Logo

Müəllimlikdə GƏNC olanlar

02.02.2024 17:40 242 baxış
IMG

Aysu Məmmədli: “Özümə verdiyim bir söz var...”

Gəncdir, amma artıq regionun nüfuzlu müəllimlərindəndir Aysu Məmmədli. 2022-ci ildən işğaldan azad edilmiş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində müəllimdir: “Çox sevinirəm ki, Qarabağa qayıdışın başlanğıcı sayılan bu  kənddə Qarabağın gələcəyi olan nəslə, sabahın gənclərinə dərs deyən müəllimlər arasında mən də varam”.

Aysu Məmmədli 1994-cü ildə Bakı şəhərində doğulub. 2012-ci ildə Bakı şəhər Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Kollecinə qəbul olunub. “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsilini 2016-cı ildə tamamlayaraq müəllimlik üçün yarışa girib. 2016-2019-cu illərdə Bakı şəhərində müxtəlif məktəblərdə müddətli müqavilə ilə ibtidai sinif müəllimi işləyib. Nəhayət, 2022-ci ildə məsuliyyətli bir qərar verərək müəllimlik etmək üçün Cocuq Mərcanlıya gedib.

Aysu Məmmədlinin reallaşdıra bilmədiyi, amma planlaşdırdığı bir arzusu da var: “Müəyyən  səbəblərdən universitet təhsili ala bilmədim. Özümə verdiyim bir söz var, bir gün mütləq ali təhsil alacağam”.

Universitet tələbəsi ola bilməsə də, artıq fəal müəllim kimi tanınır. Yaxşı müəllim, vətənpərvər gənc olmağında payı olanlar isə, deyəsən çoxdur. İndi düşünəndə, müəllimliyə həvəs yaradan çox səbəblər tapır. Deyir, uşaqlıqdan ədəbiyyata, rəsmə, musiqiyə böyük həvəsi olub: “Atam  ədəbiyyatı sevirdi, şeirlər yazırdı. Elə mənə ana dili və ədəbiyyat fənnini tədris edən Ruslana müəllimin də üzərimdə əziyyəti, rolu az olmayıb. Hətta o, mənim ədəbiyyat müəllimi olmağımı istəyirdi”.

Amma qəhrəmanı başqadır: “Hələ orta məktəb illərində imzamı belə imzasına bənzətməyə çalışdığım müəllimim Səidə Kərimova müəllimlikdə ən böyük qəhrəmanımdır. Səidə müəllim V-VII siniflərdə sinif rəhbərimiz, eyni zamanda riyaziyyat müəllimim idi. Düşündükcə görürəm ki, həyatımda, yeniyetməlik çağımda onun yeri çox böyükdür. Ümid edirəm ki, onun kimi mən də öz şagirdlərimin həyatında iz qoymağı bacaracağam”.

Atası və Ruslana müəllimindən ədəbiyyatı sevməyi öyrəndi, Səidə müəlliminə görə riyaziyyatı sevdi. İndi ibtidai sinif müəllimi Aysu Məmmədli özündə Səidə müəllimin riyaziyyatçı, Ruslana müəllimin ədəbiyyatçı keyfiyyətini, atasının  qayğıkeşliyini birləşdirib: “İbtidai sinif müəllimi olmaq, balacalara dərs demək, məncə, daha çətindir, daha çox səbr tələb edir. Bununla belə, çox sevirəm balaca fidanlarımı”.

Rəşidə Orucəliyeva müəllim olmaq üçün gün sayır

Hələ tələbə olsa da, artıq müəllimlikdə özünü sınayıb. Rəşidə Orucəliyeva müəllim olmaq üçün gün sayır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində IV kurs tələbəsidir. Filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alır.

Müəllimliyə həvəs oyadan müəllim anası olub: “Anamın şagirdlərinə sevgisi, müəllimliyə həvəsi məndə də bu peşəyə maraq oyatdı”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin məzunu olan Rəşidə Orucəliyeva deyir ki, məktəbdə olduğu kimi, universitetdə də fərqlənənlərdəndir: “Universiteti fərqlənmə ilə bitirməyi hədəfləmişdim. Yüksək qiymətlərlə oxudum və hazırda ortalama balı ən yüksək olan tələbələrdən biriyəm.  Ötən semestr yüzdə-yüz nəticə göstərdim və “Heydər Əliyev adına təqaüd”ə layiq görüldüm. Bu semestri də eyni nəticə göstərəcəyimi düşünürəm. Hələlik 4 imtahan vermişəm və hamısı 100 baldır”.

II kurs tələbəsi ikən müəllimlik üçün ilk cəhdlərə başlayıb: “Kurslara müraciət edirdim. Müəllim olana qədər təcrübə toplamaq, ixtisasım üzrə püxtələşmək istəyirdim. Nəhayət, müsbət cavab aldım. Artıq şagirdlərin sevgisini qazanmağın xoşbəxtliyini hiss etməyə də başlamışam”.

Şagirdlərini sevsə də, hədəfləri başqadır. ADPU-nun magistrantı olacaq, amma bu, son olmayacaq. Magistratura  səviyyəsini də fərqlənmə ilə bitirib doktorant olmaq, sonra elə bu universitetin auditoriyalarında yüksəlmək istəyir.

Vəfa Babayeva yaxşı müəllim olmaq üçün çox çalışır

Vəfa Babayeva Bakı şəhəri Xətai rayonu İlham Məmmədov adina 261 nömrəli məktəb-liseydə riyaziyyat fənnini tədris edir.

1990-cı il təvəllüdlü Vəfa müəllim özü də Bakı məktəblisi olub. Bakı şəhəri 13 nömrəli məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. 

Gənc müəllimi ADPU-nun Riyaziyyat fakültəsinə aparan səbəbə gəlincə, dediyinə görə, hər şey müəlliminə olan sevgisindən başlayıb: “Riyaziyyat müəllimim Alagöz Rəhimova mənə həm riyaziyyat fənnini, həm də müəllimliyi sevdirdi”.

Müəllimlikdə addımlamağa 2016-cı ildən başlayan gənc müəllim üçün müəllimlərin qiymətləndirilməsi imtahanları özünü fərq etdirmək, bacarıqlarını göstərmək üçün şans olub: “Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Ağsu rayon B.Nəsirov adına Dilman kənd tam orta məktəbində fəaliyyətə başladım. Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsinə uyğun olaraq, Bakı şəhəri C.Cabbarlı adına 187 nömrəli məktəbə təyin edildim. 2018-ci ilə kimi 187 nömrəli məktəbdə işlədim. Həmin il keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində riyaziyyat fənni üzrə mümkün olan ən yüksək nəticəni əldə etdim. 2019-cu ildə bu nəticə ilə yenidən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qatıldım və  iş yerimi Xətai rayonu İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyə dəyişdirdim”.

Vəfa Babayeva yaxşı müəllim olmaq, bütün üstün keyfiyyətləri özündə birləşdirə bilmək üçün çox çalışır: “Müəllim daim özünü inkişaf etdirməlidir. Bu günə qədər çox təlimlərə qatılmışam”.

V.Babayeva öz ixtisası üzrə olan hər bir yenilikdən vaxtında xəbər tutur, hər yeni prosesə qatılır, özünü sınamaqdan çəkinmir: “Riyaziyyat fənnindən başqa, 261 nömrəli məktəb-liseydə “Rəqəmsal Bacarıqlar” layihəsində də iştirak edirəm”.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti