Logo

Naxçıvan əlyazmaları: Naxçıvan Muxtar Respublikası - 100

06.02.2024 17:51 328 baxış
IMG

Hər bir xalqın tarixi, mədəniyyəti, elmi, ədəbiyyatı, folkloru, dini, milli-mənəvi dəyərləri əlyazmalarda öz əksini tapır.

Unutmaq olmaz ki, əlyazmalar eyni zamanda arxiv materiallarıdır. Belə ki, bütün tarixi hadisələr də əlyazmalar vasitəsilə gələcək nəsillərə ötürülür. Alimlərin ixtiraları, filosofların fəlsəfi traktları, coğrafiyaşünasların risalələri, tarixçilərin səlnamələri, şairlərin külliyyatları, bir sözlə hər bir mənəvi-mədəni sərvətlər əlyazmalar vasitəsilə nəsildən-nəslə keçr. Əlyazmalar olmasa heç bir xalq nə ailmlərini, nə filosoflarını, nə qəhrəmanlarını, nə şairlərini tanımaz, adət-ənənələrindən, dini, milli-mənəvi dəyərlərindən xəbəri olmaz. Belə ki, öz kimliyini müəyyənləşdirə bilməz. Bu baxımdan əlyazmalar həqiqətən də olduqca zəngin xəzinədir, özü də elə bir xəzinə ki, bu xəzinənin işığını duymayan bir insanın mənəviyyatında mütləq çıxışı mümkün olmayan bir qaranlıq əmələ gələr.

Əslində isə xalqın məişətini, həyatını, dini, milli-mənəvi dəyərlərini, baş verən hadisələri, elm, sənət adamlarının külliyatını, yaradıcılığını zaman-zaman gələcəyə məhz əlyazmalar ötürmüşdür ki, bunların arasında Naxçıvana, onun tarixinə, elminə, coğrafiyasına, yaradıcı insanlarına aid olan əlyazmalar AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar institutunda və AMEA-nın Naxçıvan bölməsinin Əlyazmalar Fondunda qorunub saxlanılmaqdadır. M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda B-5182 şifrəli “Naxçıvan tarixi” adlı kiril, latın və ərəb qrafiki ilə Muxtar Respublikasının tarixini əks etdirən nadir əlyazma qorunub saxlanılmaqdadır. Lakin bununla da bitmir, Naxçıvan Bölməsinin Əlyazmalar Fondu bütün bu möhtəşəm, çox zəngin xəzinəni bir yerə toplayıb Azərbaycan xalqı üçün çox dəyərli “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabını nəşr etmişdir:

“Belə mədəni irsimizdən olan əlyazmaların toplanması istiqamətində gərgin fəaliyyət göstərən, filologiya üzrə elmləri doktoru Fərman Xəlilovun rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda ərsəyə gələn “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı əlyazmalarımızı uğurla elmi ictimaiyyətə təqdim edən qiymətli mənbədir.

Kitabın ilk bölməsi “Naxçıvan əlyazma və çap materiallarında” adlanır. Burada Məhəmmədtağı Sidqinin Naxçıvanın axundu Hacı Molla Məhəmməd Naxçıvaniyə yazdığı “Dilimiz və məktəbimiz” adlı məktubunun mətni, ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri – ayrı-ayrı kəndlərdə rast gəldiyi tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət nümunələri, pirlər, müqəddəs ocaqlar, kövşənlər, məskunlaşan tayfalar, əhalinin məşğuliyyəti, Bayatlar, Yəftənilər və Kiəngərlilər haqqındakı məlumatlar tədqiqatlar üçün istiqamət vermək baxımından da önəmlidir. Seyid Səbrinin 1926-cı ildə “Şərq qapısı” qəzetində dərc olunmuş “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsində asari-ətiqə kimi təqdim olunmuş məşhur “Qoç qəbiristanlığı”, “Çardağ” qəbiristanlığı, yaşı 1200-dən çox olan çinar ağacı, məşhur Came məscidi, Kilit kəndliləri və onların dilləri, Vənənd məscidi, Biləv kəndindəki qədim daş körpü və daş qala və sair Ordubad qəzasının tarixi abidələrlə zənginliyini və onların tədqiqinin planlaşdırılması zərurətini ortaya qoyur. Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolunda, xüsusilə diqqəti cəlb edən məqamlar cəmiyyətin mahiyyəti, məqsəd və vəzifələri barəsində və xüsusən də Bakıda çağırılacaq Türkoloji Qurultaya hazırlıq məqsədilə dinlənilən “Türk dilinin mənşəyi və tarixi inkişafı”, “Türk tayfalarının ibtidai tarixi və ibtidai dini təsəvvürləri”, “Türk dilinin bugünkü vəziyyəti”, professor A.A.Millerin “Qızılvəngin tədqiqi” kimi məruzələr, təqdim olunan suallar, ümumən, böyük maraq doğurur. “Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin, “Şərq qapısı” qəzetinin 100-cü yubiley nömrəsinin baş məqalələri, fondda mühafizə olunan qədim əlyazma, çap kitabları və müxtəlif sənədlərdə Naxçıvanla bağlı materiallar, həmçinin əlyazma və çap kitablarının naxçıvanlı müəllifləri, katibləri, sifarişçiləri, çap etdirənləri haqqında məlumatlar da ilk bölməyə daxil edilmişdir. Əlyazmalardan biri Naxçıvan şəhərində rus imperatoru II Nikolay Aleksandroviçin tacqoyma gününün qeyd edilməsi mərasimində M.Sidqinin etdiyi çıxışının əlyazmasıdır:

Cəhd qıl qoy zəmanədə bir ad,

Eyləsinlər səni bu ad ilə yad.

Aç bu əbnayi-millətə məktəb

Orda təhsil olunsun elm-ədəb – deyən Sidqi “Dilimiz və məktəbimiz” adlandırılan bu əlyazmanın mətnində millət balalarının ana dilində təhsil almasından, dilimizin saflaşdırılması və inkişaf etdirilməsindən, maarif və mədəniyyət işlərindən danışmış, Naxçıvan şəhərində, onun qəsəbə və kəndlərində yeni üsulda, ana dilində milli məktəblər açmaq istəyindən söz açmışdır. M.T.Sidqi çıxışında dilimizin çox korlanmasından, insanlarımızın mənasını bilmədən ərəb, fars, rus sözlərini yerli-yersiz işlətmələrindən təəssüflə söz açır. Müəllif dörd dilin sözlərindən istifadə edən iki müsəlmanın dilini konkret nümunələr gətirməklə bunu türk dili adlandırmağın qeyri-mümkünlüyündən danışılır: “Bu dil elə bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyrilib, rəngi Ərəbistanda vurulub, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkədə füruşa getməyib həmin bu səfahatda satılmaqdadır”.

Seyid Səbri (1896-1974) elmi və bədii yaradıcılıqla da məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxan bir ziyalı və yaradıcı şəxs olmuşdur. “Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri olan S.Səbri məqalələrini nəinki təkcə bu qəzetdə, həmçinin Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc etdirmişdir. Araşdırmalar nəticəsində S.Səbrinin “Şərq qapısı” qəzetinin 1925-1926-cı illərdəki nömrələrində “S.S.”, “Səbri”, “Seyid Səbri” imzaları ilə çap olunan xeyli məqaləsini aşkara çıxarılmışdır. Həmin illərdə işıq üzü görən “Darülmüəllimində”, “Axşam texnikumu lazımdır”, “Hansı vasitələrlə qəzetəmiz intişar tapar”, “Tazə həkim”, “İt boğuşdurmaq”, “Su işçilərinin yaxşılarından istifadə etməli”, “Oğurluq”, “Məhkəmədə”, “Kooperativ lazımdır”, “Bu gün” məqalələrinin əsas mövzusu maarif və mədəniyyətin təbliği, gerilik, xurafat və nadanlığın tənqidi, bəzi neqativ hallar və şəhər həyatı ilə bağlı problemlər olmuşdur.

Bu məqalələrin təhlili göstərir ki, o, fəal bir müxbir kimi öz dövrü üçün aktual məsələləri gündəmə gətirmiş və oxuculara təqdim edə bilmişdir. S.Səbrinin bizə çatan əlyazmalarının içərisində “Sözə baxmaq ədəbdəndir”, “Söhbət”, “Yapma-boyalı adətlər”, “Gözəl tədbirlər” kimi felyetonları da vardır. Əməlləri Naxçıvanda su qıtlığına gətirib çıxaran bacarıqsız məmurları, tüfeyliləri, milli toy ənənələrini pozub şənlik məclislərini “hərrac bazarına” çevirənləri tənqid atəşinə tutan bu felyetonlarının mövzusu, kompozisiya və süjeti, bədiilik səviyyəsi, ümumi və konkret faktlı olması, müəllifin ictimai fakt və hadisələri seçib mətnə daxil etməsi və onları müqayisələndirməsi, satirik və yumoristik gülüşdən istifadəsi göstərir ki, o, bu janrın tələblərini yaxşı bilmişdir.

AMEA Naxçıvan Bölməsinin təməli hesab edilən “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyəti 1925-ci ildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən aşkar edilən iclas protokollarından və Seyid Səbrinin “Şərq qapısı”nda dərc etdirdiyi bəzi məqalələrindən aydın olur ki, o da cəmiyyətin ən fəal üzvlərindən biri olmuşdur. S.Səbri burada əsas diqqətini üzvlərdən tələb olunan “xalq ədəbiyyatına, ölkənin yaşayışı, iqtisadi-ictimai üsuluna, asari-ətiqəyə, cümhuriyyətdə olan cürbəcür ləhcə və lüğətlərə dair məlumatları toplamağa” yönəltmiş, eyni zamanda Naxçıvanın “asari-ətiqəsini” və cəmiyyətin gördüyü işləri təbliğ etməyə səy göstərmişdir. “Quyulu dağ”, “Ordubad qəzasında asari-ətiqə”, “Tədqiq və Tətəbbö” Cəmiyyətində” adlı məqalələri onun bu istiqamətdə necə səmərəli fəaliyyət göstərməsini nümayiş etdirir. S.Səbri qurumun elmi-təşkilati işlərində də fəallıq göstərmişdir. Əlimizə gəlib çatan protokollardan məlum olur ki, 1925-1928-ci illərdə keçirilən 6, 7, 9 və 30-cu iclaslara katiblik etmək S.Səbriyə həvalə olunmuşdur. 2018-ci ildə “Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiya çap olunmuşdur. Monoqrafiyanın müəllifi ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.

Əlyazmalar İnsitutunda Mirheydərzadə M.B-nın. qələmə aldığı “Naxçıvan tarixi” səlnaməsi saxlanılır. Əlyazmada Naxçıvanın ərəb istilası dövründə, Monqol istilası dvründə, Hülaki xanın, Əmir Teymurun yürüşləri zamanında, Osmanlı və İran istilası dövründə, Naxçıvanın İran və Çar Rusiyası arasında tutduğu mövqe, eyni zamanda Naxçıvanda olan tayfalar, tarixi abidələr, naxçıvanlı şairlər ədiblər haqqında ətraflı məlumat verilir.

Bunu da qeyd edək ki, AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov Mirbağır Mirheydərzadəyə (1877-1956) “Fədakar ölkəşünas: Hacı Mirbağır Mirheydərzadə” adlı monoqrafiya həsr edib. Monoqrafiya “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunub. Əsərin “Mirbağır Mirheydərzadənin elmi yaradıcılığı” başlıqlı sonuncu fəslində vətənpərvər elm xadiminin təxminən 100 il bundan əvvəl ərsəyə gətirdiyi və uzun illər diqqətdən kənarda qalan “Naxçıvan tarixi” adlı monoqrafiyası ilk dəfə olaraq tədqiqata cəlb edilib. Bu fəsildə M.Mirheydərzadənin adı çəkilən monoqrafiyasında Naxçıvan bölgəsinin qədim dövrlərdən başlayaraq 1920-ci ilədək tarixi, etnoqrafiyası, maddi mədəniyyət nümunələri, epiqrafik abidələri, xalq adət-ənənələri ilə bağlı apardığı araşdırmalarının nəticələri sistemli şəkildə tədqiq olunaraq dəyərləndirilib.

“Ümumiyyətlə, əlyazma tarixinin yaranması bəşər tarixində hər hansı bir mədəniyyətin yaranması və inkişafı, yazının və onunla birlikdə əlyazma kitablarının yaranması ilə sıx bağlıdır. Dünyanın müxtəlif ölkələrində müxtəlif dövrlərdə meydana çıxan yazı və əlyazma kitablar elmin, maarifçiliyin, təhsilin yayılmasına, insan dühasının inkişafına təkan verən əsas qüvvəyə çevrildi. Kitablar mənəvi sərvətin və mədəni irsin dəyərli hissəsinə çevrilib. Bu baxımdan yuxarıda qeyd etdiyimiz mövzu dəyərli və dərin mənbələrdən xəbər verir.

NANAV Əlyazmalar İnstitutu Vatikanın məxfi arxiv və kitabxanalarında Azərbaycana aid 600-dən çox qədim əlyazma aşkar edilib. AMEA-dan AzərTac-a bildirmişlər ki, Vatikan kitabxanasında tapılan Azərbaycan əlyazmalarının bir hissəsi Bakıya gətirilmişdir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərov deyib. Onun sözlərinə görə, Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma tapılıb. Tapılan sənədlər arasında Nizami, Füzuli, Nəsiminin və digər böyük Azərbaycan şairlərinin, eləcə də orta əsr alimlərinin əlyazmaları var.

Yada salaq ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri, tarix elmləri doktoru Fərid Ələkbərli Vatikan arxivlərində və Vatikan Apostol Kitabxanasında araşdırmalar aparıb. F.Ələkbərli Vatikan Apostol Kitabxanasında 400-dən çox qədim əlyazma nüsxəsini tədqiq etdiyini, bunun nəticəsində orta əsrlər Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsərini aşkar etdiyini də bildirdi. Onun sözlərinə görə, bunlar Azərbaycan (türk), fars və ərəb dillərində orta əsrlərə aid orta əsrə aid əllyazma kitablarıdır.

Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalar zamanı Əbdül-Məcid Şirvani “Kitabi-Sixri”, Əbdül-Vəhhab Zəncani Əhməd bin Məhəmməd əl-Hilli, Cəlaləddin ət-Təbrizinin əlyazması, Əhməd bin Əbdül-Məcid Şirvaninin ərəb qrammatikası ilə bağlı əsərə dair şərhlər aşkar edilib. Məhəmməd bin Əli Şirvani, Əbdül-Abbas Əhməd bin Yusif əd-Diməşqi əl-Qaraman, İbrahim bin Əbdüssalam əl-Zəncani əl-İmam əl-Muazzəmin, Yusif bin Qorxmaz əl-Həmzevi əl-Hələbidən astrologiya ilə bağlı seçilmiş sitatlar”.

2005-ci ildən fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda 400-dən çox qədim çap kitabı və əlyazmalar mühafizə olunur. Bunlar elmin müxtəlif sahələrinə - tarix, dilçilik, ədəbiyyatşünaslıq, nücum, fiqh, məntiq, riyaziyyat, tibb, coğrafiya, həmçinin bədii ədəbiyyata aid qiymətli materiallardır. Fondda qorunan bu materialların 80-dən çoxu əlyazma, qalanı isə daşbasma üsulu ilə və elektrik mətbəəsində çap olunan kitablardır. Buradakı Qurani-Kərimin incə nəstəliq xətti ilə ərəbcə yazılmış bəzi ayələri və məşhur dua nümunələri toplanan çox kiçik formatlı əlyazma təxminən 500 il bundan əvvələ aiddir. Bundan başqa 1117 hicri-qəməridə (miladi 1705) müəllifi Abdulla Məhəmməd Nasiri olan 400 il bundan əvvəl yazılmış “Ehticac” adlı əlyazma (ərəbcədir) və 1224 hicri qəməridə (miladi 1824) çap olunan Hacı Molla Əbdülkərim ibn-Məhəmmədəli Xorasaninin “Ənisül-vaizin” kitabı (farscadır) fondda qorunan ən qədim əlyazma və çap kitabıdır. Birinci əlyazmada Əhlibeytlə Xilafət arasındakı münasibətlərdən, ikincisində isə imamların həyatından bəhs olunur. Fondda fars dilində 50-dək əlyazma, 130-dan çox çap kitabı mövcuddur. Məruzə boyu onları ümumi Ģəkildə -əlyazmalar adlandırmağı məqsədəuyğun hesab edirik. Əlyazmaların əksəriyyəti ―B, az qismi isə ―A, ―C və ―D formatındadır və nəstəliq xətti ilə yazılmışdır. Nəsx, süls xətti ilə yazılan əlyazmalar da vardır. Fonda daxil olan farsdilli əlyazmaların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən – Şərur, Sədərək, Kəngərli, Babək, Culfa, Ordubad, Şahbuz rayonlarının ərazilərindən toplanılmışdır. Bunların içərisində yazılma və çap edilmə tarixləri bəlli olanlar az deyil. Məsələn, Məhəmməd Bağır ibn-Məhəmmədtəqi Məclisi. ―Həqqül-yəqin – 1244=1827 (Əlyazmalar yanmır №2 (7), 2018 140)

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid Naxçıvan əlyazmalarının filoloji və mətnşünaslıq üzrə tədqiqi zamanı məlum olmuşdur ki, Məhəmməd Həsən Ordubadi öz dövrünün məşhur mütəfəkkiri və filosofu olmuşdur. Məhəmməd Həsən Ordubadinin “Astronomiya” adlı qiymətli xüsusi əlyazması müəyyən edilərək tədqiqata cəlb edilib. Əsərin qəməri təqvimi ilə 1282-ci ildə yazıldığı da məlum olub. Əsərin sonunda göstərilən tarixə əsasən, ehtimal etmək olar ki, M.G. Ordubadi 19-cu əsrin ortalarında və sonlarında, təxminən 1815-1865-cı illərdə yaşayıb yaratmışdır. O, alim və pedaqoq olmaqla dövrünün məşhur şəxsiyyətlərindən biri olub. M.G. Ordubadi Şərq dillərini öyrənmiş, bir sıra nəzəri elmlər ustaları ilə fikir mübadiləsi apara bilmişdir. İndiyədək ərəb dilində kursivlə yazılmış və 73 vərəqdən ibarət, ölçüsü 21x15,5 sm, mətn ölçüsü 14x8,5 sm olan əlyazma formasında yalnız bir əsər günümüzə qədər gəlib çatmışdır. Eyni zamanda, müəllifin astronomiya (səma və səma cisimləri) üzrə əsəri həm o dövr, həm də sonrakı dövrlər üçün böyük əhəmiyyət kəsb edir.

19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinə aid Naxçıvan əlyazmalarının tədqiqi zamanı məlum olmuşdur ki, o dövrün əlyazma mətnləri arasında tapılan digər qiymətli əsər maarifçi-müəllim Məhəmməd Tağı Sidqinin yazdığı kitabdır. 19 səhifədən ibarət olan əlyazma sadə damalı dəftər vərəqlərində, ərəb əlifbası ilə Azərbaycan dilində, Nəstəliq xətti ilə yazılmışdır.

Orijinalda göstərildiyi kimi əlyazmanın tarixini qeyd etmək istərdik: “Bütün şura nümayəndələrinə bildirmək istəyirəm ki, bu gün xristian hesablamalarına görə 1896-cı il mayın 14-ü və 13-cü gündür. Məktubda bəhs edilən mövzular məktəbimizin və pedaqoji fikrimizin inkişaf tarixini əks etdirən qiymətli mənbələrdir.

Bu Məhəmməd Tağı Sidqinin məktubudur. M.T.Sidqi 1898-ci ildə Naxçıvanın məşhur, hörmətli qazisi Axundu Molla Məhəmməd Naxçıvanın xatirəsinə abidə kimi verilmişdir. Tədqiqatlar nəticəsində tibb sahəsi üçün əhəmiyyətli olan XIX əsrin sonlarına aid daha bir əlyazma aşkar edilib. Bu əsər müsəlman təqvimi ilə (1880) 1302-ci ildə nəşr olunmuş “Böyük Karabuddin” əsəridir. Nüsxə 316 səhifədən ibarətdir, 24 bölmə, 61 fəsildən ibarətdir və fars dilində “Nəstəliq” dəsti ilə nəşr edilmişdir. Eyni zamanda, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin zənginləşməsinin bariz nümunəsi ola biləcək nadir əlyazma “Səhabad-dumu” (“Buludların göz yaşları”) əsəridir. Əsər qəməri təqvimi ilə (1874) 1295-ci ildə yazılmışdır. XIX əsrdə yaşamış Hacı Molla Məhəmməd haqqında əlyazmanın ikinci səhifəsində belə yazılır: “Müəllif qədim Naxçıvan şəhərinin məhəllələrindən birində anadan olmuş və müasirləri arasında Məhəmməd ibn kimi tanınmışdır. Məşhədi Baba Naxçıvan”.Əsərdə həm də insanlığa zidd olan xüsusiyyətlər, insan faktoru, zəka, eləcə də İslamı ləkələyə biləcək ədalətsiz, insana zidd hərəkətlər haqlı olaraq tənqid edilib.Müəllifin digər kitabları “Kəşkülü-Nur” (“Nur qədəhi”) 1312-ci il. k.(1892), “Dürrətül-Əbrar” (“Danışıqlı inci sözlər”) 1317 f. k.(1894), “Məzahir ən-Nur” (“Nurun göründüyü yer”) 1317 fol. k.(1896), “Qürrətül-Əbsar” (“Gözlərin nuru”) 1318 f-dan sonra. k.(1887) həm mahiyyətinə, həm də mənasına görə digər əlyazmalardan fərqlənir. Həmçinin XIX əsr əlyazmaları ilə bağlı Naxçıvanda aparılan tədqiqat işi Azərbaycanda, Yaxın və Orta Şərqdə ədəbi tənqidin yaranma tarixini, inkişafını öyrənmək baxımından çox maraqlı və dəyərlidir.

Bunu da qeyd edək ki, Məhəmməd Tağı Sidqi (1854-1903) mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir. Onun təşəbbüsü ilə "Tərbiyə" məktəbində A.S.Puşkinin anadan olmasının 100 illik yubileyi keçirilmiş (1899), bu münasibətlə Sidqi məruzə etmişdir (1914-cü ildə kitabça halında çapdan çıxmışdır). Sidqi publisistika sahəsində də fəaliyyət göstərmiş, "Tərcüman" (Baxçasaray), "Əxtər" (İstanbul), "Həblülmətin" (Kəlkətə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz) və s. qəzetlərlə yaxından əməkdaşlıq etmiş, ara-sıra məqalələr dərc etdirmişdir. Ana dilində "Çıraq" adlı qəzet çıxarmaq üçün təşəbbüs göstərmişdir..

M.T.Sidqi qızların təhsilinin, tərbiyəsinin zəruriliyindən danışmaqla kifayətlənməmiş, öz ideyalarını əməli olaraq həyata da keçirmişdir. O, 1896-cı ildə Naxçıvan qəzasında ilk dəfə olaraq müsəlman qız məktəbini açmağa nail olmuşdur. XIX əsrin sonunda Naxçıvan kimi ucqar bir bölgədə, dindar bir yerdə qızlar üçün məktəb açmaq böyük hünər idi. Şəhərin din xadimlərinin, molla və müctəhidlərin hücumlarına baxmayaraq Sidqi öz mütərəqqi fikirlərindən dönməmiş və qız məktəbinin açılmasına nail olmuşdur. Bu məktəbin açılmasında Naxçıvanın qabaqcıl maarifpərvərləri yaxın-dan kömək etmişlər. Sidqinin bu mütərəqqi fəaliyyəti Bakı maarifpərvər milyonçusu H.Z.Tağıyev tərəfindən təqdir edilmiş və o məktəbin inkişafı və fəaliyyəti üçün maddi yardımda bulunmuşdur.

Təsadüfi deyil ki, 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin “Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı nəşr olunub.

Ədəbiyyat İnstitutundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Sənətkarın elmi pasportu-27” seriyasında çap olunmuş kitabın elmi redaktoru filologiya elmləri doktoru professor Akif İmanlıdır. Kitabda böyük maarifçi şair, nasir, görkəmli pedaqoq və ilk məktəb dərslikləri yaratmış, dövrünün tanınmış xalq müəllimlərindən biri Məhəmməd Tağı Sidqinin (1854-1903) həyatı və yaradıcılığından bəhs edilir.

Kitab “Giriş”, “Məhəmməd Tağı Sidqinin həyatı”, “Yeni nəslin inkişafında rolu”, “Şeir yaradıcılığı”, “Nəsr əsərləri”, “Mətbuatla əlaqəsi”, “Pedaqoji görüşləri və dərslikləri”, “Elmə xidmət” və “Nəticə” bölmələrindən ibarətdir.

Elm və təhsil nəşriyyatında çap olunan kitabın üz qabığındakı şəkil 1902-ci ildə Naxçıvan şəhərində Qurbanəli Şərifzadə tərəfindən çəkilib.

Naxçıvan Əlyazmalar Fondunda qorunan, mühafizə olunan əlyazmalar mütəmadi olaraq araşdırmaya cəlb olunur və elmi ictimaiyyətə təqdim olunur.

Saadiyə XANLAROVA,

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fondların elmi uçotu və mühafizəsi şöbəsinin müdiri

Xəbər lenti