə bölgə sakinlərini də çox sarsıtdı. Onlarda dərin kədər hissi yaratdı. Hər kəs bu dəhşətli qırğına etiraz etməyə, haqq səsini dünyaya duyurmağa çalışırdı. 1990-cı il 20 Yanvar şəhidlərinin xatirəsinə ilk abidə qoyuluşu və yazılan ilk poema Azərbaycanın cənubunda olub. Həmin günlərdə hadisədən təsirlənən Astaranın Şiyəkəran kənd sakinləri çətinliklərə, maneələrə baxmayaraq Respublikada ilk dəfə 20 Yanvar şəhidlərinin xatirəsinə abidə ucalda bildilər. O vaxt bu qanlı qırğın hələ təzəcə baş vermişdi.
Respublikanın heç bir yerində 20 Yanvar faciəsinin qurbanlarına abidə qoyulmamışdı. Astaranın Şiyəkəran kənd sakinləri, Şiyəkəran kənd 1 saylı orta məktəbin coğrafiya müəllimi Əmrayev Ənam Sənan oğlu və Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyev Mehman Qaraxan oğlu şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidənin qoyulması təşəbbüsünü irəli sürür. Çünki, bölgənin ziyalıları sadə vətəndaşlar bu hadisədən çox təsirlənmişdi və şəhidlərin qanının yerdə qalması ilə razılaşa bilməzdilər. Küçələrdə işıq dirəklərinə qara bayraqlar asılmışdı. Evlərdə yas saxlanılırdı. Düzü bu hərəkətlər hakimiyyətdə olanlar tərəfindən bəyənilməsə də insanlarda olan azadlıq eşqi və şəhidlərimizə olan ehtiram hissi güclü olduğundan dirəklərdən qara bayraqları sökmədilər. Lakin buna baxmayaraq həmin vaxt sərhəd rayonu olduğuna görə xüsusi xidmət orqanlarının ciddi nəzarətində saxlanılan Astara rayonunda mərkəzi hakimiyyətin icazəsi olmadan hər hansı bir abidənin qoyulması xüsusilə çətin idi. Üstəlik hələ bu hadisəyə tam hüquqi qiymət verilməmişdi. Beləliklə, kənd sakinlərinin vəsaiti hesabına Ənam Sənan oğlu Əmrayev və Mehman Qaraxan oğlu Əliyevin əzmkarlığı sayəsində 20 Yanvar şəhidlərini xatirəsinə bu abidə qoyulur.
Abidə üzərində bu sözlər yazılmışdı: “20 yanvar 1990-cı il Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə”. Həmin günlərdə yollar, həmçinin Bakı–Astara yolu da bağlı idi. Abidə Bakıda hazırlanaraq, sovxozun yük avtomobillərindən birinin yük yerində gizlicə kəndə gətirilmişdir. Bu abidə şəhidlərin 40 mərasiminə 1 həftə qalmış 34–cü günündə böyük çətinliklərə baxmayaraq inşa edilir. Vəsaitin çox hissəsini Ənam müəllim, qalan məbləği isə kənddə Sovet hokümətinə qarşı çıxan və müstəqilliyimizi tələb edən kənd ziyalıları tərəfindən verilmişdi. Lakin o vaxt abidə qoyulduqdan sonra təşkilatçılara – xüsusilə, Ənam Əmrayev və Mehman Əliyevə o qədər təzyiqlər edilir ki, 1 il keçməmiş Ənam müəllim 35 yaşında ürək tutmasından dünyasını dəyişir. Mərhum Ənam Əmrayevin bacısı oğlu, Astara rayonu Şiyəkəran kənd 2 saylı orta məktəbin müəllimi Yunus Qulamovun və fotoqraf Əfrailin bildirdiyinə görə, bütün qadağalara baxmayaraq kənddə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə qoyulan bu abidə 34 ildir ki, böyük ehtiramla ziyarət edilir. Artıq kənddə vərdiş halını almış bir adət də yaranıb; yeni evlənənlər nikah günü gəlib burada abidənin önündə xatirə fotosu çəkdirirlər. Hadisə gecəsi iki astaralı da şəhid olmuşdur. Onlar rayonun Şahağac kənd sakini Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğlu idilər.
Mehman Qaraxanoğlu 34 günə ilk poema – “Qanlı yanvar” poemasını yazır. Mərhum şairimiz Əhəd Muxtar onu “Öz kəfən payını saxlayan şair” adlandırır. İstəyərdim o yazını oxucuların diqqətinə çatdırım: “Bir zaman xeyir–şər məclislərində ağsaqqallarımızın dilindən tez–tez belə bir alqış eşidərdik: Allah bizi heç vaxt çörəklə imtahana çəkməsin... Görünür, dünya görmüşlərimiz nə günah sahibi olduğumuzu bildikləri üçün belə belə deyirlərmiş. Vaxt gəlib çatdı və Ulu yaradan bizi belə bir sınağa çəkdi. Həyatı bu acı həqiqəti önündə çox süni vərdişlər soyudu və o vərdişlərdən biri də cızmaqaraçılıq, yazmaq xatirinə yazmaq, yalandan “banlamaq” vərdişi idi. Bu acı həqiqət önündə yalnız istedadlar tab gətirdi. Şükür olsun məsləhətinə, böyük Allah. Dəhşətli qıtlıq və ağır güzəran müqabilində bəndələrinə əta etdiyin bu yeganə təsəlliyə görə sənə minnətdarıq... Haçansa yazdığım bir şerimdən misralar yadıma düşdü: papaq altda oğul var ki, adicə bir sünbüldür, fəqət ondadır dalğalanan zəmilərin bərəkəti... Dalğalanan zəmilərin bərəkətini yaşadan yazarlardan biridir Mehman Qaraxanoğlu. Mütərcim nəşriyyatı tərəfindən buraxılmış “Məni yola sal dünya” kitabının müəllifi. Onun şerlərini oxuyanda qəfil tufandan viran qalmış baxçada yeni açılmış bir gül gəlir qabağına. Ətrini, rəngini, biçimini hifz etmiş bir gül. Şairin “Qanlı yanvar” poemasındakı inam və inadını ifadə edən misralarla fikrimi yekunlaşdırmaq istəyirəm:
Bizi qanımızla qorxutma, cəllad,
Qan ilə keçirik qara yolları.
Qızıl qanımızı sifətimizə
Sürtüb gedəcəyik üfüqə sarı...
Bu sözləri yalnız “öz kəfən payını saxlayan şair” deyə bilər...”
Onuda söyləmək yerinə düşər ki, Mehman Qaraxanoğlu 1988–1989–cu illərdə ölkədə baş verən ictimai–siyasi hadisələr içərisindən dərin kədərlə “Ağrı” poemasını yazır: “Nə böyük sayıldıq, nə cırtdan olduq,
Divlərin əlində xəlbirik demə.
Yalanlar, gerçəklər keçirlər məndən,
Mənsə mat qalmışam gerçəkliyimə
Qapılar dalında qalmışıq, Allah
Arxalı qapılar, meşin qapılar.
Kaş bircə istəyim gerçək olaydı,
Bir yol qapılardan, keçin qapılar”.
Müəllifin “Qanlı Yanvar” poeması “Ağrı” poemasının davamı kimi səslənir. Azərbaycan xalqının Müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaranırdı. Beləliklə, Azərbaycanda milli–azadlıq hərəkatının dirçəlməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin qayğılarını daim diqqət mərkəzində saxlayır.
Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalq daha da mətinləşdi. Həmin gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Qanlı 20 Yanvar hadisələrinin 34–cü ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla anır.
Cəmil QULİYEV, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, AYB-nin üzvü