Logo

Öyrənən və öyrədən müəllim

21.01.2024 12:25 236 baxış
IMG

Müəllimlik dünyada ən çətin, lakin şərəfli peşədir. Bu peşəyə həvəs Fariz Ağayevdə hələ orta məktəb illərində yaranıb.

Tarix fənninə olan xüsusi marağı onu Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə gətirib çıxarıb. Onun bu peşəni seçməkdə məqsədi tariximizi, milli mənəvi dəyərlərimizi dərindən öyrənmək idi. F.Ağayev 1995-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olub. Universitetdə oxuduğu illər ərzində tariximizi, soykökümüzü dərindən öyrəndikcə, onda bu peşəyə olan həvəs daha da artıb. Universiteti bitirdikdən  sonra 2000-ci ildən Hacıqabul şəhər 1 nömrəli tam orta məktəbdə əmək fəaliyyətinə başlayıb.

Müəyyən vaxtdan sonra gənc müəllimin savadlı, bacarıqlı, təşkilatçı olduğunu  görən  rəhbərlik  onu təhsil şöbəsinə tarix fənni üzrə metodist vəzifəsinə dəvət edir və orada   işləməyə  başlayır. Lakin  bir müddətdən sonra Fariz Ağayev öz arzusu ilə yenidən məktəbə, sinif otaqlarına, doğma şagirdlərinin yanına qayıdır və şəhər 1 nömrəli orta məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirir. Sonra Hacıqabulda yeni inşa olunan şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyə tarix müəllimi təyin olunur.  Bu təhsil ocaqlarında çalışan həmkarlarının, həm də şagirdlərinin qəlbinə yol tapır, onların sevgisini qazanır və şagirdlərinin vətənpərvər ruhda böyümələrinə nail olur.

Bu gün Fariz  Ağayev bir müəllim kimi çox sevinclidir, çünki əziyyətinin bəhrəsi olan şagirdlərinin hər bir uğurunu öz uğuru hesab edir.

Fariz Ağayev: “İşlədiyim 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdlərinin tarix fənninə olan sevgi və maraqları onları rayon üzrə bilik yarışlarında, fənn müsabiqələrində və olimpiadalarda hər zaman yüksək nəticələrlə fərqləndirib. Şagirdim Ramil Səfərov  tarix fənni üzrə bilik səviyyəsi yüksək olduğu üçün İctimai televiziyanın təşkil etdiyi “Əlaçı” verilişində iştirak hüququ qazanıb və orada da uğurla çıxış edib. Digər şagirdlərimiz  Jalə Cəlalova və Əlicabbar Məmmədov  Respublika Fənn Olimpiadasının final mərhələsində iştirak edərək IV yerə layiq görülüblər. Jalə Cəlalova  654 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasının hüquq fakültəsinə, Ləman Mehtiyeva 633, Əlicabbar Məmmədov 637 balla  Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olublar”.

Hazırda Fariz  müəllim böyük  həvəslə çalışır və məktəbin ictimai işlərində fəallıq göstərir.

Fariz Ağayevin əzmkarlığı və işinə olan məsuliyyəti, pedaqoji fəaliyyəti  Elm və Təhsil Nazirliyi tərəfindən həmişə dəyərləndirilib. Bu günlərdə o, Elm və Təhsil  Nazirliyinin  müvafiq əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Həm də  nazirlik tərəfindən “Örnək müəllim” adına layiq görülüb.

Bu gün F.Ağayevin pedaqoji fəaliyyətdə əldə etdiyi nailiyyətlər onu yeni-yeni uğurlar qazanmağa sövq edir.  O, müəllim yoldaşları ilə fikir mübadiləsi aparanda həmişə müəllimlik peşəsinin müqəddəsliyindən söhbət açır və Ulu  Öndər Heydər Əliyevin müəllim haqqında  fikrini tez-tez yada salır:

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.

Şakir CƏFƏROV

Xəbər lenti