Logo

Uşaqları valideyn, yoxsa məktəb tərbiyələndirməlidir?

03.02.2024 14:30 324 baxış
IMG

Konstitusiyamızın 17-ci maddəsində qeyd olunur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Bu gün cəmiyyətdə uşaqların, yeniyetmələrin tərbiyəsi ilə bağlı müzakirələrdə fikir ayrılıqları həm valideynlərin, ailələrin, həm də təhsil müəssisələrinin bu işdə rolunu gündəmə gətirir. Təəssüf ki, bir çox hallarda valideynlər məhz bu məsələdə öhdəliklərini daha çox məktəbə, müəllimlərə yönəldirlər, əsas tərbiyələndirici mühit kimi məktəbin bu işdə məsul olduğunu bildirirlər.

Uşağımızın tərbiyəsi niyə özündən əzizdir?

Uşağın tərbiyəsi onun gələcəyini əhəmiyyətli dərəcədə formalaşdıran mürəkkəb və çoxşaxəli prosesdir. Məktəblər təhsildə və sosial inkişafda həlledici rol oynasa da, valideynlər uşağın həyatında əsas təsir göstərənlərdir. Türkiyənin tanınmış pedaqoqu Adəm Günəş valideyn – övlad münasibətlərində tərbiyənin üsulunu və yanaşmasını uşaqların yaş qruplarına görə təsnifatlaşdırır, xüsusən də müasir texnologiyanın təsirlərinə məruz qalan uşaqlarla tərbiyədə nələrə diqqət yetirməli olduğumuzu çox gözəl izah edir.

(https://www.youtube.com/watch?v=gtt4DDWqoTs&t=143s  )

Valideynlərin təsiri

Əlbəttə ki, valideynlər uşağın həyatında ilk və ən təsirli şəxsiyyətlərdir. Körpələr doğulduğu andan onlarla dərin emosional bağlar qurur, onların emosional və sosial rifahının əsasını qoyurlar.  Əgər valideyn övladına erkən yaşlardan özü, evi, ailə üzvləri, doğmaları ilə yanaşı, ətraf mühitin, təbiətin, heyvanların, yaşlıların, köməyə ehtiyacı olan insanların qayğısına qalmağı, ictimai yerlərdə məhz özü rol model olaraq düzgün davranış sərgilməyi öyrədə bilmirsə, bunu uşağın təhsil alacağı illərə ertələyirsə, o zaman məktəbə necə və hansı tərbiyədə uşaq göndərdiyinin fərqində olmalıdır.

Biz övladımızla birgə yolu keçəndə yol hərəkəti qaydalarına düzgün riayət edirikmi; yaşlı adamın əlindəki ağır yükə kömək edirkmi; küçə heyvanlarına yemək veririkmi; evdən atdığımız tullantıları plastik, kağız, şüşə, qarışıq olaraq çeşidləyib atırıqmı; insanları sevməyi, mərhəməti öyrədirikmi?! Bunları edə bilmiriksə, biz hələ valideyn olaraq özümüzü sorğulamlıyıq, sonra məktəbdən, müəllimlərdən tələbimizi, istəklərimizi artıra bilərik.

Çünki sonradan valideynlərin rolu emosional sahədən kənara çıxır və intellektual inkişafı əhatə edir.

Valideyn və məktəb işbirliyi

Valideynlər təməl dəstəyi təmin edərkən, məktəblər uşaqların akademik və sosial inkişafında mühüm rol oynayır. Həm valideynlər, həm də məktəblər uşağın inkişafına əhəmiyyətli töhfə versələr də, hər biri özünəməxsus güclü və məhdudiyyətləri olan müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

Araşdırmalar göstərir ki, valideynlərin övladlarının təhsilində yaxından iştirakları akademik nəticələrin yaxşılaşmasına səbəb olur.

Valideynlərin iştirakı ilə bağlı 448 müstəqil araşdırmanın 2019-cu ildə Amerika Psixoloji Assosiasiyasının icmalına əsasən, valideynlər övladlarının təhsilinə cəlb olunduqda şagirdlər daha yüksək akademik nailiyyətlər, məktəbə bağlılıq və motivasiya nümayiş etdirirlər. ( https://psycnet.apa.org/manuscript/2019-38879-001.pdf )

Milli Savadlılıq Fondunun (National literacy Trust) bu tədqiqatında göstərilir ki, (https://files.eric.ed.gov/fulltext/ED496346.pdf ) valideynlərin oxu fəaliyyətinə cəlb edilməsi oxu nailiyyətlərinə, dili anlamaq və ifadəli dil bacarıqlarına, həmçinin şagirdlərin oxumağa marağına və münasibətinə, sinifdə diqqət səviyyəsinə müsbət təsir göstərir.

İcmalda qeyd edilir ki, valideynlər, məsələn, “Açıq qapı”lar günü kimi tədbirlərə qatılmaq və ya sinifdə könüllü olmaq yolu ilə məktəbə cəlb olunduqda, onlar faydalı məlumat, məktəb işçiləri (məsələn, müəllimlər) ilə əlaqə və ya uşaqların nailiyyətlərini artırmaq üçün strategiyalar təmin edə biləcək sosial bağlar qururlar.

Johns Hopkins Universitetinin Məktəb, Ailə və İcma Tərəfdaşlıqları Mərkəzinin tədqiqatçılarının 2005-ci ildə apardıqları araşdırma isə (https://www.tandfonline.com/doi/abs/10.3200/JOER.98.4.196-207)  göstərir ki, ailələri uşaqlarının evdə riyaziyyat öyrənməsini dəstəkləməyə təşviq edən məktəb təcrübələri, standartlaşdırılmış riyaziyyat üzrə bilik və ya daha yüksək bal toplamış tələbələrin daha yüksək faizinə gətirib çıxarır.

Bizdə valideyn-məktəb işbirliyinin ən örnək və bariz nümunəsini 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəbinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qruplarında görə bilərik. ( https://www.icmalayihesi.edu.az/ )

Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən icra olunur. Bu layihə çərçivəsində məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətləri həyata keçirilir, valideyn-icma-məktəb əməkdaşlığı yaradılır, məktəbəqədər təhsil qrupları vasitəsilə 3-4 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqları artırılır.

Təbii ki, ümumi təhsil müəssisələrində daimi olaraq valideynlərlə əməkdaşlıq, valideynin məktəb həyatında fəaliyyətini dəstəkləyən nümunəvi layihələr də həyata keçirilir. Buna misal olaraq, Bakı şəhəri 193 nömrəli məktəbdə  mütəmadi təşkil olunan “Valideynlər üçün yay məktəbi” , həftəsonları müxtəlif peşə sahibləri olan valideynlərin şagirdlərlə görüşü, onların peşələri ilə bağlı məlumatlar verməsi, təcrübələrini bölüşməsi məqsədilə həyata keçirilən “Ailəm  və məktəbim” layihəsini qeyd edə bilərik.

Bizim hər zaman eşitdiyimiz bir deyim var: “Uşaq evin güzgüsüdür”. Həqiqətən də biz övladımızın tərbiyəsi ilə bağlı narahatlıq yaşayanda, elə o güzgüdə özümüzə də baxıb soruşmalıyıq: övladımızdan tələb etdiyimiz qədər tərbiyəliyikmi?!

Gülnarə İLHAM

Xəbər lenti