Mənzər Niyarlı çağdaşlığımızın tanınmış yazıçılarından biridir. O, BDU-nun filologiya fakültəsini bitirib. Akademiyanın “Elm” nəşriyyatında çalışıb. Hazırda AMEA Ədəbiyyat İnstitutunun böyük elmi işçisidir. Yazıçı-jurnalistin “Həmin axşam”, “Yarımçıq məzuniyyət”, “Qızıl qaval”, “Qara örpək”, “Seçilmiş əsərlər”, “Qürbətə aparan qatar”, “Oğuz gözəlləməsi”, “Əkizlər və onların fındıqburun bacıları” adlı kitabları nəşr olunub. Müəllifin əsərləri rus, ukrayn, ingilis, özbək, fars dillərinə tərcümə edilib.
Mənzər xanımın “Vətəndən Vətənə” adlı kitabı 2019-cu ilin nəşridir (Bakı, “Mütərcim”, 2019, 176 s.). Əsərin "Ön söz" müəllifi Əli Əmirli, redaktoru Şəhla Hüseynlidir.Romanının mövzusu o taylı-bu taylı Azərbaycan haqqındadır. Əsər milli cümhuriyyətimizin 100 illiyi münasibətilə yazılıb.
“Vətəndən Vətənə”– müəllifin ahəngdar nəqletmə təhkiyəsi ilə başlayıb. Müəllif “mən”i doğulduğu vətənini – o tayı görmək istəyi ilə yaşayıb. Təbiətin ilıq, munis təsviri müəllifin intizarlı, həsrətli təhkiyəsindən başlanğıc götürüb. “Hava yavaş-yavaş açılanda ürəyim yarpaq kimi əsirdi. Birdən günəş gizlənpaç oynayan uşaq kimi üfüqdən boylandı. Gün başlayırdı. Bugünkü günün gəlişini o qədər arzulamışdım ki... Valideynlərimin hər gün yatanda da, duranda da fikirlərindən çıxmayan vətən, yurd həsrətinə, deyəsən, bu gün mən son qoyacaqdım. Neçə ay idi ki, günlərimi sayırdım. Onların bu həsrəti mənə də sirayət etmişdi. Azı mən də o torpaqda anadan olmuşdum. Doğru deyiblər, istər pis, istərsə də yaxşı, vətən çəkir adamı ...”
Cənuba getmək müəllif “mən”inin, onun anasının böyük arzusudur. “Anam da tez-tez arzulayardı bibimi. Elə hey ondan danışardı. Zavallı anamın ölümündən qabaq gözləri tez-tez Cənuba dikilərdi və mənə ürəyini boşaldıb: “–İşdi şayət, yollar açılsa, gedib taparsan doğmalarımızı,– deyərdi.– Qardaşından gözüm su içmir. Soyuqqanlıdır İsmayıl...”
Anası Cənubda–Pətəxorda, doğmaların qəbrin üstündə torpaq tökməyi vəsiyyət edib Həliməyə – müəllif “mən”inə Torpağı Savalan dağının ətəklərinə də tökməyi tapşırıb.
Anaya Cənuba getmək, vətəni görmək qismət olmur. Atasından 5 il sonra Həlimənin anası dünyasını dəyişir...
Müəllif “məni”nin təhkiyəsi lirik-psixolojidir, ona müəllifin güclü duyğusal müdaxiləsi vardır. Belə psixologizm subyektin təsvir təhkiyəsində, daha çox dialoqlarda büruzə verib. Müəllif də öz təhkiyəsində demək olar ki, bütün dialoqu öz sözü-ifadəsi, öz daxili nitqi ilə danışdırıb. Harda ki həsrət və vüsal duyğusu güclənir, o zaman müəllif “məni”nin təhkiyəyə hissi-psixoloji, emosional münasibəti başlayıb. “Sakitlik idi. İns-cins görünmürdü. Qəbirlərin arası ilə keçdikcə tər məni aparırdı. Əvvəlcə adamsızlıqdan üşəndim. Birinci dəfəydi ki, qəbirüstə tək gəlirdim. Doğmalarımın başdaşları uzaqdan görünürdü. Onlara tərəf tələsirəm. Yaxın qəbirlərin birinin üstündə “Yasin” oxuyan mollanın səsini eşidib sakitləşdim. Bu azan səsini, bir də muğamı dinlərkən qəlbim kədərlə dolurdu. Bu səslərdə bir hüzn, bu fani dünyanı dərindən duymaq çağırışı vardı”.
Həlimənin niyyəti bu olub ki, anasının vəsiyyətinə əməl eləsin, doğmalarıyla vidalaşıb evdən çıxsın, dünyasını dəyişənlərini yad etsin, onların qəbirləri üstündən bir ovuc torpaq götürsün...
Lirik-psixoloji “mən”in –Həlimənin uşaqlıq illəri İçərişəhərdə keçib. Qoşaqala qapısının yaxınlığında evləri olub... Uşaq vaxtlarında ailəsi – ata-anası, qohumları Cənuba köçüb. Həyət qapılarının ağzından bir neçə yol ayrılıb. “Orta yol ucalığı, əzəmətilə seçilən Qız qalasına gedir, sağ tərəfdəki ensiz yol isə yolu tutub gedənləri Şirvanşahlar sarayına aparır”. Mənim də oxucu olaraq marağım bundadır ki, əsərdə belə etnoqrafik cizgilər, təsvirlər, mənəvi yaddaş detalları çoxdur...Və analizçi olaraq niyyətim də bundadır ki, lirik-emosional hissiyyatlarla epik başlanğıcların təbiiliyindəki harmoniyanı müvazi canlandıra bilək...
Lirik- psixoloji “mən” in nənəsi Zinyətdir. O, 4 ildir ki, Cənuba köçüb. “Dörd il olardı ki, Zinyət nənəm – atamın anası həmişəlik Cənubi Azərbaycana köçmüşdü. Pətəxor kəndinə. Yurd adamı çəkir, –deyərdi. Ona görə də nənəm Bakıda qala bilmədi”.
Lirik “mən”in – Həlimənin əmiləri Abdulla və Səməddir, artıq onlar Cənubdadı. Subay oğlandı Abdulla. “Tudəçilərə” qoşulub. “Nənəm deyərdi ki, Abdulla Təbrizə gedəndən üzünü görmürəm. Söhbətlərindən başa düşməsəm də, əmim kimlərləsə gizli işlər görür. Sonralar ağlım kəsəndə başa düşdüm ki, “Tudəçilərə” qoşulub. Nənəm kiçik oğlunun nigarançılığını edər, yadına düşdükcə adını çəkə-çəkə ağlardı”. Səməd isə Pətəxorda ailəsiylə yaşayır.
Həlimənin nənəsi Zinyətdən sonra atası da Cənuba köçmək istəyib. “Atam böyük qardaşı Bulud əmimlə məsləhətləşəndən sonra belə qərara gəldilər ki, o da nənəmdən sonra öz ailəsini, yəni anamı, məni və qardaşımı götürüb Cənuba köçsün”.
Lirik “mən”in təhkiyəsi aydın, işıqlı, duru, ahəngdar bir təhkiyədir. Belə işıqlı təsvir təhkiyəsindən məlum olur ki, “mən”in bibisi Mələk adaxlıdır, bu səbəbdən ona bayramlıq hədiyyə gələcək... Mələk Cənubdadır, dediyimiz kimi nişanlı qızdır. Anasının dili, ağzı dualı qalıb... İbadət adamıdır. “Əvvəlcə namazını qılar, sonra namaz üstə tanıdığı, tanımadığı, hətta yolunu azmışlara da dua edərdi ki, Allah-Təala onları düz yola qaytarsın... Anamın qeybətlə arası yox idi, türkəsayalığı da vardı. Qonşularımız anamı sadəlövhlüyünə, xasiyyətindəki saflığına görə sevərdilər”.
Lirik “mən”in qonşularə Bibixanım nənədir, o tək yaşayır, əsli İçərişəhərdəndir. Fikrimizcə, yazıçının məqsədi o deyil ki, onu da geniş panoramda romanın təsvir obyektinə gətirsin, yazıçı niyyəti bizə görə əsərdəki əxlaqi-etnoqrafik detalları daha artıq boyalarda büruzə vermək olub. “Bibixanım nənə tək yaşadığından günü bizdə keçərdi. Anam da onun xətrini istəyərdi. Əsli İçərişəhərdən olduğu üçün Bakı xörəklərinin, şirnilərinin ustası idi. Şəkərburanı, şorqoğalı, paxlavanı, xörəklərdən düşbərə, qutab, fisincan bişirməyi anam ondan öyrənmişdi”.
“Mən”in– Həlimənin Bulud adlı əmisi burda, Şimalda qalıb, ailəsi– arvadı Leyla, balaca qızı Səkinə isə Cənubda - Pətəxorda yaşayır. Özü isə vaxtilə Bakıya gəlib Bibiheybətdəki neft sənayesində işləyir. O, Həliməgildən daha əvvəl Bakıya gəlib. 1915-ci ildə. “Onda ki hələ Qızıl Ordu, hələ bolşeviklər Azərbaycanı tam işğal etməmişdi”. Onda əmisi Bibiheybətdəki neft müəssisəsində işləyirdi. Bu məqamda da yazıçının hadisə və təsvirlərə münasibəti müdaxiləli, detallı, təfsilatlıdır. Yazıçı ardıcıl tarixi həqiqətin arxa və ön fonunda bədii həqiqətin çağdaşlığını canlandırıb.
Lirik “mən”in– Həlimənin atasının kömürçü bazarında dükanı olub. Onu satıb vətəninə - kəndi Pətəxora getmək istəyib...
Romanda müəllifin xatirat əlamətli yaddaş oyanmaları mətn boyu əsəri izləyib, süjetə təbii axarda daxil edilib. Lakin lirik “mən”in atasının “savab yiyəsi olması” bu və ya digər situasiyalarda, habelə, obrazların nitqində, dialoqlarında xatırladılıb. Bir detal: Balaca uşaq üç manat pulunu itirir. Ağlayır. Bunu müşahidə eləyən bir nəfər –Həlimənin atası uşağa yaxınlaşıb ona ürək-dirək verir, bax, axtar, taparsan,– deyib cəld cibindən çıxardığı bir üçlüyü xəlvəti əlində əzişdirib yerə atır. Uşaq yerdə pulu görüb, sevincək olur, elə bilir ki, öz puludur tapıb... Yazıçı etik-estetik bir çaları oxucusuna dayanıqlı, şüuraltı etmək istəyib. “Anam: – Dədənin belə işləri çox olub. Saymağnan qurtaran döyül. Sonra gülümsəyir: – Kimi ki bala, söyündürürsən ha, savab yiyəsi olursan, – deyərdi”.
Romanın lirik-psixoloji, münasibətli, müdaxiləli təhkiyəsindən hadisə və əhvalatdan çox, ailə-məişət və ictimai detallar ötürülüb. Əsərdə dövrün torpaq alqı-satqı işlərinə də münasibət detallı, fərdi və məqsədlidir. Lirik “mən”in anasının sevincinin bir səbəbi də var: Həlimənin əmisi Bulud, qonşusu Pətəxorlu Tumgöz Fərruxun torpaq sahəsini almaq istəyir... Kağız-kuğuzsuz, sənədsiz-filansız sövdələşmə başa çatır. Evdə çörək kəsiləndən sonra bir xeyli pul, əlavə, qızıl sırğa, arpa boyunbağı, mirvari qaşlı üzük də üstündə Tumgöz Fərruxu razı salırlar. Torpaq sənədsiz-sübutsuz Fərruxdan alınır...
Qumru– lirik “mən”in– Həlimənin anası Cənuba hazırlıq tədarükü görür. Tədarük prosesində görürük ki, bu qadın da oruc tutan, namaz qılan bir müsəlmandır. Bir çoxları kimi o da ölülərinə yasin oxuyur, insanlara dualar edir... Təbii ki, belə çağdaşlıq inancımız, ata-baba yaddaşımız, ruhumuz, mənliyimizdir... Müəllif də çalışıb ki, öz oxucusuna əcdaddan, etiqaddan gələn bu vərdişləri xatırlatsın, onların mənəvi-əxlaqi yaddaşına ovqat ötürsün...
Cənuba gedə-getdə qapıya, vidalaşmaya Səlimə xala, Vəsixanım da gəlib çıxır... Deyim ki, əsərdə bu anlar, təsvir təhkiyəsindəki danışıq, ünsiyyət, səmimiyyət, qonşuluq hissləri, münasibətləri, qohumluq bağları kifayət qədər təbii verilib, müəllifin öz mənindən, ruhunun öz saflığından qidalanıb. Onun öyüd-nəsihət, öyrətmə, yaddaş səciyyəsini vurğulayıb, həyat-məişət tərzinin təbii psixoloji ovqatını kodlaşdırıb.
Ağaqardaş – romana yeni daxil olan bu surət elə Buludun özüdür, Qumru ananın qaynıdır. Həlimənin əmilərindən biridir... Vəsixanım ona vurulub. Vurulubmu?.. Vəsixanımgil Şamaxı zəlzələsi baş verəndə Bakıya yerləşiblər. O, tikiş fabrikinə işə girib. Hər səhər yolda Ağaqardaşla üz-üzə gəlir, ona meyli yaranıb. Sərbəst qadındır. Ağaqardaş arvad-uşaqlı ola-ola ona meyil göstərir. Niyə? Çünki Leyla və qızı Səkinə Arazın o tayındadır. Ağıllı, həyalı, qayğıkeş, ailəcanlı Leyla və uşağı...
Bulud Cənuba, kəndləri Pətəxora qayıtmaq fikrində deyil... Ağaqardaşın vəzifəsi, işi, gücü, hörməti... Anası da (Həlimənin nənəsi) onların Pətəxora gəlməsini istəyir. Üstəlik Tumgöz Fərruxdan əkin yeri də alınıb. Əkib-biçmək lazımdır... Bulud Aran rayonunda zavodların birinə direktor olmağa hazırlaşır...
Ağaqardaş ailəsini yanına gətirə bilmir, ona görə ki, Leylanın anasının Pətəxorda xeyli torpaq yeri qalıb, onu Leyla yiyəsiz qoya bilməzdi.
Əslində elə əsil həqiqət budursa, digər isə Vəsixanım məsələsidir... Yəni normal ailə-məişətə, mənəvi-psixoloji adətlərə, şüuraltı qatlara, xəyala, yaddaşa edilən yabançı hissi meyillərə, mühitin ağla, iradəyə göstərə bildiyi təsirlərə yazıçı etirazıdır, bir məqama psixoloji təpkisidir, – normal milli-patriarxal əxlaqa psixoloji basqı yaraşmaz, - mənəviyyatsızlıqdır.Vəsixanımın bu qeyri-etik davranışına etirazdır. Oxucunu yabançı təsirlərdən uzaq olmağa psixoloji-hissi çağırışıdır...
Əsərin bir psixoloji halı, ovqatı da insan münasibətlərindəki artıq-əksik rəftarın ifadəsi, təsvir və təhkiyəyə gətirilməsidir.
Lirik-psixoloji “mən”in, – Həlimənin Ziynət nənəsinin ortancıl oğlu Səməddir, nənəsi onunla qalır. Nənə isə əmiarvadı Badamla yola gedə, onunla dil tapa bilmir. “Acıdil, tamahkarlığı ilə ad çıxaran Badam xala yerli-yersiz öz hikkəsini yeridir, evə tez-tez dava salır, aylarla gah əmimi, gah da nənəmi danışdırmırdı”...
Romanda nəhayət ki, Bulud əmisi Həliməni qardaşının və onun ailəsini Ənzəliyə gedən gəmi ilə Cənubi Azərbaycana yola salır...
Əsərdə əsasən üçüncü şəxsin təki və cəminə aid olan müəllif –lirik “mən” təhkiyəsi birinci şəxsin təki və cəminə doğru axarlanır. Nəqletmə təhkiyəsi daha artıq ahəng və intonasiya əxz edir. Lirik “mən” Ənzəlidən Ərdəbilə doğru yola düşür... Pətəxor kəndi Ərdəbildə yerləşir... Lirik “mən” –Həlimə Ərdəbildən Pətəxora getməlidir...
Mənzər Niyarlının romanı şüuraltını oyadır, tarixi keçmişimizi yaddaşımıza qaytarır, gəncliyi öyrədir, əxlaqi vərdişlərimizi səsləndirir. Belə etibarsız adamla danışıq kəsmə, yaxşı ad çıxarmayanla haqq-hesab etmə. Tumgöz Fərruxun əkin yerinin alınmasını anamdan eşidən nənəm tutulur, nənəmin, deyəsən, elə Tumgöz Fərruxdan gözü su içməmişdi torpaq alqı-satqısı vaxtı. Tumgöz Fərrux kənddə yaxşı ad çıxarmamışdı, tamahkarlığını deyirdilər. Torpağı da Buluda baha qiymətə satmış, sonra da həmin torpaqda gözü qalmışdı... İndi Tumgöz Fərrux qazının köməyi ilə satdığı torpağı geri qaytarırdı. Bu olayların təsvirləri detallıdır. Tumgöz Fərrux bir qoçla qazını ələ alıb, işini etibarlı tutub.
Badam xala, lirik “mən”in əmidostusu – onların kəndə, Pətəxora köçməyindən narazıdır. Səməd əmi, yoldaşı Badam xala isə artıq Ərdəbildədir. Mələyin xınayaxtısında iştirak edirlər... Səməd arvadının xasiyyətindən isə çəkinir...
Leyla – Ağaqardaşın (Buludun) arvadı Cənubda yaşayır, Arazın o tayında. Ağaqardaş isə Şimalda– Arazın bu tayındadır. Leylanın da öz problemi var. Bu taya – Ağaqardaşın yanına qayıdarsa, həmişəlikmi qayıdacaq? “Bir yanda anası, o biri yandan əkin yeri. Əgər Şurəviyə – ərinin yanına getsəydi, onları kimə tapşıracaqdı”...
Əsərdə təbiət təsvirləri, təbii detallar, realilər diqqətçəkəndir. Belə məqamlar romanda nəyə xidmət edib? Lirik “mən”: “Kəndimizin yaz ayları gözəl olurdu. Yazın axırı – may ayında qırmızı lalələr, gül-çiçəklər xalı kimi yamaclara səpələnərdi. Atam bizi Bakıya aparanda balacaydım. Kənd yaddaşımdan çıxsa da, bibimin məni qucağına alıb kəndin ortasıyla ilan kimi qıvrıla-qıvrıla axan çayın qırağına düşməyi, gül dərməyi yadımdaydı. Bir də həyətimizdəki ağappaq, şipşirin, şirəli tutu olan ağacımızı unutmamışdım. Nənəm hər il tut çırpdırıb, mis qazanda doşab bişirər, bizim də payımızı göndərərdi. Anam doşabı boğazımız ağrıyanda bizə içirdərdi. Xəşil bişirəndə isə üstünə nehrə yağı ilə doşab töküb yeyərdik”. Deməli, təbiət həyatımızın içindən keçən, mənəviyyatımızda dayanan, yaddaşımıza köklənən məkandır,– yaşamaq, ruhlu qalmaq mənbəyi, təmasdır, ovqatdır. Hər şeydir...
Həlimə Ərdəbildən artıq kəndlərinə doğru hərəkətdədir, Pətəxordadır. Kəndlərini, doğma evlərini, əzizlərini çətinliklə tapıb. Doğmalarından isə az adam qalıb...
Mələk “mən”in– Həlimənin bibisidir. Nişan onun üçündür.“Bibim həyət-bacaya göz gəzdirirdi. Məni görüb gülümsündü: – Niyə tez durdun, Həlim? – soruşdu.
–Yuxum gəlmir, bibi.
Bibim məni qucaqlayıb üzümdən öpdü. Sonra təzə-təzə yarpaq açmaq istəyən tut ağacına baxdı.
–Az qalıb. Havalar istiləşsin. Çoxlu tut yeyəcəyik.
Mələk bibim də mənim kimi şirin meyvələri xoşlayırdı. – Bax alça, ərik ağaclarımız gül açıb. – Ağacların budaqlarına elə bil qar dənəcikləri qonmuşdu. Elə gözəl görünürdü ki”...
Beləcə, xoş ovqat, həlim, munis danışıq, ünsiyyət, xatirat şirinliyi, kövrəkliyi, detallı lövhələr, idillik, müdaxiləli təbiət təsvirləri, etnoqrafik detallar əsər üçün səciyyəvidir. Bu da bir etnoqrafik, deyim realisinin yığcam ifadəsi: “Anam çörək bişirmək üçün təndirə təzək qalayıb, xəmirin acımasını gözləyirdi. Badam xala isə həyətimizin aşağı tərəfində hindən çıxıb həyətə tökülüşən toyuq-cücələrə dən səpirdi. Atamla əmim görünmürdülər. Belinə qalınça bağlayıb, ləçəyinin üstündən qara, yun şalını örtüb, uclarını boynuna dolayan nənəmin inək sağdığını gördüm. Nənəm uzaqdan məni görüb əliynən çağırdı.
– Gəl, ay Həlim, bəri gəl. – Qaça-qaça yanına getdim. Nənəm süd dolu sərinci mənə verdi: –Apar ver bibinə. Mis qazanımız var ha, ona töküb bişirsin. İndi mən də gəlirəm,– dedi”.
Romandakı lirik “mən”, təhkiyəçi Həlimdir, yəni Həlimə. O, o taylı-bu taylı Azərbaycanı yaddaşının xatirələrindən keçirən, uşaqlıq yaddaşını oyadan, birinci sinifəcən Cənubda yaşayıb ailə ilə Şimala, şurəviyə gəlməyə məcbur qalan uşaqdır...Yəni müəllif təhkiyəçisi– yazıçı Mənzər Niyarlının özüdür.
Əsərdə süjet sadədir, – o tayın, bu tayın bəzi mətləbləri təsvir və təhkiyəyə gətirilib. Fəqət məsələ bunda deyil. Məsələ mətn-süjet xətti boyunca mühüm olan psixologiyada, etnoqrafiyada, romantik-şairanə reallıqda, xəyal və təxəyyülün münkəsirli ovqatında, təsvirin min bir halındadır. Vətənin doğurduğu ruhi ehtizaz... Memuar, xatirə, mənəvi-psixoloji hallar, təbiətlə, ətrafla, qohumlarla, adamlarla olan həsbi-haldır. Elə buna görə də lirik “mən” – Həlimə Həlimdir, yəni yazıçının motiv etdiyi həlimdir. Psixoloji ovqatın, istilik və səmimiyyətin nümunəsi, fərdin psixologizmi, yaşam tərzi ... Və s.
Süjet dinamik, artan gücdə, hərəkətli, təkamül halında deyil. Bəzən irəliyə, geriyə doğru təsvir və təhkiyə bizi çaşdırır. Gah Arazdan o tərəfə enirik, gah da bu tərəfə boylanırıq.
Bakı...İran... Ərdəbil... Pətəxor...
Həlimənin – Həlimin bibisi Mələklə görüşü, söhbətləri adət-ənənə, əxlaqi məziyyət, İran şahlıq rejimi, tədris üsulu barəsində –zəminlidir. İranda çadra rejimi... Təhsildə Quranın öyrədilməsi, müqəddəs kitabımızla olan dialoq, Mələyin– nişanlısı Rəsul barəsində bibisinin ona danışdıqları, adətən, bəzi köhnə əxlaqi vərdişlər (görmədən-tanımadan evləndirilmə və s.), təsvir-təhkiyə psixoloji ovqatdadır.
Əsərdə təbiət təsvirləri, Savalan dağının axan çayı, etnoqrafik koloritlər, realilər detalları ilə təqdim olunub. Müəllif subyekti epik nüvə üzərində təqdim olunub, lirik-psixoloji ovqat mətn boyuncadır.
Surətlərin dualı, arzulu, romantikalı, inamlı, ümidli, ovqatlı danışıq nitqi var. Bu, Həlimə ilə bibisi arasındakı dialoqda da duyumludur. Bu dialoqlarda Novruz bayramının bir çox adətlərinin təsviri verilib.
Əsərdə M.Niyarlı həm Şimala, həm də Cənuba onların həyat-məişət lövhələrindən panoram açıb. Bunlar bədii sujetdə önə və geriyə doğru keçidlərdə təzahür edib. Əsasən, Cənub da, Şimal da yaxın, oxşar adətlərin ifadəsidir. “Bibim qonşu qızlarla bayramlaşdıqdan sonra mənim əlimdən tutub çaya yaxınlaşdı. Xınalı əllərimizi yuduq. Bibimin dodağının altından pıçıldaya-pıçıldaya çaya nəsə dediyini gördüm. Bibim salavat çevirib mənə tərəf baxdı: –Həlim, sən də arzunu çaya söylə. Bu əziz gündə nə arzulasan, hamısı yerinə yetirilər, – dedi”.
Rəsul lirik “mən”in, Həlimənin bibisi– Mələyin nişanlısıdır. Rəsul yol üstündə ona rast gəlib, bir-birini seviblər. Rəsul daim at üstündə olub.
Roman müəllifi vətən arasında parçalanmanın, ayrılmanın təsvirini də konkret detallarla verib. Əyani. “Axşam Səməd əmim Ərdəbildən gəldi. Onun dediyi xəbərdən hamı donub qaldı. Şurəvidə baş verən hadisələrdən biri də bu idi ki, ordakı əhalinin sənədlərinin yoxlanışı gedir. Kim İranda anadan olubsa və kimliyində (sənədində) İran vətəndaşı yazılıbsa, onlar ailəli oldu-olmadı, uşaqları vardısa, yoxdursa, məcburən Ənzəli gəmisiylə keçid məntəqələrindən Cənubi Azərbaycana yola salınırdı. Səməd əmim yanıqlı-yanıqlı danışırdı: –Düz-yalan olmasın, Ənzəlidən bir gəmi adam düşürdülər. Binəvaların ikisi Ərdəbildəndi. Mən elə hazırlaşırdım evə gələm, Pətəxordan, bizim kənddən Əliş kişini gördüm. O bizim qonşu Cəfərlə birgə məni görüb üstümə atıldılar. Əliş kişi: – Ay Səməd, – dedi,– məni elə küçədən tutub gəmiyə atdılar. Gəmi gördüm ki, ləngiyir, uşaqların anasına xəbər göndərdim ki, məni aparırlar. Dedim, bəs külfətin hanı? Dedi, harda olacaq, qardaş, qaldılar. Arvadım Bəkilin qızıdı. Dədəsi, nənəsi, qardaşları var. Heç bir saat çəkmədi ki, arvad özünü çatdırdı. Dedim uşaqları gətir gedək. Yazıq arvad duruxdu, bilmədi nə desin. – Dişimizlə, dırnağımızla ev-eşik düzəltmişik, bunları qoyub nə təhər gedək, – dedi. – Uşağın biri məktəbə, o birisi anamın yanında. Onları necə gətirim. Uşaqlarsız da qoşulum necə gedim sənnən. Hamısını, – evimi, eşiyimi, külfətimi qoyub gəldim, yox e məcbur çıxartdılar məni Şurəvidən. İndi qalmışam başıma döyə-döyə. Bu zülmü kim götürər, ya Rəbbim. Başıma nə çarə qılem, – kişi zülüm-zülüm ağlayırdı, yollarım bağlı qalacaq, deyirdi, babalarımı, külfətimi bir də görə biləcəyəmmi?”
Həlimənin atası payız günlərinin birində gecə ikən ailəsini arabaya mindirib Pətəxordan çıxmışdı. Gizlicə Astara çayını qayıqla keçib Şurəviyə gəlmişdilər. Həmin gündən aran yeri olan qəsəbənin birində məşkunlaşmışdılar. Buludun direktor olduğu zavod qəsəbəsinə, malakanların içinə gəlmişdilər. “Qəsəbənin adamları köhnə qara-qura paltarlarını geyinib mazutlu əlləriylə bir-birinə sarılmış məftilləri açaraq qamışdan “mat” (həsir) toxuyurdular. Bu həsirləri neft çıxan şəhərlərə göndərirdilər ki, buruqları küləkdən qorusunlar”. Malakanlar Nikolay vaxtı Rusiyadan sürgün olunanlardan idilər. Həlimənin atası əkin-biçinə bağlı olsa da, burada çayçılıq edir, alışa bilməsə də bir təhər dözürdü. Balaca Həliməsini gətirib uçuq-sökük məktəbin II sinfinə qoyur. Əmisi burda sakinlər üçün 2-3 otaqlı baraklar tikdirirdi.
Müəllif əsərdə detalı, koloriti, hadisə və əhvalatı, ictimai şəraiti təbii əks etdirmək üçün xeyli adam adı çəkib, hərəsi bir fikrə, düşüncəyə xidmət edib. Onlardan biri də Minəpüstədir. O, kimsəsiz bir qadındır. Bulud bu kimsəsiz qoca qarıya un, şəkər, yağ alıb verir. Xeyirxah adamdır. Bulud (Ağaqardaş) Ərdəbildə arvadı Leyla və uşaqları olmasına baxmayaraq, Vəsixanım adlı birisinin təsirinə qapanır, bu təsirdən qaça bilmir, məişət münasibətlərində çətin hallara düşür.
Əsərdə yurd həsrətinin ifadəsi də təsirlidir. Lirik “mən”in– Həlimənin anası Minəpüstə xalaya yurd həsrətindən danışır: “– Ay Minəpüstə xala, sən axı hardan biləsən yurd həsrəti nə deməkdir. Bura da Vətənimdi, ancaq insana doğulduğu yer daha şirin görünür. Mən orda nənəmi, dayılarımı, istəkli qayınanamı qoyub gəlmişəm. 13 yaşımdan mən ər evindəyəm, ağlım kəsəndən onları görmüşəm, sora yurdum, sənə deyim, Mələk kimi baldızım, qayınlarım qalıb orda. Mənim bağrım çatlar da, hamısı da mənim xətrimi istəyərdilər. Burda bircə qohumum Ağaqardaşdı. Gəlin gələndən ona “Ağaqardaş” deyirəm. Ağaqardaşın da üzünü az-az görürük. Bir ayağı burdadı, o biri ayağı da şəhərdə”. Bulud (Ağaqardaş) Vəsixanımı bura özüylə gətirib.
Həlimə atası Əhməd Süleymanzadədən də danışır. Cənubda qalan ana, ata, bacı, qardaş həsrəti, mənəvi-psixoloji ağrılar, üstəlik qəriblik (1937) Həliməni bir faciə ilə də üzləşdirir. Atasını İran casusu kimi həbs edirlər. “Onun sərhədi gizli yolla keçməyini kimsə bilmiş və lazımi yerə xəbər vermişdi. Həmin il repressiyanın tuthatut vaxtı idi. Heçnədən ən təmiz, namuslu adamları məhkəməsiz güllələyir, ya da Rusiyanın soyuq, gedər-gəlməz yerlərinə – Sibirə sürgün edirdilər. Atamı evdən aparanda qış öz sərt günlərini yaşayırdı”.
Mənzər xanım əsərində bütün bu prosesin detallarını konkret göstərib. Əhməd Bayıl həbsxanasına salınır. İki həftə sonra Sibirə sürgün olunur. Buludu NKVD-yə çağırıb sorğu-sual edirlər, sonra buraxırlar... 8 il Əhməd Süleymanzadədən xəbər çıxmır. Həlimənin əmisi Bulud isə bütün çətinliklərə baxmayaraq, uşaqdan böyüyə hamını ətrafına toplayır, onları aclıqdan, xəstəlikdən qurtarır.
Həlimə Pətəxorda Quranı oxuya bilmək üçün əski əlifbanı öyrənmişdisə, burada latın əlifbası ilə ədəbiyyat, hesab, kimya, fizika dərslərini keçirdi. Əmisi istəyirdi ki, o, oxusun, şəhərə getsin, lakin şəhərə getmək məsələsi araya gələndə arvadı Vəsixanım gəlib dururdu gözləri qabağında. Bilirdi ki, uşaq burda, yanında qalsa, arvadı onunla yola getməyəcək. Anası isə təklik qorxusundan qızının oxumasını istəmirdi.
Həlimənin arzuları var. Hələ ki atasından xəbər yoxdur. Atası qayıdan kimi yəqin ki onlar şəhərə köçəcək, əmisinin dediyinə görə onlara təzə ev veriləcək, İçərişəhərdəki evlərində isə Həliməgil yaşamalı olacaqlar.
Həlimənin söylədiklərindən məlum olur ki, şəhərdən qəsəbəyə cavan bir oğlan gəlib, əmisinə müavin göndərilib. Bu, yaraşıqlı, gənc Kamal Yusifzadədir. O, Həliməyə elçi düşür. Evlənirlər. Qaynanası Ədilə xala ilə şəhərdə rahat yaşayırlar.
Əhməd Süleymanzadə –Həlimənin atası saçları ağappaq ağarmış, üzünü qırış basmış, arıq, köhnə, nimdaş paltarın içində Sibirdən qayıdır. Bu barədə isə heç vaxt, heç kimlə kəlmə kəsmir...Səhhətində isə ciddi problem yaranıb, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir.Bu da bizim Sibir olaylarımız.Tariximizin qan-qada yaddaşı...
Mənzər Niyarlı romanında Qarabağ savaşından da fraqmentlər verib. “Əli silahsız dinc azərbaycanlıların başına açdıqları faciələrlə yenidən üzləşdik. Torpaqlarımızın bir parçasını itirdik. Belə bir vaxtda vətənimin yarısı öz müstəqilliyini əldə etdi. Ancaq biz Qarabağsız ürəkdən sevinə bilmədik”.
Müstəqilliyimizin verdiyi imkanlar Vətəndən-Vətənə– Cənuba doğru yol açırdı. Kamal səhərin gözü açılmamış xidməti maşınıyla Həliməni – həyat yoldaşını turist avtobusu “İkarusa” əyləşdirir...Həlimə: “–Artıq Cənubdayıq. Avtobusdan düşüb ayağımı torpağa qoyanda qəhər məni boğdu. Burdan çıxıb getməyimiz gözümün qabağında canlanır. Atam bizi kənddən çıxaranda mən doluxsunub qalmışdım. Ürəyim çırpınırdı, ağlayırdım...Uşaq olsam da, bilirdim ki, bizi getdiyimiz yolda təhlükə gözləyir. İndi isə gözümdəki yaş sevinc yaşı idi. Gözlərim torlaşmışdı. Yan-yörəmdə şütüyən maşınlara, avtobuslara, gəldiyim yerdə başları, qolları açıq qadınlardan fərqli olaraq indi bu tayda, ata yurdumda başıbağlı, çadralı qadınlara döyükə-döyükə baxırdım...”. İndi daha Şurəvi yox, Müstəqil Azərbaycan ölkəsi var idi.
Həlimə maşını Pətəxora sürdürür. Şəhriyarın məzarını ziyarət etməyi xəyalından keçirir. Nənəsi Zinyətin, babası Məşədi Hüseynin adını, evlərinin yerini nişan verə-verə “özününkülərə” qovuşmağa tələsir. Fəqət...
Həlimənin Pətəxorda qohum-əqrəbası qalmayıb. O, soraq edə-edə bibisi Mələyi tapır. Mələk Zinyətin qızıdır, 4 qardaşın bacısıdır, qardaşlarından biri də Əhməddir. Həlimənin atası.
“Evdəkilərin hamısı başımıza yığışmışdı. – Həlim! Həlim, hardasan qızım! Mənim əzizgirami qardaşımın qızı.
Bibim əyilib baxışlarını üzümdə, gözümdə gəzdirir və göz yaşları üzünə süzülə-süzülə deyirdi: – Şükür, şükür, Həlim qızımızı, göyçək qızımızı gördüm. Mən də ağlayırdım. Bu günün həsrətilə yaşamırdımmı? İndi budur doğma torpağımdaydım, doğulduğum torpaqda və burda bircə təbərrik kimi bibim qalıb”.
Həlimi bibisinin böyük gəlini Lətifə, qızı Züleyxa, oğlu Məhəmməd qarşılayırdı, artıq Səməd əmisi, Abdulla əmisi də haqq dünyasına qovuşmuşdu. Hətta bibisi qızına Həlimənin adını vermişdi.
Həlimənin bibisi də çox çətin günlər yaşamışdı...
37-ci ilin repressiyasında elə bir ailə yox idi ki, Stalin rejiminin acısını çəkməsin. İndi də ermənilər Rusiyanın köməyi ilə Qarabağın işğalına başlamışdılar. Ermənilərin təkidi ilə Sovet Rusiyası ordunu 20 Yanvarda əhalimizin üstünə yeritdi. Dinc əhalini gülləbaran etdilər. Hakimiyyət davaları da bir tərəfdən, biri gedir, biri gəlirdi. Azəri Türkləri elə 1918-ci il hadisələrindənüzü bəri bolşeviklər tərəfindən qırıla-qırıla gəlirdi. Türk oğlu Nuru Paşa və Qafqaz İslam ordusu Bakıda su yerinə axan qanları dayandırmışdı. Türk qardaşlarımızın köməyi bizi mənfur ermənilərdən xilas etmişdi. Bütün bunları Həlim bibisinə və onun yaxınlarına danışırdı.
Əsərdəki sıx informasiyadan aydın olur ki, yazıçı ideoloji olaraq bütün bu olaylar barəsində təsvir və dialoqları mətnə daxil edib. Cənubla Şimal arasında körpü salmaq işini görmək istəyib.
Bibinin təhkiyəsindən isə məlum olur ki, Həlimənin Səməd əmisi Badamın israrıyla Tehrana köçüb orada dünyasını dəyişib. Leyla isə Buludu gözləyə-gözləyə Səkinəni böyüdüb və ərə verib, sonra da vəfat edib. Abdulla əmisi də Təbriz zindanına düşüb. Pişəvəri hərəkatına qoşulduğu üçün bibisinin yoldaşı Rəsul isə 7 il olar ki, dünyasını dəyişib. Qaynanası da o vaxtdan azara düşüb... Həlimə bibisi Mələklə babasının, nənəsinin, qohumlarının qəbrlərini ziyarət edir.
Həlimə məşhur Azərbaycan şairi nə Şəhriyar məqbərəsini, nə də Şeyx Səfi məqbərəsini ziyarət edə bilir. Həlimə geri, Şimala dönəndə isə bibisi barmağındakı üzüyü çıxarıb ona yadigar olaraq toy hədiyyəsi kimi barmağına keçirir.
Roman bu sözlərlə tamamlanır: “Bibimlə, doğmalarımla bir daha görüşüb taksiyə oturmaq istəyərəndə gözüm Savalan dağında ilişib qaldı, sonra əyilib yerə baxdım. Alagöz Xədicə güllü əl dəsmalını çıxardı, tələsik yerdən bir ovuc torpaq götürərək dəsmala büküb düyünlədi və mənə verdi: – Həlimə xala, o saat bildim nə istəyirsən, – Ağlaya-ağlaya gülümsədim: – Sağ ol, qızım, – deyib, torpağı çantama qoydum, təzədən bibimə, sonra Savalan dağına baxdım. –Bəlkə də bu bizim son görüşümüzdü. Görəsən, Sizi bir də görə biləcəyəmmi? Taksiyə oturdum. İcazəsiz burda qala bilməzdim. Doğulduğum yurd yerindən ancaq bir ovuc torpaq götürə bildim. Bu torpağı qoruya-qoruya, əzizləyə-əzizləyə Vətənimdən – Vətənimə aparacaqdım”.
Tanınmış yazıçı Mənzər Niyarlı göründüyü kimi əsər üçün düşündürücü bir sonluq tapıb, dağ və torpaq, zirvə, güc, əzəmət və məhəbbət, birlik, bütövlük rəmzlərini bir araya gətirə bilib, bütün hallarda vətənpərvərlik və vətəndaş duyğusunun bədii ifadəsini təsirli ifadə edə bilib...
Kitablar insan ruhunun müqəddəs yazılarıdır. “Vətəndən-Vətənə” kitabı da ruhumuzun, şüur və yaddaşımızın bütövlük məkanının bədii təcəssümüdür. Bütövləşən Azərbaycanımızın mənəvi məkan yaddaşıdır. İki Vətənin bütövlük rəmzi olan yazıçının psixoloji-mənəvi romanı, tale yazılarıdır. 44 günlük Zəfər bayramının müasirliyi, çağdaşlığıdır. Bütövləşən Vətənin həsrət və məhəbbət yanğısıdır.
Qarşıda yeni il gəlir. Yeni ilin yeni arzuları, yeni uğurları... Biz də oxucu olaraq nəcib sənətkarımız Mənzər Niyarlını səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, Mənzər xanım bundan sonra da öz oxucularını yeni-yeni əsərləri ilə sevindirəcəkdir.
Əlizadə ƏSGƏRLİ, filologiya elmləri doktoru